III Azərbaycan Milli Şəhərsalma Forumu (NUFA3) öz işini yekunlaşdırdı

Baş səhifə

Bakı. Trend:

Bu gün III Azərbaycan Milli Şəhərsalma Forumu (NUFA3) öz işini
başa çatdırdı.

Trend xəbər verir ki, forum
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura
Komitəsi və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən
birgə təşkil olunub və “İqlimədavamlı və sağlam şəhərlərə doğru:
regional tərəfdaşlıqlar və innovativ həllər” mövzusunu əhatə
edib.

Bu il Forum iki şəhərdə – Xankəndi və Bakıda keçirilib. Onlayın
və oflayn 1500-ə yaxın iştirakçı, o cümlədən 65 ölkədən 200-dən
artıq nümayəndəni bir araya gətirən tədbirdə hökumət nümayəndələri,
qardaşlaşmış şəhərlər, səfirlik və diplomatik nümayəndəliklər,
akademik institutlar və beynəlxalq təşkilatlar, özəl sektorlar,
vətəndaş cəmiyyətlərinin nümayəndələri və ekspertlər iştirak
ediblər. Forumun ümumi onlayn izlənmə sayı 1400-ə yaxın olub.

Tədbir çərçivəsində 10 panel sessiya təşkil edilib. Sessiyalar
zamanı dayanıqlı şəhərsalma, iqlim dəyişmələrinə uyğunlaşma,
inklüziv inkişaf və şəhərlərin bərpası kimi aktual məsələlər
müzakirə olunub. İştirakçılar mənzil təminatı, maliyyə və
innovasiya mexanizmləri, ərazi planlaşdırılması, rəqəmsallaşma,
mədəni irsin qorunması və sağlam şəhər icmaları sahələrində
qabaqcıl təcrübələri bölüşüblər.

Həmçinin Azərbaycanda post-münaqişə bərpası modelinə xüsusi
diqqət yetirilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında
həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri
“Building Back Better” (“Daha yaxşı bərpa”) prinsiplərinə
əsaslanaraq təhlükəsiz, dayanıqlı və yaşayış üçün əlverişli şəhər
mühitinin formalaşdırılmasına yönəlib.




Azərbaycan Gənclər Təşkilatları Milli Şurası (NAYORA) ilə birgə
“Gələcək Şəhərlərimiz üçün Gənclərin Birliyi” mövzusu altında
keçirilən tədbirdə gənclər dayanıqlı şəhərlərin gələcəyi, innovativ
yanaşmalar və gənclərin bu prosesdə fəal iştirakı barədə fikir
mübadiləsi aparıb.

Ayrıca bir sessiya mənzil məsələsinə həsr olunub. Bu mövzu
2026-cı ildə “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı
şəhərlər və yaşayış məskənləri” devizi altında Bakıda keçiriləcək
13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əsas konsepsiyası ilə
səsləşir.

Bağlanış tədbirində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin
sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev çıxış edərək
bildirib ki, NUFA3 şəhərlərin gələcəyi ilə bağlı milli, regional və
qlobal dialoqun gücləndirilməsində mühüm mərhələ oldu və Bakıda
keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna hazırlıq istiqamətində
əməkdaşlıqda yeni səhifə açdı.

Çıxışının sonunda Anar Quliyev Forumun ruhunu və məqsədini əks
etdirən simvolik mesajla iştirakçılara müraciət etdi:

“Birlikdə elə bir gələcək qura bilərik ki, hər şəhər iqlim
çağırışlarına davamlı, hər icma sağlam, hər bir insan isə bu şəhər
hekayəsinin ayrılmaz hissəsi olsun”.