Moped idarə etmək üçün sürücülük vəsiqəsinin tələb olunması hansı zərurətdən yarandı? – RƏY

Baş səhifə

Bakı.Trend:

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsinin tələb
olunması nəzərdə tutulur.

Bu, “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi haqqında
qanun layihəsində öz əksini tapıb.

Həmçinin Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsində keçirilən iclasda müzakirəyə çıxarılıb.

Moped sürücülərindən sürücülük vəsiqəsi tələbi yollarda hərəkət
axınına necə təsir edəcək?

Mövzu ilə bağlı Trend-ə açıqlama verən nəqliyat eksperti Elməddin
Muradlı bildirib ki, moped idarə etmək üçün sürücülük vəsiqəsinin
tələb olunması ilə bağlı məsələsinin konkretləşəcəyi bəlli idi.
Çünki moped sürücüləri dəfələrlə edilən xəbərdarlıqlara məhəl
qoymadılar, əksinə daha da şiddətli, kobud qayda pozuntularına yol
verdilər.

“Nəticə olaraq da aidiyyəti qurumlar bu istiqamətdə qanun
layihəsinin hazırlanmasını zəruri hesab etdilər. Burada üç əsas
variant var. Birincisi moped sürücülərinə sürücülük vəsiqəsinin
verilməsi, ikincisi mopedin dövlət qeydiyyatına alınmasıdır.
Nəhayət, üçüncü variant mopedə dövlət nömrə nişanının
verilməsidir”.

Ekspert qeyd edib ki, düşünürəm ki, sürücülük vəsiqəsi tələbi
olduqda moped sürücüləri daha kobud qayda pozuntularına yol
verməyəcəklər. Son illərin göstəricilərinə baxdıqda dəfələrlə
mopedin piyadalara xəsarət yetirməsi, hətta ölümünə səbəb olması
hallarının baş verməsi məlum olur.




E.Muradlı vurğulayıb ki, sosial şəbəkədələrdə mopedlərlə bağlı
müxtəlif xoşagəlməz, təhlükəli trendlərə də şahid oluruq. Moped
sürücülərinin əksəriyyəti küçələrdə şou-menliklə məşğuldurlar.

“Respublikanın hər yerindən moped və motosikllarla bağlı
şikayətlər gəlir. Mopedlərlə bağlı qanun qəbul edildikdə dövlət
qeydiyyatına alınma prosesi, vəsiqə üçün imtahan verilməsi kimi
məsələlərdən yayınmaq üçün bir çoxları mopedlərdən imtina
edəcəklər. Qanunauyğun davranan şəxslər isə tələblərə uyğunlaşaraq
yenə də mopeddən normal nəqliyyat vasitəsi kimi istifadə etməyə
cəhd göstərəcəklər”,-ekspert əlavə edib.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev açıqlamasında bildirib ki,
Azərbaycanda moped sürənlərin sayının ciddi artması ilə bərabər, bu
nəqliyyat vasitəsi sürücüləri haqqında şikayətlər də çoxalır. Məhz
bu şikayətlərin artması səbəbindən moped sürücülərinin hərəkətinin
nizama salınması məqsədilə sürücülük vəsiqəsi tələb olunmasına
zəmin yaranıb.

“Şəhərdə fərqli hərəkət iştirakçıları var. Bunlara piyada(sürəti
5km), mikromobillik-velosiped, skuter (sürəti 25km-dək),
moped(50-60 km və daha yuxarı) və digər nəqliyyat vasitələri
daxildir. Mopedlərdən həmçinin yükdaşımada da istifadə edilir”.

Ekspert vurğulayıb ki, həmin yük qabaritlərinin normadan daha
çox olması da yeni bir təhlükə yaradır. Yeni qaydalar həm sürücülük
vəsiqəsinin, həm də mopedlə daşınacaq yükün qabaritlərinin
formalaşması il bağlı tələbləri əhatə edir.

R.Ağamirzəyev əlavə edib ki, tələblərə əməl edənlər moped idarə
edə biləcəklər və bu da nizamlı hərəkətə səbəb olacaq.