
Bakı. Trend:
İsrail minatəmizləmə sahəsində Azərbaycanla təcrübəsini bölüşmək
imkanını nəzərdən keçirir.
Bunu Trend-ə
açıqlamasında İsrailin Azərbaycandakı səfiri Ronen Kraus
bildirib.
“Keçən həftə mən ilk dəfə Qarabağa səfər etdim, bizə minalanmış
və minalardan təmizlənmiş əraziləri göstərdilər. Minalərin yerli
əhalinin həyatına necə dağıdıcı təsir göstərdiyini öz gözlərimlə
gördüm. Həmin ərazilər təmizlənməli və təhlükəsiz hala
gətirilməlidir ki, günahsız insanların həlak olmasının qarşısı
alınsın. Bu, ciddi problemdir və onun həlli vacibdir. Səfir kimi
səlahiyyətlərim çərçivəsində İsrailin öz təcrübəsini bölüşə
biləcəyi əməkdaşlıq platformaları tapmağa çalışacağam, çünki bizim
də ölkəmizin bəzi bölgələrində mina problemi mövcuddur və biz
onların zərərsizləşdirilməsi istiqamətində fəal işləyirik. Ümid
edirəm ki, gələcəkdə bilik mübadiləsini və birgə fəaliyyəti inkişaf
etdirə biləcəyik ki, vətəndaşlarımızı bu təhlükədən qoruyaq”,- deyə
səfir qeyd edib.
Diplomat, həmçinin İsrail və Azərbaycanın enerji sektorunda da
fəal əməkdaşlıq etdiyini vurğulayıb.
“SOCAR “Tamar” layihəsində 10 faiz pay əldə edib və Aralıq
dənizində qaz hasilatında da iştirak edəcək. Ümid edirəm, bu
əməkdaşlığın inkişafı davamlı olacaq və İsrail ilə Azərbaycan
arasında enerji sahəsində əlaqələr daha da möhkəmlənəcək”, – deyə
Ronen Kraus bildirib.

