İKT sahəsində 10 milli standart layihəsi təsdiqlənəcək

Baş səhifə

Bakı. Trend:

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə 10 milli
standart layihəsi təsdiq ediləcək.

Trend xəbər
verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti yanında
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin
tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND)
tərəfindən təsis edilən “İnformasiya-kommunikasiya texnologiyaları”
standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 05) növbəti
iclasında müzakirə edilib.

İclasda AZSTAND-la yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, İnformasiya Kommunikasiya
Texnologiyaları Agentliyi, Azərbaycan Kibertəhlükəsizlik
Təşkilatları Assosiasiyası, Azərbaycan İnformasiya və Kommunikasiya
Texnologiyları Sənayesi Assosiasiyasi və “AzInTelecom” MMC-nin
nümayəndələri iştirak ediblər.




İclas zamanı 2025-ci il üzrə sözügedən Texniki Komitənin
Fəaliyyət Planına uyğun görülən işlər və həlli vacib məsələlər
müzakirə edilib. Sahə üzrə aktual hesab edilən 10 milli standart
layihəsinin təsdiq edilməsi barədə qərar qəbul edilib.

Həmçinin “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə
uyğunlaşdırılmasına dair 2023 – 2025-ci illər üçün Dövlət
Proqramı”nda Texniki Komitənin üzərinə düşən vəzifələr üzrə görülən
işlər nəzərdən keçirilib.