
Bakı. Trend:
Kənd Təsərrüfatı Nazirliyi və nazirliyin tabeliyində fəaliyyət
göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin birgə təşkilatçılığı,
Azərbaycan Arıçılar Assosiasiyasının tərəfdaşlığı ilə 18 oktyabr -9
noyabr tarixlərində 25-ci Yubiley Arıçılıq məhsullarının respublika
sərgi-satış yarmarkası keçirikəcək.
Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat
verilib.
Bildirilib ki, yarmarkada bu il 43 regiondan 280-dən çox fermer
iştirak edəcək. İştirakçılara yerlər fəaliyyət göstərdikləri
rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada ayrılıb.
Qeydiyyat prosesi 5-7 sentyabr tarixlərində bal.kendden.az portalı
üzərindən onlayn qaydada həyata keçirilib. Yarmarkaya yalnız
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 2025-ci il
sentyabrın 1-dək minimum 40 arı ailəsi ilə təsərrüfatını bəyan
etmiş fermerlərin müraciətləri qəbul edilib. Yarmarkada ümumilikdə
100 tondan çox bal və 15-dən artıq müxtəlif növ arıçılıq məhsulunun
satışa çıxarılması nəzərdə tutulur.
Satışa çıxarılan bütün məhsullar Azərbaycan Qida Təhlükəsizliyi
Agentliyi tərəfindən nümunə götürülərək laboratoriyada analiz
olunub. Keyfiyyət və qida təhlükəsizliyi standartlarına cavab
verməyən məhsullar satışa buraxılmayıb.
Yarmarkada bu il bir sıra yeniliklər də tətbiq olunacaq. “Aqrar
Tədarük və Təchizat” ASC tərəfindən fermerlərə satış zamanı
ödənişsiz qablaşdırma və brendləşmə dəstəyi göstəriləcək.
Arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası hər gün
saat 09:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski
küçəsi, 5 ünvanında “Gənclik” metro stansiyasının yaxınlığında
fəaliyyət göstərəcək.

