
Bakı. Trend:
Dəyişikliklərin əsas məqsədi son illərdə sürətlə artan mopedlər,
asma mühərrikli velosipedlər və kiçik elektrik nəqliyyat
vasitələrinin hüquqi statusunu müəyyənləşdirmək, onların qeydiyyatı
və idarə olunması qaydalarını qanunvericilik səviyyəsində
tənzimləməkdir.
Trend xəbər
verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli
parlamentin bugünkü plenar iclasında “Yol hərəkəti haqqında”
Qanunda dəyişiklik edilməsi barədə qanununun layihəsinin müzakirəsi
zamanı deyib.
Millət vəkili bildirib ki, uzun müddət bu nəqliyyat vasitələri
ilə bağlı hüquqi çərçivələr qanunvericilikdə dəqiq müəyyən
edilmədiyinə görə nə tam şəkildə mexaniki nəqliyyat vasitəsi, nə də
velosiped kimi qəbul olunurdu:
“Bu isə həm onların dövlət qeydiyyatı, həm də yol hərəkətində
iştirak qaydalarında müəyyən boşluqlar yaradırdı. Təklif olunan
dəyişikliklər həmin boşluqları aradan qaldırır, moped və oxşar
vasitələrin yol hərəkətində iştirakı üçün hüquqi əsas
formalaşdırır”.
Deputat bildirib ki, bu dəyişikliklər yol hərəkəti
təhlükəsizliyinin artırılmasına xidmət edir:
“Son illərdə xüsusilə paytaxtda və böyük şəhərlərdə moped və
elektrik skuterlərinin iştirakı ilə baş verən yol-nəqliyyat
hadisələrinin artması müşahidə olunur. Yeni tənzimləmələr bu
vasitələrin idarə olunması üçün yaş həddi, sürücülük vəsiqəsi
tələbi, texniki baxış və qeydiyyat mexanizmlərinin müəyyən
edilməsini nəzərdə tutur. Bu həm sürücülər, həm də digər yol
hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etməyə
yönəlib”.
Deputatın sözlərinə görə, digər mühüm məqam ondan ibarətdir ki,
bu dəyişikliklər konkret istiqamətin beynəlxalq təcrübəyə
uyğunlaşmasına xidmət edir:
“Avropa dövlətlərinin əksəriyyətində mopedlər və azgüclü
mühərrikli nəqliyyat vasitələri ayrıca kateqoriya kimi
qanunvericilikdə yer alır. Azərbaycan da bu istiqamətdə addım
ataraq nəqliyyat idarəçiliyinin və hüquqi tənzimləmələrin
beynəlxalq standartlara uyğunlaşdırılmasını təmin edir.
Dəyişikliklərin əhəmiyyəti həm də ondan ibarətdir ki, onlar
ekoloji baxımdan təmiz və enerji baxımından səmərəli nəqliyyat
vasitələrinin istifadəsini təşviq edir. Beləliklə, layihə təkcə
inzibati tənzimləmə məqsədi daşımır, həm də dövlətimizin “yaşıl
enerji” strategiyasına xidmət edir.
Dəyişikliklər bütövlükdə “Yol hərəkəti haqqında” Qanunun müasir
dövrün reallıqlarına uyğunlaşdırılması, yol hərəkətinin
təhlükəsizliyi və idarəetmənin keyfiyyətinin yüksəldilməsinin təmin
olunmasına xidmət edir. Bu isə öz növbəsində həm vətəndaşların
məsuliyyətli davranışını stimullaşdıracaq, həm də ictimai
təhlükəsizliyin səviyyəsini artıracaq.
İnanıram ki, bu layihənin qəbul edilməsi ölkəmizdə nəqliyyat
mədəniyyəti, qanunçuluq və təhlükəsizliyin yeni bir mərhələyə
keçidinə töhfə verəcək”, – deyə E.Mirzəbəyli qeyd edib.

