Azərbaycan təkcə regional lider deyil, həm də beynəlxalq proseslərin nüfuzlu iştirakçısıdır – Sahibə Qafarova

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyevin rəhbərliyi müasir dünya dövləti olan
Azərbaycanın qurulmasını təmin edib. Ötən 22 il ərzində ölkəmiz
sabitlik və inkişaf məkanına çevrilib. İndi Azərbaycan amili
regional təhlükəsizlik və iqtisadi əməkdaşlığın mühüm şərtidir.

Trend xəbər
verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin
bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Spiker xatırladıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsində
və antiterror əməliyyatında tarixi qələbələr qazanıb. Ərazi
bütövlüyümüzü və dövlət suverenliyimizi bərqərar edilib.

“Bu gün Azərbaycan Respublikası beynəlxalq platformalarda səsi
eşidilən, öz sözünü inamla söyləyən bir dövlətdir. Təkcə son yarım
ay ərzində baş vermiş beynəlxalq hadisələr də bir daha nümayiş
etdirdi ki, Azərbaycanın qlobal siyasi dialoq sistemində sanballı
yeri var.

Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin 7-ci Zirvə
toplantısında, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları
Şurasının 12-ci Zirvə görüşündə, MDB Dövlət Başçıları Şurasının
Zirvə görüşündə və Yaxın Şərq Sülh Sammitində iştirakı, həmin
tədbirlər çərçivəsində keçirdiyi görüşlər və apardığı danışıqlar
göstərdi ki, Azərbaycan təkcə regional lider deyil, həm də
beynəlxalq proseslərin nüfuzlu iştirakçısıdır.

Bu toplantılarda beynəlxalq və regional təhlükəsizlik,
energetika, dayanıqlı inkişaf, sülh və digər məsələlərlə bağlı
Azərbaycanın aydın və dəqiq mövqeyi ifadə olundu. Prezident İlham
Əliyev dövlət başçıları ilə açıq dialoqda hamını düşündürən
problemlərin ədalətli və beynəlxalq hüquqa əsaslanan çözüm
yollarını təklif etdi. Bütün bunlar bir daha sübut edir ki,
Azərbaycan regional və qlobal gündəliyin formalaşmasında önəmli rol
oynayan bir dövlətdir”, – deyə Sahibə Qafarova fikrini
tamamlayıb.