
Bakı. Trend:
Bir sıra gizir və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi
xidmətdə olmanın müddəti artırılır.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq
edilməsi barədə” Qanunda dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, gizirlər və miçmanlar üçün dinc
dövrdə həqiqi hərbi xidmətin müddəti təqvim hesabı ilə
5 ildir. Sonra bu müddət həqiqi hərbi xidmətdə
olmağın son yaş həddi çatanadək 5 il, yaxud
daha az müddətə uzadıla bilər.
Layihəyə əsasən, gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi
hərbi xidmətin müddəti təqvim hesabı ilə 5, hərbi
qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili
müəssisələrini, habelə xarici ölkələrin analoji orta ixtisas
təhsili müəssisələrini bitirmiş gizir və miçmanlar üçün isə
10 il olacaq. Sonra bu müddət tərəflərin razılığı
ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək hər dəfə
5 ilədək müddətə uzadılacaq.
Mövcud qanunvericiliyə əsasən, azı tam orta təhsilli və bir il
hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, hərbi qulluqçu
hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini
bitirmiş hərbi qulluqçular, 40 yaşınadək hərbi
vəzifəlilər (zabitlərdən başqa), habelə 19
yaşından 40 yaşınadək qadınlar gizirlərin və
miçmanların həqiqi hərbi xidmətinə qəbul edilə bilərlər.
Layihəyə əsasən, ən azı tam orta təhsilli, azı bir il hərbi
xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, hərbi qulluqçu
hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini
bitirmiş hərbi qulluqçular, hərbi xidmətdə olmağın son yaş həddinə
çatmamış ehtiyatda olan gizirlər və miçmanlar, 40
yaşınadək ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar, habelə
19 yaşından 40 yaşınadək qadınlar
gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə qəbul edilə
biləcəklər.
Həmçinin, zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin
analoji ali təhsil müəssisələrinin) bakalavriat (əsas (baza
ali) tibb təhsili) səviyyəsi üzrə əyani təhsilalma müddəti
öz arzusu ilə ehtiyata buraxılma üçün nəzərdə tutulmuş
10 il müddətinə daxil edilməyəcək.
Bundan əlavə, birinci dərəcə ehtiyatda olan gizir və miçmanlar
üçün ehtiyatda olmanın yaş həddi 35, ikinci dərəcə
ehtiyatda olan gizir və miçmanlar üçün 45 və
üçüncü dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün isə
55 (hazırda 50 yaşdır) yaş
olacaq.
Mövcud qanunvericiliyə əsasən, birinci dərəcəli ehtiyatda
olanlar hər dəfə 2 ayadək müddətə
5 dəfəyədək, müvafiq icra hakimiyyəti orqanında
həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və müvafiq icra
hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər isə
hər dəfə 2 ayadək müddətə 10
dəfəyədək, lakin il ərzində 1 dəfədən çox
olmayaraq hərbi təlim toplanışlarına çağırıla bilərlər.
Təklif edilən dəyişikliyə əsasən, birinci dərəcəli ehtiyatda
olanlar hər dəfə 1 ayadək müddətə
10 dəfəyədək, müvafiq icra hakimiyyəti orqanında
həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və müvafiq icra
hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər hər
dəfə 2 ayadək müddətə 10
dəfəyədək, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş
hərbi vəzifəlilər hər dəfə 2 ayadək müddətə
5 dəfəyədək, lakin il ərzində 1
dəfədən çox olmayaraq hərbi təlim toplanışlarına çağırıla
biləcəklər.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik
edilməsi barədə qanun layihəsinə əsasən, hərbi qulluqçular “Hərbi
xidmətkeçmə haqqında” Əsasnaməyə uyğun olaraq əyani təhsil almaqla
əlaqədar (vəzifədə saxlanılması mümkün olmadığı hallarda) təhsil
müddətində də sərəncamda olacaqlar.
Qanun layihəsi səsverməyə qoyularaq birinci
oxunuşda qəbul edilib.

