Bakı. Trend:
Merilend ştatının böyük münsiflər heyəti ABŞ-nin keçmiş milli
təhlükəsizlik müşaviri Con Boltonu məxfi məlumatların səhv idarə
edilməsində ittiham edib.
Trend xəbər verir
ki, bu barədə CNN məlumat yayıb.
Bolton gizli məlumatları həyat yoldaşı və qızı ilə e-poçt
yazışmalarında paylaşmış ola bilər. “The New York Post” isə iddia
edir ki, o, Ağ Evi tərk etdikdən sonra xarici siyasətə dair
materialları bilərəkdən üçüncü şəxslərə ötürüb.
ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında məsələ
barədə indicə xəbər tutduğunu deyib və Boltonu “pis adam”
adlandırıb.
Sentyabrın 24-də Politico yazıb ki, Federal Təhqiqatlar Bürosu
(FTB) Boltonun evində apardığı axtarış zamanı məxfi sənədlər tapıb.
Bu sənədlər kütləvi qırğın silahları, ABŞ-nin BMT-dəki missiyası və
strateji kommunikasiyalarla bağlı olub. Bəzilərində “gizli” və ya
“məxfi” işarələri mövcuddur.
Ədliyyə Departamentinin açıqlamasına əsasən, Bolton məxfi
məlumatları üçüncü şəxslərə ötürməkdə səkkiz, bu cür sənədləri
qanunsuz saxlamaqda isə on faktda şübhəli bilinir. Təqsirli
bilinərsə, hər bir cinayət üzrə 10 ilədək həbs cəzası nəzərdə
tutulur.
Boltonun evində və ofisində avqustun 22-də aparılan axtarışlar
zamanı kompüterlər və elektron cihazlar da müsadirə edilib.

