Çexiya Qəzza zolağına tibbi yardım göndərib

Baş səhifə

Çexiya hökuməti Qəzza zolağında fəaliyyət göstərən səyyar hospital və tibb məntəqələrinin işini təmin etmək məqsədilə İordaniyaya tibbi və humanitar yardım göndərib.

APA xəbər verir ki, bu barədə CTK informasiya agentliyi məlumat yayıb.

Məlumata görə, cümə axşamı İordaniyaya tibbi avadanlıqlar, dərman preparatları və sarğı materialları çatdırılıb.

Çexiya hökuməti sentyabr ayında dəyəri 1,37 milyon kron (təxminən 60 min ABŞ dolları) olan dərman vasitələrinin Qəzzadakı səyyar hospital və klinikalara verilməsini təsdiqləyib.

Məlumatda qeyd olunur ki, bölgədə toqquşmalar başlayandan bəri İordaniya tərəfindən idarə olunan bu tibb məntəqələrində 100 mindən çox pasiyent müalicə alıb.