Şəklin mənbəyi, Getty Images
Kaliforniya Universitetinin (Berkeley) tədqiqatçıları müəyyən ediblər ki, vəhşi təbiətdə yaşayan şimpanzelər hər gün bir butulka pivəyə bərabər miqdarda alkoqol qəbul edirlər.
Bu miqdarda alkoqolu onlar yetişmiş meyvələri yeyərək əldə edirlər.
Alimlər hesab edirlər ki, insanlar alkoqola olan meyli ortaq əcdadları olan primatlardan miras almış ola bilərlər: bu əcdadlar şəkər və alkoqol mənbəyi olan fermentləşmiş meyvələrlə qidalanırdılar.
Uzun zamandır müşahidə olunub ki, şimpanzelər ağacdan yerə düşmüş yetişmiş meyvələri toplayırlar.
“Təxminən insanın alkoqola olan meyli bu qidalanma vərdişləri ilə bağlıdır və biz bunu şimpanze ilə ortaq əcdadımızdan miras almışıq”, – deyə tədqiqat müəlliflərindən biri Aleksey Maro bildirir.
Bu, şimpanzelərin orta hesabla nə qədər alkoqol qəbul etdiyini hesablayan ilk tədqiqatdır. Alimlər Kot-d’Ivuar və Uqandada şimpanzelərin yediyi yetişmiş əncir, gavalı və digər meyvələrdəki etanol miqdarına əsaslanıblar.
Tədqiqatçılar müəyyən ediblər ki, bir şimpanze gündə orta hesabla 14 qram etanol qəbul edir, bu da 330 ml-lik bir butulka pivəyə bərabərdir. Müşahidələrə görə, şimpanzelər daha çox etanol tərkibli meyvələri üstün tuturlar.
Şəklin mənbəyi, Aleksey Maro’s Private Archive
Tədqiqat insanın alkoqola olan meylinin ortaq primat əcdadlardan miras qaldığını iddia edən “sərxoş meymun” hipotezini təsdiqləyir.
Bu hipotezi daha əvvəl Kaliforniya Universitetindən professor Robert Dadli irəli sürmüşdü: o, şimpanzelərin qidalarında etanol miqdarını araşdıran tədqiqatın müəlliflərindən biridir.
Əvvəlcə alimlər bu hipotezə skeptik yanaşırdılar. Lakin Sankt-Endryus Universitetindən primatoloq professor Ketrin Hobayter (tədqiqat qrupunun üzvü deyil) bildirir ki, son illərdə meymunların qidalanma vərdişləri və üstünlükləri ilə bağlı müşahidələr artıb.
“Berkeley alimlərinin yeni işi sayəsində anlayırıq ki, insanın alkoqolla münasibəti çox qədim dövrlərə gedib çıxır: bu münasibət təxminən 30 milyon il əvvəl formalaşmağa başlayıb”, – deyə o BBC-yə bildirib.
“Bəlkə də şimpanzelər üçün bu, sosial əlaqələr qurmaq üçün əla üsuldur: bir yerdə toplaşıb yerə düşmüş meyvələri yeməyirsən”, – deyə Ketrin Hobayter əlavə edir.
Exeter Universitetindən primatoloq doktor Kimberli Hokinqs (tədqiqatda iştirak etməyib) qeyd edir ki, alimlərin müşahidə etdiyi şimpanzelər müntəzəm olaraq alkoqol qəbul etsələr də, bu miqdar sərxoşluq yaratmaq üçün kifayət qədər deyil. Əgər daha çox qəbul etsəydilər, “bu onların sağ qalma şansını artırmazdı”, – deyə o vurğulayıb.
Beynəlxalq Təbiəti Mühafizə İttifaqının məlumatına görə, şimpanzelər nəsli kəsilmə təhlükəsi ilə üz-üzədir və onlar üçün ən böyük təhlükə meşə sahələrinin azalmasıdır.
Tədqiqat Science Advances jurnalında dərc olunub.

