
Bakı. Trend:
15 oktyabr müstəqil Azərbaycanın siyasi tarixində mühüm dönüş
nöqtəsini xatırladır – Prezident İlham Əliyevin ilk dəfə dövlət
başçısı seçilməsi 2003-cü ilin məhz bu günü olub. Bu illər ərzində
Azərbaycan həm daxili, həm də beynəlxalq miqyasda köklü
dəyişikliklər yaşayıb, yeni iqtisadi model formalaşdırıb, hərbi və
diplomatik gücünü bərpa edib və regionun aparıcı siyasi mərkəzinə
çevrilib.
Bunu Trend-ə
politoloq Azər Qarayev deyib.
“Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan
dövlətçiliyi sabitlik, inkişaf və milli dəyərlər üzərində
formalaşan yeni mərhələyə qədəm qoydu. 2003-cü ildə xalqın etimadı
ilə Prezident seçilən İlham Əliyevin müəyyən etdiyi strateji xətt
müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf edib. Bu 22 ildə
ölkə yalnız iqtisadi cəhətdən deyil, həm də siyasi və hərbi
baxımdan tam yenidən doğulub. Bu gün Azərbaycan beynəlxalq arenada
söz sahibi olan, suveren qərarları ilə öz milli maraqlarını
qətiyyətlə qoruyan, regionun təhlükəsizliyi və sabitliyində
həlledici rol oynayan dövlətə çevrilib. Bütün bu uğurların
mərkəzində isə uzaqgörən siyasət, müdrik liderlik və dəmir iradə
dayanır – Prezident İlham Əliyevin rəhbərliyi”, – o bildirib.
Onun sözlərinə görə, 2003-cü ildə Prezident İlham Əliyev ölkə
rəhbərliyinə gələndə qarşıda duran əsas vəzifə sabitliyi qorumaq,
iqtisadi dirçəlişi təmin etmək və xalqın rifahını yüksəltmək idi.
O, bu məqsədlərə çatmaq üçün çevik, müasir və milli maraqlara
əsaslanan idarəetmə modelini formalaşdırdı.
“Dövlət idarəçiliyi sistemində köklü islahatlar aparıldı,
elektron hökumət və rəqəmsal xidmətlər tətbiq olundu. Məsələn, “ASAN Xidmət” modeli təkcə Azərbaycanda deyil, beynəlxalq səviyyədə
də nümunə kimi qəbul edildi. Prezident İlham Əliyevin təşəbbüsü ilə
sosial idarəetmədə şəffaflıq və hesabatlılıq prinsipləri
möhkəmləndi. Ən əsası, Prezident İlham Əliyev “xalq üçün çalışan
dövlət” konsepsiyasını reallığa çevirdi. Onun rəhbərliyi ilə
dövlət-vətəndaş münasibətləri sadəcə inzibati mexanizm deyil,
qarşılıqlı etimad və məsuliyyət üzərində qurulan bir sistemə
çevrildi. Siyasi sabitlik və ictimai həmrəylik bu 22 ildə
Azərbaycanın ən böyük üstünlüyü oldu. Bu sabitlik inkişafın təməli,
iqtisadi artımın və xarici nüfuzun zəmanəti kimi çıxış etdi.
Prezident İlham Əliyev iqtisadiyyat sahəsində yeni bir fəlsəfə
formalaşdırdı: resursların ağıllı idarə olunması və gələcəyin
iqtisadiyyatına keçid. Onun rəhbərliyi ilə neft gəlirləri sosial
rifah, infrastruktur və qeyri-neft sektorunun inkişafına
yönəldildi. Bu siyasət nəticəsində Azərbaycan qısa müddətdə
iqtisadi müstəqilliyini təmin etdi. Son 20 ildə ümumi daxili məhsul
dəfələrlə artdı, yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə qədər endi,
dövlət borcu aşağı səviyyədə saxlanıldı”, – o bildirib.
A.Qarayev qeyd edib ki, ən böyük strateji nailiyyətlərdən biri
Azərbaycanın enerji diplomatiyasıdır. Bakı-Tbilisi-Ceyhan və
Bakı-Tbilisi-Ərzurum boru kəmərləri, Cənub Qaz Dəhlizi və
Trans-Adriatik boru xətti kimi layihələr Azərbaycanın iqtisadi
xəritəsini dəyişdi. Bu layihələr ölkəni Avropanın enerji
təhlükəsizliyinin əsas təminatçısına çevirdi. Eyni zamanda,
Prezident İlham Əliyev bərpa olunan enerji siyasətinə start verərək
Qarabağ və Şərqi Zəngəzuru “yaşıl enerji zonası” elan etdi. Günəş,
külək və hidroenerji layihələri Azərbaycanın enerji gələcəyini
formalaşdırır. Bu strategiya həm ekoloji, həm də iqtisadi baxımdan
müasir yanaşmanın bariz nümunəsidir.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq
siyasətdə də tam müstəqil mövqe formalaşdırdı. Ölkə nə bir blokun
üzvü, nə də başqa dövlətlərin təsir dairəsinə girdi. Bu,
Azərbaycanın suveren xarici siyasət kursunun mahiyyətidir.
Azərbaycan beynəlxalq təşkilatlarda fəallığı ilə seçilir. Qoşulmama
Hərəkatına 2019–2023-cü illərdə sədrliyi dövründə ölkə qlobal
ədalət, multilateralizm və humanitar dəyərlərin müdafiəçisi kimi
çıxış etdi. Prezident İlham Əliyev pandemiya dövründə inkişaf
etməkdə olan ölkələrə humanitar yardım təşəbbüsünü irəli sürdü –
bu, Azərbaycanın beynəlxalq həmrəylikdə liderlik rolunu göstərdi.
Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında və BMT
platformasında Azərbaycanın rolu ilbəil artdı. Prezident İlham
Əliyev balanslaşdırılmış siyasət sayəsində həm Qərb, həm də Şərqlə
qarşılıqlı faydalı münasibətləri qoruyur. Bakı bu gün enerji,
nəqliyyat və təhlükəsizlik məsələlərində dialoqun mühüm mərkəzinə
çevrilib”, – o bildirib.
Politoloq vurğulayıb ki, Prezident İlham Əliyevin dövlət
idarəçiliyində xüsusi yer tutan istiqamətlərdən biri – müdafiə və
ordu quruculuğu idi.
“2003-cü ildən etibarən o, Azərbaycanın hərbi potensialını
sistemli şəkildə gücləndirməyə başladı. Bu, təkcə ordunun
silahlanması və texniki modernləşməsi deyildi – bu, milli ruhun,
azadlıq iradəsinin, dövlət müstəqilliyinin qorunması üçün strateji
konsepsiyanın formalaşması idi. Azərbaycan bu illər ərzində İsrail,
Türkiyə, Pakistan və digər müttəfiqlərlə sıx hərbi əməkdaşlıq
qurdu. Müdafiə Sənayesi Nazirliyinin yaradılması ilə ölkə öz
silahlarını, pilotsuz uçuş aparatlarını, zirehli texnikalarını
istehsal etməyə başladı. Eyni zamanda, orduya olan ictimai etimad
bərpa olundu. Əsgər və zabitlər artıq təkcə hərbi xidmət keçən
şəxslər deyil, xalqın qürur mənbəyinə çevrildi. Prezident İlham
Əliyev şəxsən hərbi hissələrə səfərlər edir, döyüş hazırlığı ilə
maraqlanır, ordunun ruh yüksəkliyini yüksəldirdi.
Bütün bunların məntiqi nəticəsi 2020-ci ilin 27 sentyabrında
başlanan Vətən müharibəsi oldu. 44 gün ərzində Azərbaycan xalqı
dövlət başçısının ətrafında dəmir yumruq kimi birləşdi. Prezident
İlham Əliyev həm Ali Baş Komandan, həm də diplomatik cəbhənin
lideri kimi çıxış etdi. Müharibə dövründə onun hər çıxışı xalqın
ruhunu qaldırır, dünyaya Azərbaycanın haqq səsini çatdırırdı. Bu
müharibə təkcə orduların toqquşması deyildi – bu, 30 illik
ədalətsizliyə son qoymaq uğrunda bir millətin mübarizəsi idi.
Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” çağırışı tarixə
düşdü və 44 gündən sonra bu sözlər reallığa çevrildi. Azərbaycan
Ordusu Şuşa zirvəsini fəth etdi – bu, yalnız hərbi taktika deyil,
milli iradənin təntənəsi idi. Dövlət başçısı İlham Əliyev Qələbə
gününü xalqa elan edərkən artıq Azərbaycan tarixinin yeni
səhifəsini açmışdı.
Lakin proses bununla bitmədi. 2023-cü ilin sentyabrında həyata
keçirilən lokal antiterror tədbirləri Azərbaycanın suverenliyini
tam şəkildə bərpa etdi. Qanun və nizamın bərqərar olunması ilə
Qarabağda separatçılığa son qoyuldu. Bu, ölkə başçısı İlham
Əliyevin 20 illik strateji planının yekunu idi – tədricən,
qətiyyətlə, mərhələ-mərhələ həyata keçirilən bir dövlət siyasətinin
qələbəsidir. Prezident İlham Əliyevin liderliyi bu mərhələdə həm
hərbi, həm siyasi, həm də mənəvi səviyyədə özünü göstərdi. O, təkcə
ərazini azad etmədi, həm də xalqın inamını, ləyaqətini və dövlətin
suverenlik təməlini bərpa etdi”, – A.Qarayev bildirib.
Politoloq qeyd edib ki, Vətən müharibəsindən dərhal sonra
Prezident İlham Əliyev Azərbaycanın regional sabitlik və əməkdaşlıq
siyasətini yeni mərhələyə keçirdi. Müharibədə qələbə qazanmasına
baxmayaraq, rəsmi Bakı Ermənistana sülh gündəliyi təklif edərək
regionda dayanıqlı təhlükəsizlik arxitekturası qurmaq niyyətini
açıq şəkildə nümayiş etdirdi. Bu, həm siyasi yetkinliyin, həm də
uzaqgörən liderliyin göstəricisi idi. Ermənistan tərəfi ilkin
mərhələdə bu təkliflərə qarşı qeyri-müəyyən və ləng mövqe sərgiləsə
də, Prezident İlham Əliyevin ardıcıl və prinsipial siyasəti
nəticəsində proses məntiqi istiqamət alaraq irəlilədi. Azərbaycan
tərəfi sülh sazişi üçün konkret beş əsas prinsip irəli sürdü.
“2025-ci ilin avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald
Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və
Ermənistanın Baş naziri Nikol Paşinyan birgə bəyannamə imzaladılar.
Bundan əlavə, iki ölkənin xarici İşlər nazirləri sülh sazişinin
mətninin parafladılar. Bu hadisə Cənubi Qafqazda yeni tarixi
mərhələnin başlanğıcı oldu və Azərbaycanın regional lider rolunu
daha da möhkəmləndirdi.
Bu nailiyyət, bir daha göstərdi ki, sülhə aparan yol da güc və
qətiyyət tələb edir. Prezident İlham Əliyevin strateji
uzaqgörənliyi, diplomatik çevikliyi və siyasi sabitlik xətti
nəticəsində Ermənistan nəinki destruktiv siyasətdən imtina etməyə,
həm də Azərbaycanın şərtlərini qəbul etməyə məcbur qaldı.
Beləliklə, 2020-ci ilin Qələbəsi hərbi zəfərlə başlasa da, 2025-ci
ildə diplomatik zəfərlə tamamlandı – bu, Prezident İlham Əliyevin
dövlətçilik fəlsəfəsinin və milli maraqlara əsaslanan siyasətinin
məntiqi nəticəsi idi”, – o bildirib.
Eyni zamanda, politoloqun sözlərinə görə, Vətən müharibəsindən
sonra Prezident İlham Əliyev qarşısına yeni, bəlkə də daha mürəkkəb
və məsuliyyətli bir vəzifə qoydu – azad edilmiş torpaqlarda həyatın
bərpası və Böyük Qayıdışın təmin olunması.
“2021-ci ildən etibarən Qarabağ və Şərqi Zəngəzurda bərpa
prosesi misilsiz sürətlə başladı. Qısa zamanda Füzuli Beynəlxalq
Hava Limanı istifadəyə verildi – bu, azad edilmiş torpaqlarda
yenidənqurmanın ilk simvolu idi. Ardınca Zəngilan və Laçın hava
limanları da açıldı, bu da regionun iqtisadi və logistik
əlaqələrini canlandırdı.
Yeni yollar, körpülər, elektrik və qaz xətləri, su anbarları,
“ağıllı şəhər” və “ağıllı kənd” layihələri bir-birinin ardınca
həyata keçirilir. Ağalı kəndində ilk köç prosesi başlandı və bu, 30
ildən sonra Qarabağa qayıdışın ilk real nümunəsi oldu. Prezident
İlham Əliyev hər dəfə bölgəyə səfər edərkən şəxsən vətəndaşlarla
görüşür, yeni layihələri işə salır, hər bir addımı şəxsən izləyir.
Qarabağın bərpası təkcə fiziki infrastruktur layihəsi deyil, həm də
milli mənəvi dirçəliş proqramıdır. Burada azadlıq, ədalət və
inkişaf birləşir. Dövlət tərəfindən həyata keçirilən “Böyük
Qayıdış” proqramı azad edilmiş ərazilərdə yeni iqtisadi zonaların
yaradılmasını, kənd təsərrüfatı və turizm potensialının bərpasını,
mədəni irsin dirçəldilməsini nəzərdə tutur.
Xankəndi, Şuşa, Füzuli, Ağdam, Cəbrayıl və Zəngilanda “Yaşıl
enerji”, “Rəqəmsal şəhər” və “Dayanıqlı kənd təsərrüfatı”
layihələri həyata keçirilir. Prezident İlham Əliyevin göstərişi ilə
bu ərazilərdə bütün infrastrukturlar müasir texnologiyalar əsasında
qurulur – günəş enerjisi panelləri, ağıllı idarəetmə sistemləri və
ekoloji davamlılıq prinsipləri tətbiq olunur.
Bərpa prosesində mədəniyyətin rolu da önəmlidir. Şuşa –
Azərbaycanın mədəni paytaxtı kimi bərpa olunur. Tarixi abidələr,
məscidlər, məqbərələr, muzeylər yenidən dirçəlir. 2022-ci ildə
“Şuşa İli” elan olunması bu missiyanın mədəni ölçüsünü dünyaya
nümayiş etdirdi. Eyni zamanda, Qarabağın bərpası sosial ədalət və
milli birliyin rəmzinə çevrildi. Buraya qayıdan hər bir ailə, bərpa
olunan hər bir ev, əkilən hər bir ağac, Azərbaycanın gələcək
nəsillərinə ötürüləcək bir mesaj daşıyır: bu torpaq artıq əbədi
olaraq Azərbaycanındır”, – o bildirib.
A.Qarayev vurğulayıb ki, bu gün Qarabağ regionu yalnız yenidən
qurulmur, həm də yenidən doğulur. Yeni yollarla, hava limanları
ilə, texnoparklarla, təhsil müəssisələri və mədəniyyət ocaqları ilə
burada müasir həyat bərqərar olur.
“Prezident İlham Əliyev bu prosesi şəxsi missiya kimi qəbul
edib. Onun Qarabağa səfərləri sadəcə işgüzar deyil, həm də mənəvi
səfərlərdir – hər səfərində şəhid ailələri ilə görüşür, yeni
binaların açılışını edir, kəndlərin bərpasını izləyir. Qarabağı və
Şərqi Zəngəzur təkcə əvvəlki vəziyyətinə qaytarılmır, onlar
Azərbaycanın ən inkişaf etmiş bölgələrinə çevrilir. Bu, artıq
gerçəklikdir. Qarabağ təkcə bir bölgə deyil – o, Azərbaycanın
dirçəliş simvolu, 22 illik liderlik siyasətinin ən parlaq
nəticəsidir”, – A.Qarayev bildirib.
Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin liderliyi
sayəsində Azərbaycan həm də Avrasiyanın əsas nəqliyyat
mərkəzlərindən birinə çevrildi.
“Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal–Cənub və Şərq–Qərb
nəqliyyat dəhlizləri, eləcə də Zəngəzur dəhlizi ölkəmizin tranzit
potensialını yeni səviyyəyə qaldırdı. Bu layihələr təkcə regionun
iqtisadi xəritəsini deyil, həm də geosiyasi reallıqlarını dəyişir.
Zəngəzur dəhlizi xüsusilə strateji əhəmiyyət daşıyır – o, Türk
dünyasının birləşdirici körpüsü və Avrasiya inteqrasiyasının əsas
arteriyası kimi çıxış edir. Prezident İlham Əliyevin bu
istiqamətdəki təşəbbüsləri Azərbaycanın geoiqtisadi mərkəz kimi
rolunu möhkəmləndirib”, – o bildirib.
A.Qarayev vurğulayıb ki, 22 illik Prezident İlham Əliyev dövrü
Azərbaycanın yüksəliş salnaməsidir.
“Bu illər ərzində Azərbaycan dövlətçiliyi bütün sınaqlardan
keçdi, öz yolunu müəyyənləşdirdi və gələcəyə inamla addımlayır.
Prezident İlham Əliyev həm tarixi ədaləti bərpa etdi, həm də
xalqına yeni inkişaf üfüqləri açdı. Onun rəhbərliyi altında
Azərbaycan artıq nəinki regionun, hətta qlobal siyasətin mühüm
oyunçularından biridir.
Bu gün Azərbaycanın adı sabitlik, güc və qürur anlayışları ilə
yanaşı çəkilir. Bütün bunlar bir liderin uzaqgörən siyasətinin,
xalqın dəstəyinin və milli birliyin nəticəsidir. Azərbaycanın 22
illik yüksəliş tarixi bir daha sübut edir ki, dövlətin gələcəyi
onun liderinin baxış dairəsi və xalqının birliyi ilə müəyyən
olunur. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu
yolda inamla, qətiyyətlə və fərəhlə irəliləyir”, – politoloq əlavə
edib.

