Azərbaycan və İsrail arasında səhiyyə əməkdaşlığı müzakirə olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində İsrail
Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ronen
Krausz ilə görüş keçirilib.

Trend
xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan və İsrail arasında
səhiyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf
perspektivləri müzakirə olunub. Tərəflər tibb elmi, mütərəqqi
texnologiyaların tətbiqi, kadr hazırlığı və səhiyyə sistemində
rəqəmsallaşma istiqamətlərində birgə layihələrin həyata
keçirilməsinin əhəmiyyətini vurğulayıblar.




Azərbaycanın səhiyyə naziri Teymur Musayev İsrailin səhiyyə
sistemində tətbiq olunan qabaqcıl təcrübənin ölkəmiz üçün maraqlı
olduğunu qeyd edərək, bu sahədə təcrübə mübadiləsinin
genişləndirilməsinin vacibliyini bildirib. Xüsusilə tibbi təhsil,
xəstəxanaların idarə edilməsi, teletibb, farmaseptika, tibbi
texnologiyalar və tibbi turizm kimi sahələrdə qarşılıqlı faydalı
layihələrin həyata keçirilməsi, habelə iki ölkənin aparıcı tibbi
mərkəzləri və elmi-tədqiqat institutları arasında birbaşa
əlaqələrin genişləndirilməsi üçün geniş imkanların mövcudluğu qeyd
edilib.

Səfir Ronen Krausz öz növbəsində İsrail-Azərbaycan arasında
dostluq və tərəfdaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf
etdiyini, səhiyyə sahəsində əməkdaşlığın da bu münasibətlərin mühüm
tərkib hissəsi olduğunu vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.