
Bakı. Trend:
Dünyanın ən iri qida məhsulları istehsalçılarından “Nestle”
şirkəti qarşıdakı iki ildə iri miqyaslı ixtisarlar həyata keçirməyi
planlaşdırır.
Trend bu barədə
Britaniya KİV-ə istinadən xəbər verir.
Şirkətin bəyanatına görə, istehsal prosesinin
avtomatlaşdırılması və əməliyyat səmərəliliyinin artırılması
məqsədilə “Nestle” 16 mindən çox iş yerini ixtisar etmək
niyyətindədir.
İxtisarlar başlıca olaraq şirkətin ofislərində çalışan kadrlara
aid olacaq (təqribən 12 min nəfər), bundan başqa, istehsalat və
tədarük zənciri sahəsində 4 minə yaxın vakansiya ləğv olunacaq.
Şirkətin yeni təyin olunmuş baş icraçı direktoru Filip Navratil
bildirib ki, işçilərin sayı “şəffaf şəkildə” azaldılacaq. O,
sentyabr ayında korporasiyanın başına gətirilib. Bu təyinat,
şirkətin əməkdaşlarından biri ilə açıqlanmayan romantik münasibətə
görə aparılan araşdırmanın nəticəsində sələfi – Loren Freyxin
vəzifədən azad edilməsindən sonra baş verib.
Qeyd edək ki, “Nestle” korporasiyası dünyada “Nescafe”,
“Cheerios”, “KitKat” və “Rolos” kimi brendləri ilə tanınır.

