Naxçıvanda dekorativ tətbiqi sənət nümunələrindən ibarət sərgi-satış yarmarkası təşkil olunub.
“Report”un yerli bürosu xəbər verir ki, Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında məhdud fiziki imkanlı şəxslərin, həmçinin istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkası keçirilir.
Naxçıvan Muxtar Respublikasında (MR) Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli oktyabrın 16-da sərgi-satış yarmarkası ilə tanış olub.
Muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova məlumat verib ki, “Konstitusiya və Suverenlik İli” tədbirləri çərçivəsində keçirilən sərgi-satış yarmarkasına 300-dən artıq müəllifin 10 mindən artıq əl işi çıxarılıb. Yarmarka Azərbaycan xalqının ailə dəyərlərinin qorunub saxlanılması, adət-ənənələrinin yaşadılması, milli və xalq tətbiqi sənət nümunələrinin təbliğ edilməsi, həmçinin qadınların özünüməşğulluğunun təmin edilməsi və istedadlarının üzə çıxarılması məqsədilə təşkil olunub.
Daha sonra iştirakçılar “Autizmli Uşaqlara Dəstək” İctimai Birliyi tərəfindən təqdim olunan rəsm və əl işləri ilə tanış olublar. Sulu və yağlı boya ilə işlənən tablolarla yanaşı, dekorativ, tikmə, toxuma və aplikasiyalar, taxta üzərində yandırma, oyma işləri, xalçalar, toxuculuq nümunələri və bir-birindən maraqlı digər dekorativ tətbiqi sənət nümunələri, həmçinin muxtar respublikanın təbii bitki və digər resurslarından hazırlanmış kosmetik vasitələr maraqla qarşılanıb.
Qeyd edək ki, sərgi-satış yarmarkası Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

