“PAŞA Sığorta”nın İdarə Heyətinə yeni təyinat baş tutub

Baş səhifə

Bakı. Trend:

“PAŞA Sığorta” şirkətində yeni təyinat baş tutub. Belə ki,
Rüstəm Məmmədov şirkətin İdarə Heyəti sədrinin müavini vəzifəsinə
təyin olunub.

Rüstəm Məmmədov sığorta sektorunda 9 ildən artıq, ümumilikdə isə
marketinq və biznesin inkişafı sahəsində 15 ilə yaxın təcrübəyə
malikdir. O, 2016-cı ildən etibarən “PAŞA Həyat Sığorta” ASC-nin
İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərərək mühüm layihələrə
rəhbərlik edib. 2018-ci ilin yanvar ayından bu günədək isə İdarə
Heyətinin üzvü və Baş Əməliyyat İnzibatçısı vəzifəsini icra
edib.

Rüstəm Məmmədov 2004-cü ildə Azərbaycan Dövlət İqtisad
Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə
bakalavr dərəcəsini, 2008-ci ildə İstanbul Universiteti İctimai
Elmlər İnstitutunda Marketinq ixtisası üzrə magistr dərəcəsini,
2015-ci ildə isə İspaniyanın IE Business School ali təhsil
müəssisəsində Executive MBA (Master of Business Administration)
proqramını bitirib.




O, sığorta sahəsindəki dərin bilik və idarəetmə təcrübəsi ilə
“PAŞA Sığorta”nın strateji inkişafına və şirkətin bazar
liderliyinin daha da möhkəmləndirilməsinə töhfə verəcək.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan “PAŞA
Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding”
qrupunun üzvü olan “PAŞA Sığorta” 700.000-ə yaxın korporativ və
fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət
göstərir. “AM Best” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta”
ASC-nin emitentin uzunmüddətli kredit reytinqini “BBB”, maliyyə
dayanıqlılığı reytinqini “B++”, reytinq üzrə proqnozu isə “Sabit”
səviyyəsində təsdiqləyib.