
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın
16-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin
olunmuş rəhbəri Mariyana Kuyundziçin etimadnaməsini qəbul edib.
Trend xəbər
verir ki, Mariyana Kuyundziç etimadnaməsini Prezident İlham Əliyevə
təqdim etdi.
Dövlətimizin başçısı Tirana və Kopenhagendə Avropa İttifaqı
Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının
Prezidenti Ursula Fon der Lyayen ilə görüşlərini məmnunluqla
xatırlayaraq, həmin görüşlər əsnasında əməkdaşlığımızın inkişaf
perspektivlərinə dair ətraflı müzakirələrin aparıldığını bildirdi.
Prezident İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında
əlaqələrin son dinamikasını vurğulayaraq, bir il ərzində Avropa
İttifaqının 3 komissarının Azərbaycana səfərinə toxundu.
Mariyana Kuyundziç Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın
şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin
irəli aparılması istiqamətində əldə edilmiş nailiyyətlər
münasibətilə təbriklərini çatdırdı. Azərbaycanın fəal regional
diplomatiya siyasəti yürütdüyünü deyən Avropa İttifaqının
ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri Mariyana Kuyundziç
Prezident İlham Əliyevin son dövrlərdəki səfərlərinin və iştirak
etdiyi beynəlxalq Zirvə toplantılarının bunun bariz nümunəsi
olduğunu vurğuladı.
O, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin daha da
inkişafı üçün əlverişli imkanların olduğunu deyərək, enerji,
nəqliyyat sahələrində uğurlu əməkdaşlığa toxundu, Avropa
İttifaqının regional nəqliyyat bağlantılarının yaradılması
layihələrini yaxından dəstəklədiyini qeyd etdi.
Mariyana Kuyundziç Avropa İttifaqının ərazilərin minalardan
təmizlənməsi sahəsində Azərbaycana dəstəyini davam etdirəcəyini
bildirdi.
Görüşdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivlərinə
dair fikir mübadiləsi aparıldı.

