Qarabağda sakinlər sosial binalara 15 dəqiqədə çatacaqlar – Vahid Hacıyev

Baş səhifə

Xankəndi. Trend:

Qarabağın yeni yaşayış məntəqələrində sakinlər xəstəxana,
məktəb, uşaq bağçası və digər xidmət mərkəzlərinə 15 dəqiqədə çata
biləcəklər.

Trend xəbər
verir ki, bunu Prezidentin Qubadlı, Cəbrayıl və Zəngilan rayonları
üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev Xankəndidə keçirilən III
Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Qarabağda və Şərqi Zəngəzurda təkcə
dağıdılmış şəhərlər bərpa edilmir, həm də sıfırdan dayanıqlı və
ağıllı yaşayış mühitləri yaradılır:




“Qarabağdakı yeni yaşayış məntəqələrində sakinlər xəstəxana,
məktəb, uşaq bağçası və xidmət mərkəzlərinə 15 dəqiqə ərzində çata
biləcəklər. Bu, yaşıl və səmərəli həyat tərzini təşviq edən “15
dəqiqəlik şəhər modeli”dir. Bu yanaşma vasitəsilə həm büdcəyə
qənaət olunur, həm də sakinlər üçün rahatlıq təmin olunur”.

V. Hacıyevin sözlərinə görə, bütün şəhər və kəndlərin baş
planları müasir şəhərsalma prinsipləri əsasında hazırlanıb:

“Yeni kənd və qəsəbələr əsas magistral və tranzit xətləri
boyunca salınır. Bu, sakinlər üçün iş yerlərinə, logistika
mərkəzlərinə və sənaye zonalarına çıxışı asanlaşdırır, eyni zamanda
yerli sahibkarlığı stimullaşdırır”.