Azərbaycan nümayəndə heyətinin Qoşulmama Hərəkatının 19-cu Nazirlər İclasında iştirak edib

Baş səhifə

15–16 oktyabr 2025-ci il tarixlərində Uqandanın paytaxtı Kampala
şəhərində Qoşulmama Hərəkatının (QH) 19-cu Nazirlər İclası
keçirilib.

Kampala Nazirlər İclası çərçivəsində beynəlxalq sülh və
təhlükəsizliyin möhkəmləndirilməsi, davamlı inkişafın təşviqi,
Hərəkatın institusional potensialının artırılması, eləcə də Yaxın
Şərqdə vəziyyət və digər aktual gündəm məsələləri ətrafında fikir
mübadiləsi aparılıb.

Tədbirdə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil
olunub.

Samir Şərifov toplantının açılış seqmentində çıxış edərək
ölkəmizin sədrlik dövründə həyata keçirdiyi təşəbbüslər, o cümlədən
Hərəkatın institusional inkişafına verdiyi töhfələrə toxunub,
habelə üzv ölkələr arasında həmrəyliyin və birliyin
gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. Nazir müavini
Azərbaycan-Ermənistan normallaşma gündəliyi üzrə son irəliləyişlər
və işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən
genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə iştirakçılara
məlumat verib.

Hərəkatın keçmiş Sədri və hazırkı Troika üzvü qismində ölkəmiz
həmçinin QH-nin Fələstin üzrə Nazirlər Komitəsinin iclasında təmsil
olunub. Nazir müavini S.Şərifov Azərbaycan dövlət başçısının 13
oktyabr 2025-ci il tarixində Şarm Əl-Şeyx Sülh Sammitində
iştirakına vurğu edərək, ölkəmizin zirvə görüşünə dəvət alan
azsaylı Hərəkat üzvlərindən biri olduğuna və bunun əhəmiyyətinə,
iki dövlət prinsipi əsasında Yaxın Şərqdə davamlı sülh və
təhlükəsizliyinin tez bir zamanda bərqərar olmasının vacibliyinə,
eləcə də ölkəmizin regiondakı humanitar təşəbbüslərinə diqqət
çəkib.

İclas çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib,
Azərbaycan Respublikasının və Uqanda Respublikasının Hökumətləri
arasında diplomatik və xidməti pasport sahibləri, Azərbaycan
Respublikasının və Somali Federativ Respublikasının Hökumətləri
arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad
edilməsi haqqında sazişlər imzalanıb.

Qeyd edilən sənədlərin imzalanması Azərbaycan Respublikasının
Afrika ölkələri ilə ikitərəfli münasibətlərinin genişləndirilməsi,
qarşılıqlı səfərlərinin asanlaşdırılması və diplomatik əlaqələrin
daha da inkişafına xidmət edir.