
Bakı.Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın
16-da Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə
və səlahiyyətli səfiri Marian de Yonqun etimadnaməsini qəbul
edib.
Trend xəbər
verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim
etdi.
Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlıq üçün
yaxşı perspektivlərin olduğunu dedi. Kopenhagendə Niderland
Krallığının Baş naziri Dik Sxof ilə görüşünü xatırladan Prezident
İlham Əliyev həmin görüş əsnasında tərəfdaşlığımızın müxtəlif
aspektlərinin müzakirə olunduğunu vurğuladı, bir çox sahədə
əməkdaşlığı gücləndirmək barədə razılığın əldə edildiyini bildirdi.
Hazırda Niderland şirkətlərinin ölkəmizdə müxtəlif istiqamətlər
üzrə fəaliyyət göstərdiyini deyən dövlətimizin başçısı gələcəkdə
onların sayının çoxalacağına ümidvar olduğunu ifadə etdi.
Qəbula görə minnətdarlığını bildirən səfir Niderlandın Kralı
Villem-Aleksandrın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi,
onun da salamlarını Niderlandın Kralı və Baş nazirinə çatdırmağı
xahiş etdi.
Marian de Yonq ölkəsinin Azərbaycanla siyasi və iqtisadi sahədə
güclü əməkdaşlıq etmək niyyətində olduğunu dedi, bunun qarşılıqlı
fayda verəcəyinə əminliyini vurğuladı.

