bp seysmik texnologiyalardakı yenilikləri bölüşüb

Baş səhifə

bp, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və SOCAR
ilə əməkdaşlıqda 29–30 sentyabr tarixlərində yüksək performanslı
hesablama (HPC), hövzənin tədqiqi innovasiyaları, seysmik emal və
məlumatların toplanması sahəsində irəliləyişlərə həsr olunmuş iki
günlük texniki seminar keçirib.

Seminar bp, İqtisadiyyat Nazirliyi, SOCAR və Xəzər İnnovasiya
Mərkəzinin mütəxəssislərini bir araya gətirərək bilik və təcrübə
mübadiləsi aparmaq, gələcək əməkdaşlıq imkanlarını araşdırmaq
məqsədi daşıyıb.

Seminarda aşağıdakı əsas mövzular müzakirə olunub:




  • Azərbaycanın HPC sahəsində imkanları: İqtisadiyyat Nazirliyinin
    nümayəndələri ölkədə yeni yaradılmış superkompüter imkanını təqdim
    edərək, onun enerji sektorunda innovasiyaların sürətləndirilməsinə
    töhfə verə biləcək potensialını vurğulayıblar. Belə bir imkanın
    yaradılması Azərbaycanın öz rəqəmsal transformasiyasını dəstəkləmək
    üçün güclü HPC infrastrukturu qurmaq öhdəliyini əks etdirir.
  • bp-nin qlobal HPC təcrübəsi: bp mütəxəssisləri şirkətin
    Hyustonda yerləşən HPC mərkəzinin fəaliyyəti barədə məlumat
    veriblər. Bu mərkəz bp-nin texniki innovasiyalarını irəli aparmaqla
    yanaşı, lay simulyasiyası, rəqəmsal süxurlar, data elmi, seysmik
    görüntüləmə və hövzə modelləşdirilməsi sahələrində imkanlarını
    genişləndirir.
  • Azərbaycanda seysmik məlumatların toplanması və emalı: SOCAR
    nümayəndələri seysmik məlumatların toplanması və emalı sahəsində
    gələcək planları təqdim edərək bu texnologiyaların region üçün
    strateji əhəmiyyətini vurğulayıblar.
  • Əməkdaşlıq layihələri: bp texniki imkanların artırılması və
    innovasiyaların sürətləndirilməsi məqsədilə həyata keçirilən mövcud
    və planlaşdırılan əməkdaşlıq təşəbbüslərini təqdim edib.
  • Seysmik texnologiyalarda süni intellektin tətbiqi: Xəzər
    İnnovasiya Mərkəzi SOCAR-ın seysmik süni intellekt tətbiqləri
    sahəsində son nailiyyətlərini göstərərək süni intellektin lay
    görüntüləməsinə yeniliklər gətirdiyini və qərarların verilməsini
    sürətləndirdiyini nümayiş etdirib.

Seminar sənaye ilə hökumət arasında davamlı əməkdaşlığın
vacibliyini bir daha vurğulamaqla yanaşı, sağlam rəqabətin
olmasının da regionun texnoloji irəliləyişində və Azərbaycanın
qabaqcıl enerji texnologiyaları sahəsində regional lider mövqeyinin
gücləndirilməsində əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.