
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
2020-ci il oktyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibə
verib.
Trend
müsahibəni təqdim edir:
– “A Haber” ekranlarından hər kəsə salamlar. Bütün
dünyanın gözü Qarabağ bölgəsindədir. Otuz ildir erməni işğalı
altındakı Qarabağda hazırda böyük bir faciə yaşanır. Çünki
ermənilər humanitar atəşkəsə baxmayaraq, xüsusilə mülki şəxsləri və
Azərbaycan Ordusunu hədəfə almağa davam edirlər. Təbii ki,
Azərbaycan Ordusu da bu hücumları cavabsız qoymur və erməni
ordusuna ağır zərbələr vurulur.
Bəs, bölgədə son durum necədir, bundan sonra nələr
yaşanacaq? Bu durumla bağlı Azərbaycan Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin fikirlərini
öyrənəcəyik.
Cənab Prezident, bizi qəbul etdiyiniz üçün sağ olun,
xüsusilə “A Haber” adından çox təşəkkür edirik.
– Sağ olun, təşəkkür edirəm.
– Cənab Prezident, təbii ki, müsahibəmizə bölgədəki
vəziyyətlə başlayacağıq. Dünən Ermənistan yenə mülki şəxsləri
hədəfə aldı. Tərtərdə bir məzarlıq hədəfə alındı və 3 azərbaycanlı
qardaşımız şəhid oldu. Siz bu hücumu necə
dəyərləndirirsiniz?
– Bu, erməni faşizminin növbəti təzahürüdür. Onlar adətən döyüş
meydanında məğlubiyyətə uğrayanda mülki şəxslərə atəş açırlar. Bunu
biz birinci Qarabağ savaşında da gördük. Məhz Xocalı soyqırımını
törədənlər bizim həmin mənfur qonşularımızdır.
Bu dəfə də görəndə ki, artıq döyüş meydanında Azərbaycan Ordusu
qarşısında acizdirlər və işğal edilmiş torpaqlarda bizə qarşı
müqavimət göstərə bilmirlər, onlar yenə də mülki vətəndaşları
hədəfə aldılar və namərd hücum nəticəsində bizim insanlarımız həlak
oldular, həm Gəncədə, həm də dünən Tərtərdəki qəbiristanlıqda. Bu
insanların dəfn mərasimində iştirak etdikləri bir yerdir, hər bir
insan üçün müqəddəs bir yer sayılır. Ancaq bizim mənfur
qonşularımız üçün müqəddəs anlayışı görünür ki, yoxdur. Bu,
insanlığa qarşı cinayətdir, bir daha Ermənistanın yırtıcı xislətini
göstərir. Ancaq bir də onu göstərir ki, bu namərd hücumlar bizi
yolumuzdan döndərə bilməz, Azərbaycan xalqının iradəsini qıra
bilməz. Biz öz ərazi bütövlüyümüzü bundan sonra da bərpa etməyə
davam edəcəyik.
– Təbii ki, Azərbaycan mülki şəxslər məsələsində olduqca
diqqətli, çox dəqiq davranır. Bu ana qədər bir erməni mülki şəxsin
belə burnu qanamadı. Ancaq indiyədək 46 azərbaycanlı qardaşımız
şəhid oldu. Qərbə baxdığımız zaman, Qərb bu qətliamlara münasibətdə
niyə səssizdir?
– Təəssüf ki, mülki şəxslər arasında insan itkisi davam edir,
artıq 47 nəfər oldu və 222 mülki şəxs yaralandı, 2 minə yaxın ev ya
tamamilə dağıldı, ya da ki, böyük ziyan gördü. Mən bunu demişdim,
biz bu insanların qisasını döyüş meydanında alacağıq. Biz heç zaman
mülki şəxslərə qarşı atəş açmamışıq, bu gün də açmırıq, baxmayaraq
ki, Gəncəyə, Tərtərə hücumlar oldu. Bu gün səhər saat 6-dan 8-ə
qədər, – indi saat 9:10-dur, – Tərtər, Ağdam, Goranboy və digər
rayonlara 220-dən çox mərmi düşüb. Yəni, bu namərd hücumlar davam
edir. Onların əsas hədəfi mülki şəxsləri öldürmək, Azərbaycan
əhalisi arasında panika, qorxu yaratmaq, bizi dayandırmaq və öz
çirkin niyyətlərinə çatmaqdır. Ancaq görürlər ki, bu, alınmır və nə
qədər mərmi düşürsə-düşsün Azərbaycan vətəndaşları öz torpağında
qürurla yaşayırlar və bütün bu çətinliklərə dözürlər. Onları
birləşdirən bir amal var – Qarabağın qaytarılması, Azərbaycan
bayrağının işğal edilmiş bütün torpaqlarda qaldırılması və ərazi
bütövlüyümüzün bərpa edilməsidir.
O ki qaldı, toxunduğunuz ikinci məsələyə – niyə Qərb səssiz
qalır? Biz bunu birinci Qarabağ savaşında gördük. Ermənistan bizə
təcavüz etdi, Ermənistan bizim torpaqlarımızı işğal etdi,
Ermənistan bizim xalqımıza qarşı soyqırımı törətdi, ancaq
sanksiyalar Azərbaycana tətbiq edildi. O zaman – 1992-ci ildə,
1993-cü ildə Qərb mətbuatında belə bir təsəvvür yarandı ki, sanki
Azərbaycan işğalçıdır, Azərbaycan təcavüzkardır, Ermənistan isə bu
təcavüzün qurbanıdır. Bu gün də bunu az miqdarda, az həcmdə
görürük. Çünki artıq həqiqəti danmaq, gizlətmək mümkün deyil.
– Cənab Prezident, 1993-cü ildə, xüsusilə noyabr ayında
yenə o dönəmdə atəşkəs elan edilmişdi. Atəşkəsi yenə Ermənistan
pozmuşdu, qətliamlar törətmişdi. İndi baxdığımız zaman atəşkəsi
pozan yenə Ermənistandır. Bu atəşkəslə Azərbaycan Ordusunun
irəliləyişinin dayandırılmasımı istənilir?
– Bilirsiniz, bu, onların taktikasıdır. Atəşkəsi istəyən
Ermənistan oldu. Onlar görəndə ki, artıq döyüş meydanında işğal
edilmiş torpaqları qoruya bilmirlər, onları saxlaya bilmirlər,
onlar atəşkəs üçün müraciət etdilər. Bizə də belə müraciət gəldi, –
bilirsiniz ki, Rusiya bu missiyanı öz üzərinə götürmüşdür, – biz də
dedik ki, humanitar məqsədlər üçün, cəsədlərin dəyişdirilməsi,
əsirlərin dəyişdirilməsi üçün atəşkəs elan oluna bilər. Amma, eyni
zamanda, Moskva açıqlamasında bu, göstərildi ki, müzakirələr
mahiyyət üzrə bərpa edilməlidir. Həmçinin müzakirələrin formatı da
dəyişməz qalmalıdır. Ancaq görünür ki, onlar bu atəşkəsdən istifadə
etmək istəyiblər, bir gün keçməmiş Gəncəyə bu namərd hücumu təşkil
etdilər. Ondan sonra bizim digər şəhərlərimizi vurmağa başladılar
və faktiki olaraq bu atəşkəsi kobudcasına pozdular. Ona görə bu,
onların taktikasıdır. Görünür, onlara bu atəşkəs ona görə lazım idi
ki, öz qüvvələrini toparlasınlar, səfərbərlik tədbirləri görülsün
və bizə yeni hücum təşkil edilsin. Çünki bu atəşkəsdən sonra onlar
Hadrut qəsəbəsini yenə də işğal altına almaq istədilər, üç dəfə
oraya hücum etdilər. Amma üç dəfə də məğlub oldular. Onların
niyyəti itirilmiş və onlara mənsub olmayan torpaqları yenə də
qaytarmaq və beləliklə, öz işğalçılıq siyasətini davam
etdirməkdir.
– Bu arada, “Hadrut hələ də bizdədir”, – deyə hazırda
yalan təbliğat aparılır, qəbul edə bilmirlər.
– Bəli, bu günə qədər bu yalan təbliğatı aparırlar. Hadrutda
artıq neçə gündür ki, Azərbaycan bayrağı dalğalanır. Hadrutun
ətrafındakı yüksəkliklərin, təpələrin mütləq əksəriyyəti bizim
nəzarətimizdədir. Əgər Hadrut götürülməsəydi, Xocavənd rayonunun
kəndləri də götürülə bilməzdi, o zaman Füzuli rayonunun kəndləri də
götürülə bilməzdi. Biz ancaq Hadrut istiqamətindən oraya
irəlilədik.
– Cənab Prezident, humanitar atəşkəsin tətbiq edildiyi
tarixdən etibarən xüsusilə İrəvanın hava limanına Rusiyadan,
İrandan karqo təyyarələri ilə davamlı olaraq raketlər göndərilir.
Bununla da, əslində, cinayət törədilir. Bu barədə, xüsusilə İran
Prezidenti Ruhani ilə sərhəd qapısının bağlanması ilə bağlı
danışdınız, Rusiya ilə də danışdınız, raketlərin göndərilməsi
barədə. Bu silahlar ödənişsiz verilir. Bu baxımdan İran və Rusiyaya
nə demək istərdiniz?
– İrandan Ermənistana silahların göndərilməsi ilə əlaqədar bizdə
hər hansı bir məlumat yoxdur. Əksinə, deyə bilərəm ki, İran və
Gürcüstan öz hava məkanını və quru yollarını Ermənistana silahların
daşınmaması üçün bağladı. Buna görə biz İran və Gürcüstan
hökumətlərinə bir daha təşəkkürümüzü bildirmək istəyirik. Bizdə
olan məlumata görə, Gürcüstan ərazisindən bu gün mülki
təyyarələrlə, eyni zamanda, karqo təyyarələri ilə qaçaq yolla silah
göndərilir.
Ermənistan bu yaxınlarda bir təyyarə satın almışdır. Bizdə olan
məlumata görə, təqribən 30-40 milyon dollara almışdır. Bu təyyarəni
alan Rusiyada yaşayan zəngin erməni iş adamlarıdır, Karapetyan,
Abramyan və başqaları. Onlar Rusiyada yaşayan erməniləri bizə qarşı
vuruşmaq üçün Qarabağa muzdlu kimi göndərirlər. Eyni zamanda, bu “İl-76” təyyarəsinin alınması Ermənistana imkan verdi ki, o
silahları qaçaq yollarla Ermənistana gətirsin. Çünki hər dəfə hərbi
təyinatlı məhsullar göndəriləndə bu, bəyan edilir. Onların
bəyanatlarında isə bu, mülki karqodur. Amma onun içərisində tank
əleyhinə “Kornet” və “Konkurs” silahları, “İqla” hava hücumuna
qarşı silahlar, eyni zamanda, bizdə olan məlumata görə, Rusiyada
qaçaq yollarla alınmış raketlər göndərilir. Ona görə biz Beynəlxalq
Mülki Aviasiya Təşkilatına rəsmən müraciət etdik ki, bu məsələni
araşdırsın, bunu dayandırsın. Bu, beynəlxalq cinayət sayılır. Bu
qaçaq silahların Ermənistana göndərilməsi qəbuledilməzdir.
Rusiya rəsmi orqanları tərəfindən də bizə açıqlama verildi ki,
Rusiya Ermənistana silah göndərmir. Ona görə bizim fikrimizcə, bu
silahları Rusiyada yaşayan erməni iş adamları, zəngin iş adamları
qanunsuz yollarla bəzi hərbi zavodlardan alıb Ermənistana
göndərirlər. Bu istiqamətdə araşdırmalar davam etdirilir.
– İndi isə, cənab Prezident, cəbhəyə “gedəcəyik”. Təbii
ki, Azərbaycan və Türkiyə xalqları cəbhədən gözəl xəbərlər, gözəl
müjdələr gözləyirlər. Mən xəritəni göstərmək istəyirəm, təbii ki,
18 min kvadratkilometrlik bir ərazidən bəhs edirik. Bu ərazi otuz
ildir ki, işğal altındadır. Bu bölgələrin bu günə qədər neçə min
kvadratkilometrlik sahəsi azad edilib? Hazırda Azərbaycan Ordusu
irəliləyir, böyük zərbələr vurur. Deyirik ki, bu günə qədər erməni
ordusu öz gücünün yarısını itirib. Rəqəm olaraq erməni ordusu nə
qədər itkiyə uğradıldı? Bununla bağlı bir rəqəm öyrənə bilərikmi,
cənab Prezident?
– Azad edilmiş torpaqları hesablamaq o qədər də çətin məsələ
deyil, halbuki hər gün bu, dəyişir. Dünən mən yeni altı kəndin
işğaldan azad edilməsi xəbərini Azərbaycan xalqına çatdırdım. Ondan
əvvəlki gündə daha çox sayda kəndlər azad edildi. Bu proses davam
edir. Demək olar ki, hər gün biz yeni əraziləri işğaldan azad
edirik, hər gün yeni strateji yüksəklikləri azad edirik. Ona görə
bu rəqəmlər dəyişir. Ancaq bu gün rəsmi qaydada verilən məlumat
deməyə əsas verir ki, hansı bölgələr azad edildi.
İndi bu xəritədə, misal üçün, Hadrut yoxdur. Artıq Hadrut
bizdədir. Füzulinin ətrafında kəndlərin mütləq əksəriyyəti
bizdədir. Artıq Füzuli bizim gözümüzün qabağındadır. Ondan sonra
cənub istiqamətində də irəliləmişik. Şimalda Murovdağ mövqeləri
bizdədir, Suqovuşan bizdədir. Yəni, bütün istiqamətlər üzrə böyük
uğurlar əldə etdik və bu proses davam edir. Hesab edirəm və əminəm
ki, Azərbaycan xalqı bunu diqqətlə izləyir. Xüsusilə o kəndlərin
sakinləri ki, o kəndlər işğaldan azad edilir, onlar üçün əlbəttə,
bu, tarixi günlərdir.
– Yəni, orta hesabla təxminən neçə min kvadratmetr
olur?
– Bunu demək istəməzdim. Çünki bu, hər gün dəyişən rəqəmdir.
Ancaq bizim məqsədimiz ərazi bütövlüyümüzü tam bərpa etmək və
Azərbaycan bayrağını işğal edilmiş bütün torpaqlarda
qaldırmaqdır.
– Bəs, erməni itkiləri ilə bağlı rəqəmin nə qədər
olduğunu deyə bilərsiniz?
– Bu rəqəmlər də hər gün dəyişən bir statistikadır. Yalnız
200-dən çox tank məhv edildi, 33 tank qənimət kimi götürüldü, onlar
bizdə saz vəziyyətdədir. Hava hücumuna qarşı 35 OSA sistemi məhv
edildi. Hava hücumuna qarşı çox müasir iki S-300 sistemi məhv
edildi.
– Çox qiymətli, bahalıdır.
– Bəli, çox qiymətli, ondan sonra TOR, o da çox bahalı, o da
hava hücumuna qarşı sistemdir. Təqribən 170 karqo maşını ya məhv
edildi, ya da bizdədir. Həmçinin 16 komanda mərkəzi məhv edildi.
Bizim hesablamalarımıza görə, bu günlər ərzində Ermənistan ordusuna
təxminən 2 milyard dollar ətrafında ziyan dəydi və bu, davam edir.
Mən demişəm və Ermənistan rəhbərliyinə də müraciət etmişəm, siz
atəşkəsə əməl edin, bizə təqvim verin, torpaqlarımızdan çıxın, bu
müharibə dayansın, siz də indi qalan silahlarınızı xilas edin.
Yoxsa belə gedərsə, biz onların bütün silahlarını məhv
edəcəyik.
– Ermənistanın insan itkisi nə qədərdir, cənab
Prezident?
– İnsan itkisi barədə onların verdiyi rəqəmi, – mən mətbuatda
gedən rəqəmi deyirəm, – təqribən 600-dən çoxdur. Amma bizdə olan
məlumata görə, onlarda itki bundan bir neçə dəfə çoxdur.
– Yəni, Ermənistan az göstərməyə çalışır?
– Təbii.
– Amma cəbhədə vəziyyət fərqlidir.
– İndi əgər 200 tank məhv edilibsə, bu tankın içində olan
əsgərlərin sayına baxın, artıq neçəyə çatır. Ondan sonra döyüş
meydanlarında, komanda mərkəzlərində, digər qurğularda. O
görüntülər var, onların texnikası necə məhv edilir, ona görə
hansısa konkret rəqəm demək istəməzdim. Çünki mən hər zaman dəqiq
rəqəmlərə sadiqəm, yoxlanılmamış rəqəmləri səsləndirmək istəmirəm.
Amma təbii ki, 600-dən daha çoxdur.
– Yəni, Ermənistanın silahlarının yarısına yaxını yox
edildi deyə bilərikmi, cənab Prezident?
– Biz bilmirik, onlarda nə qədər silah var. Amma bir sual ortaya
çıxır ki, onlar bu silahları hansı pulla alıblar? Ermənistanın
büdcəsi də, valyuta ehtiyatları bəllidir. Təkcə 17-18 gün ərzində
onların 2 milyard dollarlıq silahları məhv edilib və hələ də
silahları var. Məhv edilmiş bu silahlar yalnız işğal edilmiş
torpaqlardadır. İndi Ermənistan ərazisində nə qədər silahlar var?
Baxın, bunlarda nə qədər silah var? Haradan aldılar bunu, haradan
bu pulu tapdılar? Təbii ki, bunlarda bu qədər pul yoxdur. Deməli,
bunu havayı aldılar.
– Cənab Prezident, 18 oktyabr önəmli bir gündür.
Azərbaycanın müstəqillik günüdür. Azərbaycan xalqı bu tarixdə
Sizdən bir müjdə gözləyir, İnşallah. Qarabağla bağlı bir müjdəniz
olacaqmı? Buradan “A Haber” ekranlarından bütün Türkiyəyə və
azərbaycanlı qardaşlarımıza o müjdəni bölüşmək
istərdinizmi?
– Bilirsiniz, bu, doğrudan da tarixi bir gündür. Çünki
Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşdu. Müstəqilliyin
ilk illəri bizim üçün çox ağır keçdi, faciəvi keçdi. Biz
müstəqilliyimizi itirə bilərdik. Necə ki, 1920-ci ildə itirdik,
cəmi iki il çəkdi. Ondan sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut
etdi. Bu dəfə də Ermənistanın Azərbaycana təcavüzü, eyni zamanda,
Azərbaycanın daxilində gedən çarpışmalar böyük böhrana səbəb oldu.
Yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən
sonra vəziyyət sabitləşdi, sabitlik təmin edildi və Azərbaycan
inamla inkişaf yoluna qədəm qoydu.
Ona görə 18 oktyabr tarixi bizim üçün çox əziz bir tarixdir.
Ancaq bu müddətdə – bu 17-18 gün ərzində mən heç zaman bizim ordu
qarşısında bu tarixdə bunu alacaqsan, o tarixdə bunu alacaqsan
vəzifəsi qoymamışam. Çünki müharibənin öz qaydaları, öz qanunları
var. Bizim üçün əsas məsələ ərazi bütövlümüzü bərpa etməkdir. Nə
zaman müjdə veriləcək – 17-dəmi, 18-dəmi, 19-damı, bu, o qədər
önəmli deyil. Önəmli odur ki, biz bunu edək, buna nail olaq. Eyni
zamanda, biz bəzi kəndlər haqqında məlumatı bu gün də verə bilərik
və bəlkə də olacaq. Ancaq ən önəmlisi strateji yüksəklikləri
götürməkdir. Çünki bu yüksəklikləri götürərkən biz daha böyük
əraziyə nəzarət edirik. Bundan sonra Azərbaycan Ordusunun əks-hücum
əməliyyatının daha da uğurlu olmasına şərait yaradırıq.
– Qarabağın qəlbi, gözü Şuşadır. Azərbaycanlıların
gözü-qulağı Şuşadan gələcək xəbərdədir. İstiqaməti Şuşa olaraqmı
verdiniz, inşallah?
– İstiqamət hər tərəfdir. İşğal edilmiş torpaqların hər bir
qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər
bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə
müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki,
Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim
tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan
xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki,
Şuşasız bizim işimiz yarımçıq olar. Təbii ki, müzakirələr
prosesində də hər zaman bu məsələ gündəlikdə idi.
Bilirsiniz, bundan əvvəlki dövrdə danışıqlar masasında bir çox
məsələlər var idi. Bəzi təkliflər ondan ibarət idi ki, yaxşı,
Azərbaycan bu beş rayonu alsın, bununla kifayətlənsin. Qalanlar da
qalsın, yəni, hər şeyi siz almaq istəyirsiniz, belə şey olmur,
kompromis olmalıdır və sair. Ancaq mən heç vaxt buna getməmişəm.
Beş rayonu alıb qalan rayonları sonraya, qeyri-müəyyən vaxta
saxlayıb, məsələni bitmiş hesab etmək heç cür düzgün olmazdı. Ona
görə müxtəlif mərhələlərdə vasitəçilər və bəzi beynəlxalq
təşkilatlar təəccüb edirdilər ki, nə üçün İlham Əliyev buna
razılaşmır. Axı, ona deyirik ki, indi beş rayon, halbuki Ermənistan
indi görünür o beş rayonu da vermək istəmirdi. Ancaq belə təkliflər
olub. Amma mənim mövqeyim hər zaman belə olub ki, Şuşasız bizim
işimiz yarımçıq olar. Ona görə təbii ki, Şuşanın işğaldan azad
edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur. Biz buna
çalışmalıyıq, biz buna nail olmalıyıq. Bu, nə zaman olacaq?
– Yaxındamı, cənab Prezident?
– Onu, yəni, yaxın gələcək göstərər.
– İnşallah. Yəqin ki, Qarabağı azad etmək rəhmətlik
atanızın vəsiyyətidir. Vəsiyyətini də yeri gəlmişkən Sizdən
öyrənmək istərdik. Vəsiyyətini hazırda həqiqətən yerinə
yetirirsiniz. Sizi də, Azərbaycan xalqını da Türkiyə xalqı adından
təbrik edirik. Atanızın vəsiyyəti barədə nə söyləmək
istəyirsiniz?
– Bilirsiniz, mən hər zaman çalışmışam ki, atamın yoluna sadiq
olum. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə
seçkilərdən əvvəl mən demişdim ki, əgər siz mənə bu inamı, etimadı
göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün
istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Şadam ki, sözümə sadiq
oldum, sözümü tutdum. Bu gün Azərbaycanın sürətli və uğurlu
inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə
daxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyük
layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun
davamıdır.
Təbii ki, dünya dəyişir. Dünyadakı güclər nisbəti də dəyişir.
Bugünkü dünya 2003-cü ildəki dünya ilə əlbəttə ki, müqayisə edilə
bilməz. Ancaq bizim strateji hədəflərimiz dəyişməz olaraq qalır. O
da müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç
vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz
qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etməkdir.
Yəni, qısa desəm, atamın vəsiyyəti bundan ibarətdir.
Əlbəttə ki, ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli
vəzifədir. Biz buna nail olmaq üçün böyük səy göstərdik – siyasi,
iqtisadi, diplomatik, hərbi. Bizim ordumuz faktiki olaraq yenidən
quruldu. Bu gün ordumuzun potensialı bütün dünyanın gözü önündədir.
Mənə verilən məlumata görə, inkişaf etmiş bəzi ölkələrin hərbi
mütəxəssisləri də artıq bizim təcrübəmizi öyrənirlər. Mən əminəm
ki, bu təcrübə kitablarda da, tədqiqatlarda da əksini tapacaq. Ona
görə atamın yoluna sadiq qalaraq bu şərəfli missiyanı icra edirik.
İnşallah, sona qədər başa çatdıracağıq.
– Azərbaycan çox güclü bir ordu yaratdı. Birinci Qarabağ
müharibəsində hava qüvvələri belə yox idi, ancaq indi artıq güclü
bir hava qüvvələri, güclü bir ordu var. Təbii ki, “TB2” silahlı
pilotsuz uçuş aparatları da bölgədə böyük bir güc oldu. Türkiyədən
satın aldınız və hazırda istifadə edirsiniz. Silahlı pilotsuz uçuş
aparatları müharibənin gedişini necə dəyişdirdi?
– Çox dəyişdirdi. Çünki bilirsiniz, Ermənistan 30 il ərzində
işğal edilmiş o bölgələrdə bütün təmas xətti boyunca çox güclü
istehkam qurmuşdu. Çox böyük mühəndis-istehkam işləri görmüşdü.
Bəzi yerlərdə onların dörd müdafiə xətti var. Böyük xəndəklər
qazıldı, digər mühəndislik işləri görüldü. Çox böyük beton
plitələri vardır, sığınacaqlar vardır, bunkerlər vardır. Bir də
bölgənin relyefi elədir ki, o, təbii istehkamdır. Çünki o dağlıq
ərazidir və biz aşağıdan yuxarı gedirik. Hər bir ordu üçün bu,
böyük çətinlikdir. Çətin bir iş və çox riskli bir işdir. Ona görə
bizim bu istiqamətdə gördüyümüz işlər, əlbəttə ki, böyük
qəhrəmanlıq tələb edirdi və biz düşmənin texnikasını dəqiq məhv
etmək üçün mütləq pilotsuz uçuş aparatlarına möhtac idik. Çox şadıq
ki, qardaş Türkiyənin inkişaf etmiş hərbi sənaye kompleksi bu gözəl
SİHA-ları və İHA-ları istehsal etməyə başlamışdır. Azərbaycan
Türkiyənin xaricində ilk ölkələrdəndir ki, bu SİHA-ları ala bildi.
Mən artıq bunu söyləmişəm, yalnız Türkiyə istehsalı olan SİHA-larla
bir milyard dollar dəyərində olan erməni hərbi texnikası məhv
edildi. Qalan bir milyardı da bizim hərbi vasitələrlə məhv edildi.
Yəni, bu, müharibənin gedişatını çox dəyişdirdi.
– Bölgədə tunellərdən, laylı müdafiədən bəhs etdiniz.
Əslində, biz onu Suriyadakı əməliyyatlarda görmüşdük. Bunlar PKK,
PYD-nin istifadə etdiyi üsullardır. Otuz ildir bölgədə eyni üsuldan
istifadə edilir. Bu baxımdan orada PKK-nın, PYD-nin bir dəstəyi
varmı?
– Ola bilər. Bizdə bu toqquşmadan da əvvəl məlumat var idi ki,
PKK-çılar orada düşərgə qurmuşlar. Çünki bilirsiniz, Dağlıq Qarabağ
nəzarətsiz bir ərazi idi. Orada hər hansı bir beynəlxalq nəzarət
mexanizmi yox idi. Çünki indi Ermənistan da, Azərbaycanda bir çox
beynəlxalq təşkilatların üzvüdür. Orada nəzarət mexanizmləri də
var, monitorinq də var. Bu isə boz bir sahə, yəni nəzarətsiz bir
sahədir. Ona görə orada qaçaqmalçılıq, narkotik ticarəti, qanunsuz
silahlı birləşmələrin təlimləri və PKK düşərgələri də mövcud idi.
İstisna edilmir ki, onlar da bu istehkamların qurulmasında rol
oynayır.
– Bölgədə neçə dənə PKK düşərgəsi var?
– Onu biz deyə bilmərik. Çünki onlar bir yerdə dayanmırlar,
onlar yerlərini dəyişirlər. Amma kifayət qədər çox idi. Hər halda
bu məlumat bizdə bu son toqquşmadan əvvəl də var idi. Bu gün erməni
tərəfindən vuruşan, öldürülən insanlar arasında şübhəli insanlar da
var. Hər halda Kanada pasportlu, Livan pasportlu insanlar var.
Şəxsiyyətini müəyyən etmək mümkün olmayan insanlar var. Amma
dəqiqdir ki, onlar erməni əsgəri deyil. Yəni, onlar
muzdlulardır.
– Bölgədə xüsusilə Ermənistan öz ərazilərindən raket
hücumları həyata keçirir. Öz ərazisindən hücumlara davam edərsə,
Sizin üçün Ermənistan ərazilərinə əməliyyat haqqı
yaranarmı?
– Xeyr, bizim belə fikrimiz yoxdur. Mən bunu dəfələrlə demişəm,
bizim Ermənistan ərazisində hər hansı bir hərbi hədəfimiz yoxdur.
Hərbi əməliyyatları Ermənistan ərazisinə keçirmək fikrimiz də
yoxdur. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Biz,
sadəcə olaraq, ölkə hüdudları çərçivəsində, beynəlxalq təşkilatlar
və dünya birliyi tərəfindən tanınmış qanuni Azərbaycan torpaqları
çərçivəsində bu əməliyyatları aparırıq. Bu günə qədər biz
Ermənistan ərazisinə keçməmişik.
Onu da bildirməliyəm ki, iyul ayında Ermənistan-Azərbaycan
sərhədində bizə qarşı hücum təşkil edilmişdir. Ermənistan silahlı
qüvvələri Tovuz bölgəsinə və onun müəyyən yerlərinə girə bilmişdir.
Biz onları oradan rədd etdik, öz torpaqlarımızı qoruya bildik.
Onları sərhəddən kənara atdıq. Ondan sonra da sərhədi keçə
bilərdik. Yəni, bizim qarşımızda hər hansı bir ciddi maneə yox idi.
Onsuz da bu döyüş də onu göstərdi ki, əgər burada biz keçə
bilmişiksə, orada daha asandır. Çünki orada bu istehkamlar yoxdur.
Amma bunu etmədik. Çünki biz hesab etdik ki, bu, düzgün olmaz. Biz
öz torpağımızda özümüzü müdafiə edirik və işğalçıları öz
torpaqlarımızdan qovmalıyıq. Ancaq, eyni zamanda, əgər onlar
Ermənistan ərazisindən bizə qarşı “Toçka-U”, “İsgəndər”, “Skad” və
başqa çox təhlükəli silahlardan istifadə etməyi davam edəcəklərsə,
– necə ki, Gəncəni onlar Ermənistanın Vardenis rayonundan vurdular,
– bu, bizim üçün legitim, qanuni hərbi hədəflər olacaq. Bunu hər
kəs bilsin.
– Türkiyədən və Pakistandan Sizə dəstək mesajları gəlir.
Xüsusilə Prezident Rəcəb Tayyib Ərdoğan “Hər cür dəstəyi verməyi
hazırıq” dedi. Bu baxımdan Türkiyə və Pakistandan hərbi dəstək
istəyəcəksinizmi?
– Xeyr. Bizim belə bir fikrimiz yoxdur. Türkiyə və Pakistan bizə
ilk dəstək olan ölkələrdir. Onlardan sonra bu ölkələrin sayı artdı.
Ondan sonra Əfqanıstan bizə açıq dəstək göstərdi. Bosniya və
Herseqovina, ondan sonra digər ölkələr dəstək göstərdilər. Ən çox
dəstək göstərən qardaş Türkiyə olmuşdur. Mənim qardaşım, hörmətli
Prezident Rəcəb Tayyib Ərdoğan ilk saatlardan çox dəqiq və çox qəti
mesajlar verdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın
yanındadır. Bu, bizi daha da ruhlandırdı. Ancaq hərbi dəstəkdən
söhbət gedə bilməz. Buna ehtiyac yoxdur. Bu gün Ermənistanın baş
naziri tərəfindən uydurulan yanlış məlumat, əlbəttə ki, beynəlxalq
ictimaiyyəti çaşdırmağa yönəlib. Misal üçün, dünən Rusiya
televiziyasına verdiyi açıqlamasında demişdir ki, Azərbaycan
tərəfində Türkiyə vuruşur, Pakistan vuruşur, Suriyadan, Liviyadan
olan əsgərlər vuruşur. Bunlar hamısı yalandır. Bu yalanı ifşa etmək
o qədər də çətin məsələ deyil.
Toqquşmaların ilk günündə demişdilər ki, Ermənistanın Su-25
təyyarəsini Türkiyənin F-16 təyyarəsi vurmuşdur. Biz dedik ki,
sübut verin. Verə bilmədilər. Sonra hər kəs gördü ki, bu, yalandır.
İndi bunu artıq demirlər. İndi yeni yalan ortaya atırlar ki, guya
Pakistan və türk əsgərləri bizimlə bərabər vuruşurlar. Sübutlar
versinlər. Yoxdur, bu. Sadəcə olaraq, Ermənistan tərəfi birinci
növbədə istəyir ki, Azərbaycan Ordusunun gücünü pərdələsin. Guya
ki, Azərbaycan təkbaşına bunu edə bilməzdi. İkincisi, onun daha bir
yalanı odur ki, guya bu toqquşma artıq bölgədən çıxıb, daha qlobal
bir toqquşmaya çevrilib. Bu da yalandır. Bizim Türkiyədən,
Pakistandan və başqa qardaş ölkələrdən aldığımız dəstək yalnız
mənəvi və siyasi dəstəkdir.
-Cənab Prezident, Türkiyə və Azərbaycanın dostluğu,
əlaqələri, yaxınlığı kimləri narahat edir?
-Bizi istəməyənləri. Türkiyənin gücünün artırılmasını
istəməyənlər.
-Kimlər?
-Yəni, bunların kimlər olduğu bəllidir. Bir çox ölkələrdə belə
dairələr var. Bu, islamofob dairələrdir. Təəssüf ki, bu gün
Avropada islamofobiya artır. Kasıb ölkələrdən gələn qaçqınlara olan
münasibət də göz qabağındandır. Ona görə islamofob partiyalar bu
gün bir neçə Avropa ölkəsində parlamentdə yer alırlar. Radikal
faşist partiyalar daha çox səs qazanırlar. Bu, çox təhlükəli bir
meyildir. İlk növbədə, Avropa üçün təhlükəli meyildir. Çünki bu,
irqçiliyə, ayrı-seçkiliyə, ksenofobiyaya, islamofobiyaya şərait
yaradan bir meyildir. Eyni zamanda, islamofob qüvvələrlə yanaşı,
Türkiyənin gücündən narahat olan dairələr var. Çünki bugünkü
Ərdoğan Türkiyəsi 20 il əvvəlki Türkiyə deyil. Bunu biz də bilirik,
Türkiyədə yaşayan qardaşlarımız da bilirlər. Bu gün Türkiyə dünyada
söz sahibidir. Heç kim Türkiyəyə nəyi isə diktə edə bilməz, nəyi
isə məcbur edə bilməz. Türkiyə öz maraqlarını, öz müttəfiqlərinin
maraqlarını dünyada layiqincə müdafiə edir, öz təhlükəsizliyini
bildiyi kimi təmin edir, beynəlxalq aləmdə söz sahibidir. Bölgədə
Türkiyənin iştirakı, razılığı olmadan hər hansı bir məsələ həll
edilə bilməz. Suriya, Liviya, ondan sonra Aralıq dənizi – bütün
bunlar onu göstərdi. Ona görə bunlar Türkiyənin gücünü istəməyən və
bundan narahat olan qüvvələrdir. Bu, təbiidir.
-Cənab Prezident, birlikdən qüvvət doğar dediniz.
Türkiyənin güclü olması nə üçün önəmlidir?
-Türk dünyası üçün ona görə ki, bu, böyük bir gücdür və bizi
gücləndirir. Mən bunu dəfələrlə demişəm. Türkiyədə də demişəm,
Azərbaycanda da. Əziz qardaşım Prezident burada olanda demişəm ki,
Türkiyə-Azərbaycan birliyi bölgə üçün sabitlik gətirir. Əgər
toqquşmaların ilk saatlarında Türkiyədən bu dəqiq mesajlar
gəlməsəydi, bəlkə də bu işlərə başqaları qarışa bilərdi. Türkiyənin
bu mesajları hər kəsə “dur” dedi. Azərbaycan tək deyil. Türkiyə
işin sonuna qədər Azərbaycanın yanındadır. Əlbəttə ki, bu gün
Azərbaycan-Türkiyə birliyi artıq çox ciddi geosiyasi amilə
çevrilibdir və bu, müsbət amildir. Bizim birliyimiz hər hansı bir
ölkənin maraqlarına qarşı deyil. Biz, sadəcə olaraq, öz
maraqlarımızı müdafiə edirik, öz yolumuzu davam etdiririk. Heç kim
bizim işimizə qarışmasın, heç kim bizim daxili məsələlərimizə
burnunu soxmasın. Biz bunu istəyirik. Türkiyə bu günə qədər kimin
işinə qarışıb? Heç kimin. Azərbaycan kimin işinə qarışıb? Heç
kimin. Sadəcə, biz deyirik ki, bizə də dəyməyin, kənarda durun.
Dost olaq, tərəfdaş olaq, işbirliyi edək. Amma sizinki sizdə,
bizimki bizdə. Biz bunu istəyirik və buna haqqımız çatır.
-Qarabağ probleminin həllində Türkiyəsiz bir masadan
həll yolu tapılarmı?
– Əslində, de-fakto Türkiyə artıq masadadır. Mən bunu
söyləmişəm. Bu, reallıqdır. Bu gün Türkiyə digər bölgədə yerləşən
ölkələrlə bu məsələni danışır, müzakirə edir. Siz də bilirsiniz,
Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub.
Xarici İşlər nazirlərinin, Müdafiə nazirlərinin danışıqları
olubdur. Eyni zamanda, iranlı həmkarları ilə Türkiyənin yüksək
vəzifəli şəxslərinin əlaqələri olubdur, digər ölkələrlə. Ona görə
Türkiyə de-fakto buradadır. Sadəcə olaraq, Minsk qrupu 1992-ci ildə
təşkil olunduğu üçün, – onsuz da Türkiyə Minsk qrupunun üzvüdür, –
o zaman bilmirəm hansısa səbəblərə görə həmsədr olmadı. Yəni, biz
çox istərdik ki, bəri başdan Türkiyə həmsədr olsun. Ancaq o zaman
Türkiyə özü bunu etmədi. Özü istəsəydi, məncə olardı. Çünki ona
görə mən deyirəm, bugünkü Ərdoğan Türkiyəsi ilə o Türkiyə arasında
böyük fərq var. Əgər həmsədr olsaydı, o zaman təbii ki, bu məsələ
çoxdan həll olunardı. Ona görə biz deyirik ki, Türkiyəsiz bu məsələ
həll olunmaz. Mən demirəm ki, Minsk qrupu artıq tarixdə qalsın.
Yox, qoy onlar da çalışsınlar. Halbuki 30 il ərzində bir nəticəyə
gəlmədilər. Amma Türkiyəni bu prosesdən kənardan saxlamaq həm
düzgün deyil, həm də ki, mümkün deyil.
-Cənab Prezident, Minsk qrupunun həmsədri Fransanın
münasibətini necə dəyərləndirirsiniz?
-Bilirsiniz, Fransanın son açıqlamaları hesab edirəm ki, müsbət
açıqlamalardır. Eyni zamanda, mənim Fransa Prezidenti ilə son
telefon danışığım da çox müsbət olubdur. Təbii ki, Fransa həmsədr
kimi bitərəf olmalıdır. Mən bunu demişdim. Hər bir ölkənin başqa
ölkə ilə xüsusi əlaqələri ola bilər. Yəni, milli səviyyədə hər bir
ölkə sərbəstdir. Heç kim buna bir irad tuta bilməz. Ancaq
həmsədrlik artıq başqa bir mexanizmdir. Bu, həmsədr olan ölkələrin
üzərinə böyük məsuliyyət qoyur. Ona görə onlar bu mandat
çərçivəsində gərək bitərəf olsunlar. Hesab edirəm ki, bu günə
Fransanın addımları və yanaşması müsbətdir.
-Rusiya Xarici İşlər naziri Lavrov bir açıqlama verdi.
Açıqlamasında Qarabağ bölgəsinə hərbi müşahidəçilər göndərə
biləcəklərini söylədi. Buna razılıq verərsiniz?
-Bilirsiniz, eyni zamanda, Rusiyanın Prezident ofisində deyildi
ki, bu, hər iki tərəfin – Azərbaycanın və Ermənistanın razılığı
əsasında ola bilər. Yəni, bu, əslində, hər şeyi özü deyən bir
məsələdir. Hər iki tərəf buna razılıq verməlidir, bu, birincisi.
İkincisi, təməl prinsipləri arasında, – mən artıq bu məsələ ilə
bağlı fikirlərimi bildirmişəm, – sülhməramlı qüvvələrin bölgəyə
göndərilməsi məsələsi var, ancaq ən son mərhələdə. Torpaqlar
işğaldan azad edilir, beş rayon, ondan sonra iki rayon, daha sonra
Dağlıq Qarabağ ərazisinə və Şuşaya Azərbaycan əhalisi qayıdır.
Ondan sonra sülhməramlı qüvvələr gəlir. Ona görə bu gün bu haqda
danışmaq tezdir. Üçüncüsü, hansı ölkələr bu sülhməramlı qüvvələrin
içində olacaq? Bu da hər iki tərəf arasında razılaşdırılmalıdır. Bu
məsələ ilə bağlı müzakirələr prosesində hər hansı bir müzakirə
olmamışdır. Hesab edirəm ki, Rusiya Prezident ofisindən verilən
açıqlama tamamilə əsaslıdır. Hər iki tərəf buna razı olmalıdır.
Bunun razılığı və bunun təqvimi verilməlidir. Bu gün fəal
münaqişələr gedə-gedə bu haqda danışmaq bir qədər tezdir.
-Təbii. Ermənistanın işğal etdiyi Qarabağda zəngin
yeraltı qaynaqlar var. Bilirik ki, Kəlbəcərdə zəngin qızıl
yataqları var. Əslində, Ermənistanın əsl dərdi qızıl
yataqlarıdırmı?
-Odur. Amma əsas onların bizə olan əzəli nifrətidir. Ermənistan
faşizm siyasəti aparır, Türkiyəyə, Azərbaycana nifrəti aşılayır,
uşaqlara türkləri düşmən kimi qələmə verir. Öz əhalisinin
beyinlərini zəhərləyir. Yəni, Ermənistanın işğalçılıq siyasətinin
təməlində bu dayanır. Əsas məsələ budur. Digər bölgələrin həm
bitkiçilik, həm heyvandarlıq üçün çox münbit, çox gözəl torpağı
var. Onlar bunu istismar edirlər. Kəlbəcərin qızıl yataqları. Onlar
qanunsuz olaraq oranı istismar edirlər. Biz bütün o işdə onlara
yardımçı olan və oraya investisiya yatıran şirkətlərə məktub
göndərmişdik. Mən bu toqquşmadan əvvəl verdiyim açıqlamalarda
demişdim ki, bütün bu xarici şirkətlərə son xəbərdarlıq edirik – ya
dayandırın bu fəaliyyəti, ya da biz sizi məhkəməyə verəcəyik.
Məhkəmədə bizim sözümüz keçəcək. Çünki bu, qanunsuzdur. Oradan
çıxarılan qızılları Ermənistan aparır xaricə satır və pul qazanır.
Orada çıxan təbii qaynaqları, bizim torpaqdan əldə edilmiş məhsulu
onlar Ermənistana daşıyırlar. Ona görə burada bir çox hədəflər var.
Əsas məqsəd bu torpaqları əbədi Ermənistanın tapdağı altında
saxlamaqdır. Onlar buna da nail ola bilmədilər.
-Cənab Prezident, Paşinyanın atası Sorosdur
dediniz.
– Doğrudur.
–İndi Azərbaycan bölgədə Soroslamı mübarizə
aparır?
O cümlədən Sorosla. Əslində, mən dedim ki, Soros deyəndə, təkcə
Corc Sorosu nəzərdə tutmuram. Bu, bir anlayışdır. Bu, bir
hərəkətdır, bu, dağıdıcı bir hərəkətdir, bu, yırtıcı bir
hərəkətdir. Bu, müstəmləkəçi bir hərəkətdir. Paşinyanın Sorosla o
fotoşəklinə baxın, necə eybəcər fotoşəkildir. O, internetdə var.
Durublar, bədənləri də yapışıb bir-birinə. Yəni, utancverici bir
şəkildir, ikisi də gülür, ikisinin də üzündə təbəssüm. Bu şəkil
faktiki olaraq Paşinyanın kim olduğunu göstərir. Çünki Ermənistanda
çevrilişin təşkil edilməsində Soros qruplarının böyük rolu oldu və
Paşinyan, əslində, hər zaman anti-Rusiya mövqeyində olub. Onun
partiyasının adı ermənicə “Yolka”dır. Onu tərcümə etsək “Çıxış”
deməkdir. Haradan çıxış? Rusiya ilə birlikdə Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatından və Avrasiya Birliyindən. O
millət vəkili olarkən hər zaman Rusiyanın əleyhinə idi, anti-Rusiya
mövqeyində idi. Ona görə mən təəccüb edirəm ki, bu günə qədər
Rusiyada bəzi siyasi dairələr onun tərəfini tuturlar. Axı o,
ruspərəst qüvvələrə qarşı inqilab etdi, ruspərəst prezidentləri
həbsə atdı, ruspərəst ana müxalifət partiyasının sədrini həbsə
atdı. Hər şeyi Rusiyanın əleyhinə etdi, Rusiyanın “Qazprom”
şirkətinə, dəmir yolu şirkətinə cinayət işi açdı. Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatının, – hansı ki, NATO tipli bir
təşkilatdır, – erməni əsilli sədrini həbsə atdı. Yəni bu, Sorosun
sözü ilə oturub-duran bir adamdır. Bir də ki, onun komandasına
baxın, onların hamısı Soros Fondunun, Açıq Cəmiyyət Təşkilatının, “Amnesty International”ın nümayəndələridir. Yəni, Soros
Ermənistanda hakimiyyətə gəldi, amma iflasa uğradı.
-Cənab Prezident, Türkiyədən hərbi baza istəyiniz
oldumu? Bu məsələ ilə bağlı bir açıqlama verdiniz, Türkiyə hərbi
baza yarada bilər dediniz. Bu məsələ ilə bağlı bir danışıq
apardınızmı?
-Xeyr, bu məsələ ilə bağlı hər hansı bir danışıq olmamışdır, heç
zaman olmamışdır və bu gün də belə bir məsələ yoxdur. Onsuz da
Türkiyə ilə hərbi sahədə bizim işbirliyimiz gündən-günə
möhkəmlənir. Mən bunu artıq demişəm, bir daha demək istəyirəm ki,
keçən il 10 birgə hərbi təlim keçirilmişdir, həm havadan müdafiə,
eyni zamanda, özəl komandalar, digər sahələr üzrə. Ona görə bu
işbirliyi ən yüksək səviyyədədir və bazanın Azərbaycanda
yaradılması məsələsi heç zaman müzakirə mövzusu olmamışdır.
-Cənab Prezident, Azərbaycan cəbhədə status-kvonu
dəyişdi dediniz. Sizə təqdim edilən status-kvo nə idi və bundan
sonra Azərbaycanın yeni status-kvosu nə olacaq?
-Status-kvo artıq yoxdur. Mən bu haqda öz sözlərimi dedim və bu,
reallıqdır. Status-kvo nə idi? Torpaqların işğal altında
saxlanılması demək idi. Baxmayaraq ki, Minsk qrupunun həmsədrləri
bununla əlaqədar hələ 10 il bundan öncə çox müsbət açıqlama
vermişdirlər ki, status-kvo qəbuledilməzdir. Praktik addım
atılmamışdır və biz 30 il bu status-kvonun dəyişdirilməsini
gözlədik ki, müzakirə prosesi nəticəsində buna nail ola bilərik.
Amma olmadı. Ona görə döyüş meydanında biz bunu artıq məhv etdik. O
artıq yoxdur. İndi Cəbrayıl şəhəri bizdədir, Cəbrayıl rayonunun
kəndlərinin böyük hissəsi bizdədir. Füzuli rayonunun kəndlərinin də
mütləq əksəriyyəti bizdədir. İndi biz Füzuli şəhərini də görürük.
Hadrut bizdədir, Suqovuşan bizdədir.
– İndi Füzuli şəhərinin mərkəzini görə
bilirsinizmi?
-Görürük, əlbəttə, görürük.
–İnşallah, yaxın zamanda oradan bir müjdə gələcək
deyirsiniz.
-İnşallah. Yəni hansı status-kvodan söhbət gedə bilər.
Status-kvo da yoxdur, təmas xətti də yoxdur. Onu da biz yardıq.
Yəni, 30 il sülh yolu ilə müzakirə prosesi çərçivəsində edə
bilmədiyimizi bax, bu günlər ərzində biz etdik.
-Cənab Prezident, Sizdən bir şeyi də soruşmaq istəyirəm.
Müharibə hələ davam edir. Bu müharibədə Sizi ən çox kədərləndirən,
ən çox sevindirən hadisələri soruşacağam. Yeri gəlmişkən, rəmzi bir
foto, Gəncədə 4 yaşındakı Bəxtiyarın yaralı halda ikən gülümsəməsi.
Bu foto bütün dünyaya əsl simvol oldu. Müsahibə aldıq, özü də nə
dedi, dörd yaşındakı ağlı ilə dedi: “Qarabağ bizimdir,
Azərbaycanındır!”
-Bəli.
– Cənab Prezident, Sizə ən çox təsir edən,
kədərləndirən, ən çox sevindirən nələr oldu?
-Ən çox kədərləndirən bizim itkilərimizdir. Həm mülki
vətəndaşlar arasında, həm də əsgərlər arasında. Gənc əsgərlərimiz
fədakarlıq, rəşadət göstərərək doğma torpaqları uğrunda şəhid
olurlar. Bu, böyük faciədir, xalqımız üçün, onların yaxınları üçün,
valideynləri üçün böyük faciədir. Ona görə də hər bir
azərbaycanlının həlak olması mənim üçün ən böyük üzüntüdür, istər
mülki vətəndaş olsun, istər hərbçi olsun, fərq etməz, onların
hamısı bizim soydaşlarımızdır, bizim övladlarımızdır,
qardaşlarımızdır.
Ən çox sevindirən isə Azərbaycan xalqının iradəsidir. Çünki
mərmi altında yaşayan insan yerindən tərpənmir. Tərtəri Ermənistan
Stalinqrada çevirir, ikinci Ağdama, Füzuliyə çevirmək istəyir. Niyə
sən bu mülki şəhəri atəşə tutursan? Bax, o dəfn mərasimi olsun. Bu
gün səhər iki saat ərzində 200-dən çox mərmi atıldı. Niyə? Tərtərdə
nə var? İnsanlar yaşayır. Yəni, bu erməni faşizmidir. Bir də ki,
qorxutmaq istəyir. Bir də ki, fikri gedir 1990-cı illərə ki, onlar
bizə hücum edirdilər, bizim ordumuz onların qabağında dura bilmirdi
və bizim vətəndaşlar o bölgələri tərk edirdilər, qaçqın və məcburi
köçkünə çevrilirdilər. O fikirlə yaşayırlar. Amma bilməlidirlər ki,
indiki Azərbaycan o Azərbaycan deyil. İndiki Azərbaycan güclü
dövlətdir və özünü qoruya bilən bir dövlətdir. Bizim insanlarımız
mərmi altında yaşayır, oranı tərk etmir, evləri yanır, malları
batır, amma deyirlər ki, təki “Vətən sağ olsun!” Bax, məni ən çox
sevindirən budur. Eyni zamanda, bununla bərabər, bizim bayrağımızı
işğaldan azad edilmiş torpaqlarda görməyimdir. Məni ən çox
sevindirən, bax, bunlardır.
-Cənab Prezident, Türkiyədə 83 milyon nəfər hər namazdan
sonra Azərbaycan üçün dua edir. Bu duaları hiss edirsiniz. Buradan
türk xalqına nə demək, nə mesaj göndərmək
istəyərsiniz?
-Təbii ki, görürəm. Bu dualar və Azərbaycan xalqının duaları,
bizim digər ölkələrdə yaşayan dostlarımızın, qardaşlarımızın
duaları bizi qoruyur. Çünki biz haqq yolundayıq. Biz öz torpağımız
uğrunda vuruşuruq. Ermənistan tərəfindən aparılan müharibə şər
qüvvələrin müharibəsidir. Biz hər zaman Türkiyədən dəstək görmüşük,
dəstək hiss etmişik. Son illər ərzində Türkiyə və Azərbaycan
rəhbərliyi bizim ölkələrimizi bir-birinə o qədər güclü tellərlə
bağlayıb ki, bu birlik, bu qardaşlıq sarsılmazdır. Bu günlərdə
Türkiyədən mənə çoxlu məktublar gəlir. Yazırlar ki, “Cənab
Prezident, mən də gəlməyə hazıram, mən də kömək etməyə hazıram”.
Bunlar bizi çox duyğulandırır, çox sevindirir. Bizim birliyimiz bir
daha bu çətin dönəmdə özünü büruzə verir. Ona görə bütün türk
qardaşlarımıza dərin təşəkkürümü bildirirəm. Biz onların dəstəyini
hiss edirik, görürük, bu dəstək bizə əlavə güc verir, bizim
iradəmizi gücləndirir. Mənim əziz qardaşım, hörmətli Prezident
Rəcəb Tayyib Ərdoğan demişdi ki, “Azərbaycan tək deyil, Türkiyə
Azərbaycanın yanındadır”. Bu, əslində, bizim birliyimizi təsvir
edən ən gözəl ifadədir, ən gözəl kəlamdır.
-Cənab Prezident, mən də son olaraq Rəcəb Tayyib
Ərdoğanı necə tərif edəcəyinizi soruşmaq istərdim.
– Rəcəb Tayyib Ərdoğan mənim qardaşımdır. Bizim çox yaxın
münasibətimiz var. Həm prezidentlər kimi, həm də iki insan kimi.
Ona mənim çox böyük hörmətim var. O, dünya lideridir. O, Türkiyəni
böyük zirvələrə qaldırdı. Türkiyəni ucaltdı. Türkiyəni ləyaqətli,
qürurlu dövlət kimi bütün dünyaya tanıtdırdı. Ona qarşı çox böyük
ədalətsizliklər, haqsızlıqlar edilir, həm bəzi ölkələr tərəfindən,
həm də təəssüf ki, Türkiyənin içində də bəzi siyasi qüvvələr
tərəfindən. Təbii ki, mən bu işlərə qarışa bilmərəm. Amma bir insan
kimi buna biganə qala bilmərəm. Çünki onun Türkiyə üçün gördüyü
işlər genişmiqyaslıdır və bu gün Türkiyəni onun kimi sevən, onun
maraqlarını müdafiə edən, öz sinəsini irəli verən ikinci bir insan
yoxdur Türkiyədə. Bunu hər kəs bilməlidir. Azərbaycanda bunu hər
kəs bilir. Türkiyədə də bir çoxları bilir, amma bilməyənlər üçün də
mən demək istəyirəm ki, onlar da görsünlər. Çünki siyasi mübarizə
hər yerdə var. Bir də milli məsələ var. Milli məsələdə hər hansı
bir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısında
birləşməliyik. Bu gün Türkiyəyə də hər tərəfdən hücum edirlər. Ona
tab gətirmək, onun qarşısında sipər kimi dayanmaq çox böyük cəsarət
tələb edir. Böyük peşəkarlıq, bilik, iradə tələb edir. Mənim
qardaşım, bax, belə insandır və mən onu yaxından tanıdığım üçün
bunu tam səmimiyyətlə deyə bilərəm. Ona bundan sonra da
müvəffəqiyyətlər diləmək istəyirəm. Onun sözləri, onun addımları,
onun varlığı bütün türk dünyası üçün önəmlidir və türk dünyasının
birləşməsi, işbirliyinin dərinləşməsi istiqamətində biz bundan
sonra da böyük səylər göstərəcəyik.
-Son sual, cənab Prezident, Türkiyə ilə bir ürək olmaq
lazım olduğunu dediniz. Bu baxımdan Türkiyədə müxalifətdən Sizə
dəstək mesajları gəldimi?
-Belə səylər oldu. Belə mesajlar gəldi. Bilirsiniz, mən elə
insanam ki, hər şeyi necə var elə də deyirəm. Bu məsələdə
diplomatiyaya ehtiyac yoxdur. Mənim üçün Türkiyədə əsas məsələ
mənim qardaşıma olan münasibətdir. Kim ona yaxşı münasibət
bəsləyir, o, mənim ürəyimdədir. Kim ona haqsız münasibət bəsləyir,
kim ona qarşı çıxır, mənim ürəyimdə onlar üçün yer yoxdur. Dəstək
göstərmək istəyən hər kəsə mən, əlbəttə ki, təşəkkürümü bildirirəm.
Ancaq hesab edirəm, hər kəs bilməlidir ki, bu gün Ərdoğan
olmasaydı, Türkiyənin başı böyük dərddə ola bilərdi. Bunu hər kəs
bilsin, hər kəs anlasın. Bunu mən adi bir Azərbaycan vətəndaşı kimi
deyirəm. Bunu siz bu gün 10 milyon Azərbaycan vətəndaşından eşidə
bilərsiniz. Türkiyə-Azərbaycan birliyi möhkəmlənir. Ona görə bu
birliyi təmin edən insanlar da gərək lazımi dəstək alsınlar hər bir
yerdə, milli məsələlərdə. O ki qaldı, partiyalar arasındakı
məsələlərə, o, başqa bir işdir. Milli məsələ var, milli məsələdə
hər kəs gərək vətənpərvər olsun.
-Çox təşəkkür edirəm, cənab Prezident, bizə vaxt
ayırdınız, suallarımızı cavablandırdınız.

