
Hadrut. Trend:
“Azərişıq” ASC-nin 10 illiyinə həsr olunmuş paylayıcı
şəbəkələrin gənc mütəxəssisləri arasında “Yeni nəsil energetiklərin
innovasiya və ustalıq müsabiqəsi”nin final turu Qarabağın gözəl
guşəsi Hadrutda təşkil olunub.
Trend-in Qarabağ bürosu xəbər
verir ki,Yarışda Səhmdar Cəmiyyətin Regional Enerji Təchizatı və
Satışı İdarələri (RETSİ) üzrə keçirilən regional turların qalibləri
iştirak edib.
“Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzində
təşkil olunan final yarışının açılış mərasimində əvvəlcə Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Vətənimizin
azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi 1
dəqiqəlik sükutla yad edilib. Məlumat olaraq bildirilib ki,
yarışların keçirilməsi mütəxəssislərin peşə bilik və bacarıqlarını
daha da inkişaf etdirmək məqsədi daşıyıb.
Energetiklər Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə
ölkəmizin enerji sektorunun daha da təkmilləşdirilməsi
istiqamətində aparılan islahatlar barədə məlumatlar əldə edib.
Həmçinin “Azərişıq” ASC-nin 5 il ərzində işğaldan azad olunmuş
ərazilərdə gerçəkləşdirdiyi irimiqyaslı layihələr haqqında
informasiya qazanıblar. Tədbirdə “Azərişıq” ASC-nin Qarabağda son
illər həyata keçirdiyi yenidənqurma işlərini və yarışların finala
qədər olan mərhələlərini əks etdirən video çarxlar nümayiş
olunub.
Rəsmi hissədən sonra birinci mərhələyə start verilib.
İntellektual mərhələdə 11 komanda – “Ağsu Elektrik Şəbəkəsi (EŞ)”,
“Bağlar Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ)”, “Lənkəran EŞ”,
“Mingəçevir EŞ”, “Salyan EŞ”, “Siyəzən EŞ”, “Şahbuz EŞ”, “Şuşa EŞ”,
“Tovuz EŞ”, “Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsi
(RETSİ)”, “Zaqatala EŞ” nəzəri biliklərini sınayıblar. Onlar hər
birinə 30 saniyə vaxt verilməklə 50 sual cavablandırıblar.
Daha sonra Özbəkistanda təşkil olunan Türkdilli dövlətlərin gənc
energetikləri arasında “Peşə Ustalığı Yarışları”nın qalibi və
“Qran-Pri” mükafatı qazanan “Azərişıq” ASC komandasının nümunəvi
çıxışı nümayiş olunub. Komanda 10 kV-luq dayaqdan gərginlik altına
düşmüş şəxsin azad olunması və ilkin tibbi yardımın göstərilməsi
tapşırığını icra edib. Həmçinin “Azərişıq” ASC-nin Laboratoriya
İdarəsinin operativ qrupu nümunəvi çıxışı ilə yadda qalıb.
Yarışların ikinci mərhələsində energetiklər 3 tapşırıq üzrə peşə
bacarıqlarını əyani şəkildə nümayiş etdiriblər.
Günün yekunlarına əsasən “Şuşa EŞ” komandası birinci, “Lənkəran
EŞ” ikinci, “Ağsu EŞ” və “Zaqatala EŞ” komandaları üçüncü yerə
layiq görülüb. Qalib komandalar diplom və kubokla
mükafatlandırılıb.
“Azərişıq” ASC ölkənin bütün regionlarında maarifləndirici
tədbirlər, yarışlar həyata keçirir. Səhmdar Cəmiyyətin
əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması,
təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının
mühafizəsi məqsədilə belə tədbirlər gələcəkdə də davam
etdiriləcək.

