Bakı. Trend:
Bir vaxtlar sülhün və ədalətin keşiyində duran BMT indi çoxları
tərəfindən iflic olmuş, müharibələrə, qlobal böhranlara və artan
çoxqütblü gərginliyə effektiv reaksiya verə bilməyən bir qurum kimi
qəbul olunur. Bu müzakirələrin mərkəzində iki dövlət başçısı
dayanır: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ABŞ
Prezidenti Donald Tramp. Onlar birlikdə sözügedən təşkilatın
səmərəliliyini itirən nizamına meydan oxumağa hazır olan güclərin
səslərini təmsil edirlər.
Diasporla İş üzrə Dövlət Komitəsindən
Trend-ə bildirilib ki, bu barədə Dona Qrasiya Diplomatiya
Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış siyasi şərhçi və
jurnalist Reyçel Avraham İsrail və dünyanın ən nüfuzlu nəşrlərindən
olan “The Jerusalem Post”da dərc edilən “Yenidənqurma vaxtı:
institutsional iflic fonunda Tramp və Əliyev BMT-də islahatlara
çağırırlar” başlıqlı məqalədə yazıb. Təşkilatın öz Təhlükəsizlik
Şurasının daimi üzvlərinin vetolarının girovu kimi qalmaqla
münaqişələri həll etmək iqtidarında olmadığını, ECOSOC və BMT-nin
sülhməramlı missiyaları kimi qurumların səmərəsizliyə və
bürokratiyaya görə etibarlılığını xeyli itirdiyini, islahatların
sonsuz olaraq ləngidiyi və kiçik dövlətlərin özlərini kənarda hiss
etdiyini, belə bir məqamda “Sıfırlama vaxtıdır” ifadəsinin
populyarlıq qazandığını diqqətə çatdırıb.
Qeyd olunub ki, məsələ ilə bağlı Azərbaycan və ABŞ Prezidentləri
İlham Əliyev və Donald Trampın birgə ismarıcı aydındır: BMT 21-ci
əsrin reallıqlarına uyğunlaşmalıdır, əks halda aktuallığını itirmək
riski ilə üz-üzədir. İki dövlət başçısının təklif etdiyi sıfırlama
kosmetik islahatları deyil, ədalətliliyi, səmərəliliyi və
inklüzivliyi nəzərə alan qlobal idarəetmənin yenidən qurulmasını
nəzərdə tutur. Habelə məsələ artıq islahatların olub-olmayacağı
deyil, nə vaxt gerçəkləşəcəyi və ona kimin rəhbərlik edəcəyidir. Bu
mənada sıfırlama rəmzi bir mesajı ehtiva edir: liderlik yalnız
ənənəvi güclərdən deyil, yeni səslərdən gəlməlidir. Həqiqi
islahatlar olmadan, sıfırlamanın boş ritorika kimi rədd edilməsi
riski var. İslahat təkcə böyük dövlətlərin liderlərinin deyil, orta
və kiçik dövlətlərin koalisiyasını tələb edir.
Yazıda 1990-cı illərdə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi
dörd qətnamənin Azərbaycanın ərazi suverenliyini tanımasına rəğmən
heç vaxt yerinə yetirilməməsi BMT-nin iqtidarsızlığının bariz
nümunəsi kimi göstərilib. Azərbaycan Prezidentinə istinadən
vurğulanıb ki, kiçik və orta dövlətlər ədaləti sistemli şəkildə
təmin edə bilməyən köhnəlmiş strukturlara arxalana bilməzlər. Bu
baxımdan BMT-də islahatların aparılması təkcə qlobal ədalət üçün
deyil, həm də öz suverenliyini və müstəqilliyini müdafiə edən
dövlətlərin səlahiyyətlərinin artırılması üçün də əhəmiyyətlidir.
Ölkəmizin artan beynəlxalq nüfuzuna münasibət bildirən israilli
politoloqun fikrincə, bu gün Azərbaycan beynəlxalq enerji qovşağı
və tranzit dəhlizi funksiyasını yerinə yetirən regional oyunçu
olmaqla yanaşı, 2025-ci ilin avqustunda Ermənistanla imzalanan
sazişindən sonra şərqlə qərb, şimalla cənub arasında əlaqələndirici
missiyasını da uğurla icra edir.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

