Belarus Qarabağda Azərbaycanla əməkdaşlığın yeni perspektivlərini görür – Səfir

Baş səhifə

Bakı. Trend:

Belarus sənaye əməkdaşlığı, birgə istehsalat müəssisələrinin
yaradılması və biznes təcrübəsinin mübadiləsi sahəsində Azərbaycanı
strateji tərəfdaş kimi qiymətləndirir.

Trend xəbər verir
ki, bunu Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri
Dmitri Pineviç Bakıda keçirilən Azərbaycan-Belarus biznes forumunda
çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Belarus və Azərbaycan arasında iqtisadi
əlaqələrin gələcək inkişafı üçün möhkəm təməl formalaşıb. Səfir
xüsusilə sənaye əməkdaşlığına diqqət çəkərək bunu iki ölkə arasında
əməkdaşlığın əsas istiqaməti adlandırıb.

“Biz birgə layihələrin həyata keçirilməsi üçün, ələlxüsus da
sənaye istehsalı və infrastruktur tikintisi sahəsində böyük
imkanlar görürük. Belarus ixrac yönümlü ölkədir və ÜDM-in yarısı
xarici bazarlar hesabına formalaşır. Buna görə də Azərbaycan
biznesi, özəl sektor və dövlət dəstək strukturları ilə sistemli
əməkdaşlıqla maraqlıyıq”, – deyə səfir bildirib.




O həmçinin Azərbaycanda sahibkarlığın dövlət fondları və dəstək
mexanizmlərinin əhəmiyyətini vurğulayıb, bunların dövlətə
müəssisələrin kapitalında 30%-dək iştirak etmək və 5–7 il ərzində
çıxış imkanı yaratdığını qeyd edib.

Diplomat Qarabağda həyata keçirilən iri infrastruktur
layihələrinə də diqqət çəkib. Onun sözlərinə görə, bölgənin
inkişafı Azərbaycanın ərazilərin bərpasına strateji yanaşmasının
simvoluna çevrilib.

“Mən 20 dəfədən çox Qarabağa səfər etmişəm və bölgənin
görünüşünün necə sürətlə dəyişdiyini qeyd edə bilirəm. Şəhərlər
bərpa olunur, yeni iş yerləri və sosial infrastruktur yaradılır.
Bu, birgə Belarus-Azərbaycan təşəbbüsləri üçün yeni perspektivlər
açır”,-deyə Dmitri Pineviç bildirib.