
Bakı. Trend:
Azərbaycan və Belarus arasında sənaye sahəsində birgə
kooperasiya qarşılıqlı tədarüklərin artmasına, ticarət əlaqələrinin
möhkəmlənməsinə və logistika xərclərinin azalmasına töhfə
verir.
Trend xəbər verir
ki, bunu Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri
Dmitri Pineviç Bakıda keçirilən Azərbaycan–Belarus Biznes Forumu
çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Azərbaycanla Belarus arasında birgə
təsərrüfat subyektlərinin sayı mütəmadi olaraq artır ki, bu da
malların və xidmətlərin qarşılıqlı axınının yüksək
dayanıqlılığından xəbər verir.
“Bizim əsas vəzifəmiz Belarus bazarına malların tədarükü və eyni
zamanda Azərbaycan bazarına məhsulların çıxarılmasıdır. Lakin digər
tərəfdən, bu, mühüm bir komponentdir, çünki hər iki ölkənin
bazarları, xüsusilə Azərbaycan bazarı, yüksək rəqabətlidir. Burada
malların çatışmazlığı yoxdur. Bizim məqsədimiz birgə sənaye
kooperasiyasını inkişaf etdirməkdir,”- deyə diplomat
vurğulayıb.
Səfir qeyd edib ki, sənaye kooperasiyası sənaye sahəsində dərin
struktur dəyişikliklərinin nəticəsi olan birgə istehsal
müəssisələrinin yaradılmasına imkan yaradır və hər iki tərəfin
potensialını gücləndirir.
“Bu, “Made in Azerbaijan” markası altında bazarda daha dayanıqlı
mövqe tutmağa, eyni zamanda Belarusda ‘Sdelano v Belarusi’
brendinin keyfiyyətlə assosiasiya olunmasına şərait yaradır,” –
deyə o əlavə edib.

