Ruben Vardanyanın məhkəməsində ifadələri dinlənilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq
əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır
cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben
Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi oktyabrın
14-də davam etdirilib.

Trend xəbər verir ki, Bakı
Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar
Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq
məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən
şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi
üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş
şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə
heyətini, dövlət ittihamını müdafiə edən prokurorları,
tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə
nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Zərərçəkmiş Xəyal Canbaxışovun hüquqi varisi – atası Xeyrulla
Canbaxışov bildirib ki, övladı Ağdərədə Ermənistan ordusunun
qalıqları və qanunsuz erməni silahlı dəstələrinin atdığı minaatan
mərmisinin yaxınlığında partlaması nəticəsində həlak olub.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran
zərərçəkmiş Elşad Şeydayev Kəlbəcərdə düşmənin təxribatı
nəticəsində qolundan və ayağından xəsarətlər aldığını deyib.

Zərərçəkmiş Kamiz İbayev Kəlbəcərdə dumana düşərək azması
nəticəsində Ermənistan silahlı qüvvələrinin qalıqları və
qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən əsir götürüldüyünü
söyləyib. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə
idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran
zaman o bildirib ki, gözləri bağlanılaraq aparılıb, harada
saxlanılması barədə məlumatı olmayıb. K.İbayev əsirlikdə olduğu
müddətdə ona müxtəlif işgəncələr verildiyini, pis rəftara məruz
qaldığını və döyüldüyünü deyib.
Zərərçəkmiş şəxs təqsirləndirilən R.Vardanyanın vəkili Avraam
Bermanın suallarına cavabında əsir götürülən zaman Ermənistan
silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı
dəstələri tərəfindən saxlanıldığını, əsirlikdə olduğu müddətdə
R.Vardanyanı görmədiyini bildirib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını
cavablandıran zərərçəkmiş Taleh Rzayev Ağdərədə düşmənin
minaatandan atdığı mərminin partlaması nəticəsində yaralandığını
bildirib.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin
suallarını cavablandıran zərərçəkmiş Zaur Ələkbərov Xocavənd
rayonunda düşmənin artilleriya silahından atdığı mərminin
yaxınlığına düşərək partlaması nəticəsində xəsarət aldığını
bildirib. Hadisə zamanı ondan başqa daha bir neçə şəxs
yaralanıb.
Zərərçəkmiş Qismətpaşa Abbaszadə dövlət ittihamçısı Fuad Musayevin
suallarına cavabında Ağdamda düşmənin açdığı atəş nəticəsində
xəsarət aldığını söyləyib. Qeyd edib ki, hadisə zamanı daha bir
şəxs də yaralanıb.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran
zərərçəkmiş Telman Adıgözəlov Xocavənddə düşmənin açdığı
artilleriya atəşi nəticəsində yaralandığını bildirib.

Zərərçəkmiş Elvin Məmmədov Ağdamda Ermənistan silahlı
qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin
açdığı atəş nəticəsində ağır xəsarətlər aldığını söyləyib. Aldığı
xəsarətlər səbəbindən 23 gün komada qalıb. Hazırda ikinci qrup
əlildir.

Rövşən Hacıbalayev Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində
yerləşən Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı
dəstələri tərəfindən atılan artilleriya mərmisinin yaxınlığına
düşərək partlaması nəticəsində xəsarət aldığını deyib.

Teymur Cəfərov Laçında düşmənin açdığı atəşlər nəticəsində
yaralandığını bildirib. Hadisə zamanı bir nəfər həlak olub, bir
neçə nəfər isə yaralanıb.

Aqil Quliyev Ağdamda düşmənin açdığı atəşlər nəticəsində
yaralandığını bildirib.

Xəqani Quliyev ifadəsində Ağdamda düşmənin açdığı atəş
nəticəsində güllə xəsarəti aldığını söyləyib.
Dəyanət Mərdanlı da Ağdamda düşmən təxribatı nəticəsində
yaralandığını deyib.

Zərərçəkmiş Sərxan Rəhimov Ağdamda tibb xidməti avtomobili ilə
yaralıları təxliyə etməyə gedən zaman Ermənistan ordusunun
qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş
nəticəsində yaralandığını bildirib. Zərərçəkmiş deyib ki, təxliyə
maşınının üzərində onun tibbi nəqliyyat vasitəsi olmasını göstərən
nişan olmasına baxmayaraq atəşə tutulub. Nəticədə özü və digər
şəxslər yaralanıb. Təxliyə etməli olduqları yaralı şəxslər isə
vaxtında tibbi yardım göstərilmədiyindən vəfat edib.

Anar Seyidov, Türkan Cəfərov və Pərviz Adıgözəlov müxtəlif
istiqamətlərdə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni
silahlı dəstələrinin açdığı atəşlər nəticəsində müxtəlif xəsarətlər
aldığını bildiriblər.
Zərərçəkmiş şəxs Məhərrəm Kərimli ifadəsində Ağdam-Ağdərə
istiqamətində düşmənin açdığı snayper atəşi nəticəsində qol
nahiyəsindən yaralandığını bildirib. M.Kərimli R.Vardanyanın
sualına cavabında onu sosial şəbəkələr vasitəsilə tanıdığını
söyləyib.
Sonra zərərçəkmiş şəxslər barəsində məhkəmə-tibbi ekspertizasının
rəyləri elan edilib.

Məhkəmənin növbəti iclası oktyabrın 21-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in
100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,
başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi
köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma),
112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113
(işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və
adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16,
116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq
normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11,
120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4,
29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd),
192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4
(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2
(cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah,
onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və
qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və
gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid
yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu
zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə),
279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı
birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan
Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri
ilə ittiham olunur.

Trend
xatırladır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və
insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə
təqsirləndirilən, Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində
başlanılmış cinayət işinin ibtidai istintaqı Azərbaycan
Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılmışdır.