Bakı. Trend:
Çinin “EHang şirkəti” şəhərlərarası avtonom daşımalar üçün
nəzərdə tutulmuş elektriklə işləyən şaquli uçuş və eniş təyyarəsi
olan yeni VT35 modelini təqdim edib.
Trend ölkənin yerli
KİV-lərinə istinadən xəbər verir ki, model ilk dəfə Xefey şəhərində
nümayiş etdirilib. İki nəfərlik aparat sınaq uçuşu zamanı uğurla
şaquli uçuşdan üfüqi uçuşa keçid edib.
Məlumata görə, VT35 şəhərlərarası hava nəqliyyatının inkişafında
mühüm mərhələdir. Qurğu orta və uzun məsafəli marşrutlar, o
cümlədən dağ və su hövzələri üzərindən uçuşlar üçün nəzərdə tutulub
və təxminən 6,5 milyon yuan (təqribən 900 min ABŞ dolları)
dəyərindədir.
VT35 maksimal 215 km/saat sürətlə uçur və bir enerji şarjı ilə
201 kilometr məsafə qət edə bilir. Uzunluğu və qanad açıqlığı
təxminən səkkiz metr olan aparatın bu kompakt ölçüləri onun
binaların damlarında, dayanacaqlarda və artıq mövcud olan EH216-S
vertiportlarında enib-qalxmasına imkan verir.

