
Bakı.Trend:
2025-ci ilin yanvar-sentyabr ayları üzrə kənd təsərrüfatının
ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 11359,8 milyon manat
təşkil edib. Onun 5408,0 milyon manatı heyvandarlıq, 5951,8 milyon
manatı bitkiçilik məhsullarının payına düşür.
Trend xəbər
verir ki, bu barədə Dövlət Statistika İdarəsi məlumat yayıb.
Bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd
təsərrüfatının ümumi məhsulu 0,1 faiz, o cümlədən heyvandarlıq
məhsulları istehsalı 1,1 faiz artmış, bitkiçilik məhsulları
istehsalı isə 0,7 faiz azalıb.
Qeyd olunub ki, 2025-ci il oktyabrın 1-i vəziyyətinə ölkə üzrə
6763,7 min baş qoyun və keçi, 2438,8 min baş iribuynuzlu mal-qara,
ondan 1218,0 min baş inək və camış, 3167 baş donuz mövcud olub.
İribuynuzlu mal-qaranın 49,9 faizini inək və camışlar təşkil
edir. Cari ilin yanvar-sentyabr aylarında quşçuluq müəssisələrində
diri çəkidə 56,4 min ton quş əti və 880,3 milyon ədəd yumurta
istehsal olunub. Ümumilikdə bu müəssisələr üzrə cəmi quşların sayı
10541,9 min baş olmuş, hər yumurtlayan toyuqdan orta hesabla 180
ədəd yumurta alınıb.

