“Cari ilin may ayında Laçında keçirilmiş Üçtərəfli Zirvə
Görüşündə ölkə liderlərimizin – cənab İlham Əliyevin, cənab Rəcəb
Tayyib Ərdoğanın və cənab Məhəmməd Şahbaz Şərifin qətiyyəti
sayəsində qardaş ölkələrimiz arasındakı əlaqələrin artıq üçtərəfli
strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyinin şahidi olduq”. Bu
fikri Milli Məclisin sədri Sahibə Qafarova
Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli
Görüşünün yekun iclasındakı çıxışı zamanı səsləndirib. Onun
sözlərinə görə, dünyanın geosiyasi xəritəsinə nəzər yetirsək, hər
halda, belə yaxın əlaqələrə malik olan başqa üç ölkəyə çox nadir
hallarda rast gələrik. Spiker vurğulayıb ki, Azərbaycan, Pakistan
və Türkiyə arasındakı bu üçtərəfli əlaqələr həqiqətən də strateji
tərəfdaşlıq xarakteri daşıyır.
Sahibə Qafarova qeyd edib ki, ölkələrimiz arasında — istər
Azərbaycan–Türkiyə, Azərbaycan–Pakistan, istərsə də
Türkiyə–Pakistan əlaqələri baxımından qarşılıqlı dəstək, birlik və
həmrəylik ən yüksək səviyyədədir. Bu əlaqələr dövlətlərarası
münasibətlərin demək olar ki, bütün istiqamətlərini əhatə edir və
gün keçdikcə daha da möhkəmlənir və dərinləşir.

