Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşünün sonunda İslamabad Bəyannaməsi qəbul olunub

Baş səhifə

Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü
Üçtərəfli Görüşü İslamabad Bəyannaməsinin qəbul olunması ilə başa
çatıb.

Üçtərəfli görüşün yekun iclasında çıxış edən Pakistan İslam
Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq tədbirin
üç qardaş ölkə arasında bir sıra aktual məsələlərin ətraflı
müzakirəsi baxımından yaxşı imkanlar yaratdığını bildirib. O, bu
platformanın əhəmiyyətini, üç dost və qardaş ölkə parlamentləri
arasında əlaqələrin daha da genişləndirilməsində mühüm rolunu qeyd
edib.

İclasda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova
Üçtərəfli Görüşdə regionda və ümumən beynəlxalq aləmdə baş verən
proseslərin və ölkələrimiz arasındakı əlaqələrin nəzərdən
keçirildiyini, ortaq maraq kəsb edən məsələlərə dair fikir
mübadiləsi aparıldığını söyləyib.

Ölkələrimiz arasındakı əlaqələrin – istər Azərbaycan-Türkiyə və
Azərbaycan-Pakistan, istərsə də Türkiyə-Pakistan əlaqələrinin, o
cümlədən qarşılıqlı dəstək, birlik və həmrəyliyin ən yüksək
səviyyədə olduğunu deyən Milli Məclisin sədrinin sözlərinə görə, bu
əlaqələr dövlətlərarası münasibətlərin bütün istiqamətlərini əhatə
edir və günbəgün daha da möhkəmlənir və dərinləşir. Bu əlaqələrdə
diqqət çəkən əsas məqam odur ki, ölkələrimiz arasındakı bütün
məsələlər məhz dostluq və qardaşlıq prizmasından nəzərdən
keçirilir.

Çıxışında Azərbaycan Prezidenti İlham Əliyevlə Pakistan İslam
Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasındakı bu il
sentyabrın 1-də Çinin Tiencin şəhərində keçirilən görüşdə
səsləndirdiyi fikirləri xatırladan Sahibə Qafarova deyib ki,
Azərbaycanın dövlət başçısı Pakistanı Hindistan üzərində qələbəsi
münasibətilə təbrik edərkən, belə bir fikir səsləndirdi ki,
“ölkəmizin Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistan
beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır. Bunun
ölkəmiz üçün heç bir əhəmiyyəti yoxdur, çünki Azərbaycan üçün
qardaşlıq münasibətləri hər şeydən üstündür”.

O, eyni zamanda, cari ilin may ayında Laçında keçirilmiş
Üçtərəfli Zirvə Görüşündə ölkə liderlərimizin – İlham Əliyevin,
Rəcəb Tayyib Ərdoğanın və Məhəmməd Şahbaz Şərifin qətiyyəti
sayəsində qardaş ölkələrimiz arasındakı əlaqələrin artıq üçtərəfli
strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. Onun
sözlərinə görə, dünyanın geosiyasi xəritəsinə nəzər yetirsək, hər
halda, belə yaxın əlaqələri olan başqa üç ölkəyə çox az rast
gələrik. Azərbaycan, Pakistan və Türkiyə arasındakı bu üçtərəfli
əlaqələr həqiqətən də strateji tərəfdaşlıq xarakteri daşıyır.

Spiker Sahibə Qafarova qardaş ölkələrimiz arasındakı əlaqələrə
uyğun olaraq, parlamentlərimizin də üçtərəfli əməkdaşlığının mövcud
vəziyyəti və gələcək perspektivləri, bu mexanizmi daha da
gücləndirmək, parlament diplomatiyasının effektiv alətlərindən
birinə çevirmək yolları haqqında fikirlərini tədbir iştirakçıları
ilə bölüşüb.

Parlament üzvləri arasında müzakirə olunan mövzulara toxunan
Milli Məclisin sədri, ərazi bütövlüyü və suverenliyinin müdafiəsi,
xarici təhdidlərə qarşı həmrəylik məsələsini ölkələrimiz arasında
qardaşlığın və qarşılıqlı dəstəyin ən yaxşı şəkildə nümayiş etdirən
bir məsələ olduğunu qeyd edib və bu istiqamətdə müzakirələri
faydalı hesab edib.

Spiker həmçinin, iqlim dəyişiklikləri və dayanıqlılıq mövzusunun
əhəmiyyətini qeyd edərək, ölkəmizin bu sahədə gördüyü işlər, o
cümlədən, Azərbaycanın qardaş Türkiyədə baş vermiş zəlzələ,
Pakistandakı daşqınlar zamanı öz qardaşlıq dəstəyini göstərdiyini
vurğulayıb. O, digər tərəfdən, COP29 çərçivəsində Azərbaycanın
qazandığı nailiyyətləri xüsusi qeyd edib. Parlament üzvlərimizin bu
məsələlər haqqında müzakirələrini faydalı hesab edərək, gələcək
əməkdaşlıq çərçivəsində iqlim dəyişiklikləri və təbii fəlakətlərə
qarşı mübarizə məsələsinin daha çox əhatə olunmasının vacibliyini
vurğulayıb.

Azərbaycan parlamentinin spikeri, həmçinin Üçüncü Üçtərəfli
Görüşün yekunu olaraq, qəbul olunan İslamabad Bəyannaməsinin
ölkələrimiz arasındakı qardaşlıq əlaqələrinin bütün aspektlərini
əhatə etdiyini, parlamentlərimizin birgə fəaliyyətinin əhəmiyyətini
vurğuladığını, o cümlədən, əməkdaşlığımızın daha da
genişləndirilməsi üçün yeni imkanları təsbit etdiyini söyləyib.
Onun sözlərinə görə, Bəyannamə həmçinin regional və qlobal
proseslərə münasibətdə ortaq baxışlarımızı əks etdirir.

Milli Məclisin sədri sonda bir daha vurğulayıb ki,
parlamentlərimiz arasındakı bu səmərəli əməkdaşlıq formatı birgə
səylərimizlə bundan sonra da uğurla davam edəcək. Bu əməkdaşlıq
xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır, ölkələrimizin
maraqlarına xidmət edir, onlar arasındakı dostluq və qardaşlıq
əlaqələrinin, birlik və həmrəyliyin daha da güclənməsinə töhfə
verir.

Sonra çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Numan
Kurtulmuş da ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da
dərinləşdirilməsi üçün parlament diplomatiyasının imkanlarından
istifadə edilməsinin vacibliyini qeyd edib. O,
Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli
Görüşünün uğurla nəticələndiyini qeyd edərək, vurğulayıb ki,
Görüşün nəticələri gələcək əməkdaşlıq üçün çox faydalı olub.