Prezident İlham Əliyev “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyev 5-ci Azərbaycan Beynəlxalq “Qarabağın
Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisinin
iştirakçılarına müraciət ünvanlayıb.

Trend xəbər
verir ki, müraciətdə deyilir:

“Hörmətli sərgi iştirakçıları!

Sizi 5-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma
və İnkişafı”‒ “Rebuild Karabakh” sərgisinin açılışı münasibətilə
səmimi-qəlbdən salamlayıram.

Bu il biz “Xəzər İnşaat Həftəsi” çərçivəsində 5-ci “Rebuild
Karabakh” və 30-cu “Azərbaycan Beynəlxalq İnşaat “Baku Build”
yubliyey sərgilərini keçiririk.

Builki 5-ci “Rebuild Karabakh” sərgisi Azərbaycan
Respublikasının dövlətçilik tarixində əlamətdar bir dövrə –
suverenliyimizin və milli birliyimizin təcəssümü olan mühüm
ildönümlərinə təsadüf edir. Biz Konstitusiyamızın qəbulunun otuz
illiyini və Vətən müharibəsində qazandığımız tarixi Zəfərin beş
illiyini böyük qürur hissi ilə qeyd edirik. Əldə etdiyimiz bütün bu
nailiyyətlər xalqımızın sarsılmaz iradəsini, həmrəyliyini və
strateji hədəflərə doğru irəliləmək əzmini təsdiq etməklə yanaşı,
bizi həm də yeni bir missiya – Qarabağın və Şərqi Zəngəzurun
dirçəldilməsi ətrafında səfərbər edir.




Hazırda “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad
edilmiş ərazilərdə uğurla aparılan genişmiqyaslı bərpa və quruculuq
işləri regionun simasını köklü şəkildə dəyişir. Müasir şəhərsalma
konsepsiyalarına uyğun şəhərlər salınır, yeni məktəblər,
xəstəxanalar, yol-nəqliyyat və kommunikasiya infrastrukturu inşa
olunur, iş yerləri açılır, yaşıl enerji zonaları və sənaye parkları
yaradılır. Qarabağ artıq yalnız milli qürurumuzun rəmzi deyil, həm
də XXI əsrin dayanıqlı inkişaf məkanı kimi formalaşır.

“Rebuild Karabakh” sərgisinin yerli və beynəlxalq iştirakçılar
üçün əhəmiyyətinin ildən-ilə artması məmnunluq doğurur. Sərgidə
müasir texnologiyalar və qabaqcıl innovativ həllər təqdim olunur,
birgə layihələr və tərəfdaşlıq imkanları müzakirə edilir, regionun
sosial-iqtisadi inkişafı üçün gələcəyə yönələn yeni fürsətlər
yaradılır. Artıq beşinci dəfə keçirilən bu tədbir Azərbaycanın əldə
etdiyi nailiyyətləri dünyaya nümayiş etdirməklə yanaşı, ölkəmizin
qlobal miqyasda investisiya, texnologiya və innovasiya mərkəzi kimi
mövqeyini daha da möhkəmləndirir.

Hər il keçirilən bu mötəbər sərgi davamlı quruculuğun,
tərəqqinin və sülhün reallığını təcəssüm etdirən, eyni zamanda,
gələcəyə istiqamətlənmiş önəmli tədbirdir. Burada qurulan
tərəfdaşlıqlar insanlar və xalqlar arasında qarşılıqlı etimadı
möhkəmləndirir, yeni əməkdaşlıq körpüləri yaradır və Qarabağı
dayanıqlı inkişaf gündəliyinin mərkəzinə çevirir.

Əminəm ki, bu sərgi bütün iştirakçılar arasında tərəfdaşlıq
münasibətlərinin qurulmasına, müasir inkişaf və investisiya
təşəbbüslərinin müəyyən edilməsinə təkan verərək Qarabağın, eləcə
də bütün regionun dirçəldilməsi baxımından bundan sonra da vacib
rol oynayacaqdır.

Bu xoş fürsətdən istifadə edərək, 5-ci yubiley sərgisi
münasibətilə bütün təşkilatçıları və iştirakçıları bir daha ürəkdən
təbrik edir, “Rebuild Karabakh” sərgisinə qarşıdakı illərdə də
uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram”.