
Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) regionda etibarlı, əlçatan və
azkarbonlu enerjiyə keçidi sürətləndirməyə yönəlmiş “Asiyada və
Sakit okean regionunda artımın stimullaşdırılması və yeni
istiqamətlərin inkişafı” adlı yeni texniki yardım təşəbbüsünü
nəzərdən keçirir.
Trend bu barədə
banka istinadən xəbər verir.
Layihənin dəyərinin 4 milyon ABŞ dolları olduğu bildirilir və o,
“Smart Energy Innovation Fund” (Ağıllı Enerji İnnovasiyaları Fondu)
vasitəsilə maliyyələşdiriləcək. İlkin mərhələdə layihə Azərbaycan,
Monqolustan, Filippin və Tailandı əhatə edəcək.
Proqram bu ölkələrə kompleks, müxtəlif sahələri birləşdirən
enerji həllərinin müəyyən edilməsi, hazırlanması və tətbiqində
kömək etməyi hədəfləyir. Buraya “təmiz” və innovativ elektrik
enerjisi istehsalı texnologiyalarından istifadə, “ağıllı
şəbəkə”lərin və enerji idarəetmə sistemlərinin yaradılması, bərpa
olunan enerji mənbələrinin inteqrasiyası üçün infrastrukturun
inkişafı, enerji saxlama sistemlərinin və çoxsektorlu xidmətlərin —
o cümlədən elektromobillik və “vehicle-to-grid” (nəqliyyat
vasitəsindən şəbəkəyə enerji ötürülməsi) texnologiyalarının —
tətbiqi daxildir.
Texniki yardım dörd əsas istiqamət üzrə həyata keçiriləcək:
– Ölkə və ya texnologiya səviyyəsində qiymətləndirmə;
– (Öncədən) texniki-iqtisadi əsaslandırma sənədlərinin
hazırlanması və suveren investisiyalar üçün layihələrin
işlənməsi;
– Özəl sektorun iştirakı ilə layihələrə (qeyri-suveren
layihələrə) dəstək;
– Potensialın və biliklərin artırılması.
Gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilməsi və
Hindistan, Qazaxıstan, Kiribati, Qırğızıstan, Papua-Yeni Qvineya,
Tacikistan və Tuvalu kimi ölkələrin də daxil edilməsi
planlaşdırılır.

