
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
2020-ci ilin oktyabrın 14-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev “France 24” televiziya kanalına müsahibə
verib.
Trend
müsahibəni təqdim edir:
– Salam, “France 24″ün müsahibə rubrikasına xoş
gəlmisiniz. Bu gün biz Azərbaycanın paytaxtı Bakı şəhərindəyik və
mən Azərbaycan Prezidenti İlham Əliyevin yanındayam. Prezident
Əliyev, bizim suallarımızı cavablandırmağa razılıq verdiyiniz üçün
çox sağ olun. Əlbəttə ki, mən Sizdən Dağlıq Qarabağ münaqişəsi
haqqında soruşacağam. Humanitar atəşkəs kimi nəzərdə tutulan
atəşkəs barədə razılıq imzalandıqdan bəri zorakılıq və müharibə
davam etmişdir. Bu gün Sizdən soruşuram, bu atəşkəs rəsmən artıq
etibarsız, bitmiş və ləğv edilmiş hesab olunur?
– Bu, Ermənistanın davranışından asılıdır, çünki biz həmişə
öhdəliyimizə sadiq qalırıq. Bildiyiniz kimi, humanitar zəmində
atəşkəsin elan olunması qərarı Rusiyadan gəlmişdir və biz bunu
dəstəklədik. Çünki düşünürəm ki, ölmüş əsgərlərin cəsədlərini və
girovları mübadilə etmək, fəaliyyəti danışıqlar masasında davam
etdirmək üçün, bu, doğru qərar idi. Çünki Moskvada elan olunmuş
bəyannamədə faktiki olaraq danışıqların əsas prinsiplər
çərçivəsində aparılacağı təmin edilmişdir. Bu, həmişə bizim
mövqeyimiz olub. Ermənistan tərəfi həmişə prosesi pozmağa və
danışıqlar masasına yeni yanaşmaları tətbiq etməyə çalışırdı.
Bunlar bizim tərəfimizdən və Minsk qrupunun həmsədrləri tərəfindən
rədd edilmişdir. Digər məsələlərlə birlikdə bəyannamənin ən mühüm
hissəsi ondan ibarətdir ki, danışıqların formatı dəyişməz olaraq
qalacaq. Bu, çox önəmlidir. Ola bilsin, bunun geniş beynəlxalq
auditoriya üçün nə anlam daşıması o qədər aydın deyil. Mən,
əlbəttə, bu barədə daha ətraflı məlumat verəcəyəm. Çünki
Ermənistanda yeni hökumət hakimiyyətə gələndən sonra son iki il
ərzində fəaliyyətlərindən biri qondarma “Dağlıq Qarabağ
respublikasının hökumətini” danışıqlar masasına cəlb etmək və
beləliklə də danışıqların formatını dəyişmək idi. Çünki iyirmi
ildən artıqdır ki, danışıqlar Minsk qrupu prosesi çərçivəsində
Ermənistan və Azərbaycan arasında aparılır. Odur ki, qondarma “Dağlıq Qarabağ respublikası hökumətini” danışıqlara cəlb etmək
səyləri formatı dəyişdirmək cəhdləri idi. Beləliklə, hər iki tərəf
formatın dəyişməz olaraq qalmasına sadiq qaldıqda, bu, hər şeyin
əvvəllər razılaşdırılmış çərçivədə olacağı deməkdir. Biz atəşkəs
rejiminə əməl edirdik. Lakin bildiyiniz kimi, Ermənistan atəşkəsi
kobud şəkildə pozdu və bu, təkcə Gəncədə baş verməyib. Gəncədə
mülki vətəndaşlara hücum onların təcavüzkar siyasətini əks etdirir.
Həmçinin onlar atəşkəsi hər gün pozurlar. Bu gün mənə məlumat
verilmişdir ki, bu səhər saat 7-dən 9-a qədər onlar Tərtər və Ağdam
şəhərlərini 150 dəfədən çox artilleriya atəşinə tutublar. Əfsuslar
olsun ki, bu gün Tərtərdə mülki şəxslər arasında bir nəfər həlak
olub.
-Lakin Azərbaycan da atəşi davam etdirib, elə deyilmi?
Dünya Dağlıq Qarabağdakı Xankəndidə mülki şəxslərin artilleriya
atəşinə tutulması görüntülərini görüb.
-Atəşkəs elan olunandan bəri Azərbaycan tərəfindən bütün
artilleriya atəşi dayandırılmışdır. Bu, birincisi. İkincisi, biz
işğal olunmuş ərazilərdə istənilən şəhərdə və ya kənddə qəsdən
mülki şəxsləri heç vaxt atəşə tutmuruq. Bizim hədəflərimiz yalnız
hərbi qurğular idi. Bizim hərbi hədəflərimiz çox diqqətlə müəyyən
olunmuşdur. Odur ki, biz yalnız insanlarımızın və əsgərlərimizin
həyatına təhlükə olan hədəfləri vururuq. Lakin əfsuslar olsun ki,
ermənilər insanların yaşadığı şəhər yerlərində hərbi qurğuları
yerləşdirmək taktikasından istifadə edirlər, biz də özümüzü müdafiə
etməli idik. Lakin atəşkəs müəyyən olunandan bəri biz ona sadiq
idik, ancaq Ermənistan atəşkəsi pozdu, odur ki, biz cavab verməli
idik.
– Beləliklə, Siz deyirsiniz ki, atəşkəs müəyyən
olunandan sonra Azərbaycan tərəfindən heç bir zərbə
endirilməmişdir? Hətta hərbi hədəflərə də?
– Xeyr, hərbi hədəflərə zərbələr endirilmişdir. Biz bunu təkzib
etmirik. Lakin bu təbiidir, çünki biz özümüzü müdafiə etməli idik.
Atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əks halda,
Ermənistan üstünlüyə malik olacaq və öz məqsədinə çatacaq. Əslində,
onlar elə bunu etməyə çalışırlar. Onlar azad edilmiş əraziləri geri
götürməyə cəhd edirlər. Xüsusilə onlar Hadrut şəhərini geri
götürməyə cəhd ediblər. Lakin uğursuzluğa düçar oldular. Mənim
onlara məsləhətim belədir və mən artıq Ermənistan hökumətinə və
həmçinin Ermənistan xalqına açıq şəkildə mesajımı ünvanlamışam ki,
onlar azad edilmiş əraziləri geri götürmək cəhdlərini
dayandırmalıdırlar. Bu, yalnız yeni qurbanlara səbəb olacaq və qan
tökülməsinə gətirib çıxaracaqdır.
– Bəs, Dağlıq Qarabağdakı kilsələrin bombardman edilməsi
görüntüləri barədə nə deyə bilərsiniz? Əlbəttə ki, onlar hərbi
hədəflər deyil.
– Bəli, siz haqlısınız. Biz bu məsələni araşdırırıq. Onu qeyd
etmək istəyirəm ki, Azərbaycan dini tolerantlıq səviyyəsi çox
yüksək olan bir ölkədir və bu, bütün aparıcı beynəlxalq
təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindən
qeyd olunmuşdur. Zati-müqəddəsləri, Vatikanın rəhbəri, Roma Papası
Fransisk Bakıya səfəri zamanı açıq şəkildə demişdir ki,
Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun səviyyəsi
çox yüksəkdir. Siz yəqin ki, Bakının mərkəzində olan, tərəfimizdən
bərpa edilmiş erməni kilsəsini görmüsünüz. Biz onu erməni xalqının
mirası kimi qoruyuruq. Biz bu kilsədə erməni dilində 5000-dən artıq
qədim kitab saxlayırıq. Lakin Ermənistan bizim məscidlərimizə nə
edib? Onlar Ağdamın, Füzulinin və Şuşanın məscidlərinə nə ediblər?
Demək olar ki, onlar nəinki onları dağıdıblar, orada heyvan
saxlayırlar. Onlar orada donuz saxlayırlar və bununla təkcə bizim
deyil, bütün müsəlmanların hisslərini təhqir edirlər.
Mən demirəm ki, biz bunu qisas almaq üçün etmişik. Xeyr. Biz bu
məsələni araşdırmalıyıq. Biz nə baş verdiyindən əmin deyilik. Bizi
günahlandırmaq üçün bunun ermənilər tərəfindən törədilə biləcəyinə
dair şübhələrimiz var. Əgər bu, Azərbaycan hərbi birləşmələri
tərəfindən törədilibsə, bu, səhv olub. Bizim hədəflərimiz arasında
heç bir tarixi və ya dini hədəf yoxdur.
– Mən indi Sizdən diplomatik proses barədə soruşmaq
istəyirəm. ATƏT-in Minsk qrupu, hazırkı həmsədrlər olan Fransa, ABŞ
və Rusiya ilə vasitəçilik davam edir. Sizcə Fransanın bu
danışıqlarda həmsədr qalması ilə bağlı bu struktur
qalmalıdır?
– Bilirsiniz ki, toqquşmaların əvvəlindən biz bəzi ziddiyyətli
bəyanatlar və bəzi mesajlar alırıq. Lakin düşünürəm ki, qarşılıqlı
diplomatik səylərimiz sayəsində vəziyyəti nəzarət altında saxlamağa
müvəffəq olmuşuq. Bildiyiniz kimi, Prezident Makron mənə bir neçə
dəfə telefonla zəng edib və bizim sonuncu söhbətimiz çox müsbət
idi. Biz münaqişənin siyasi həll yolunun tapılması səylərinə
sadiqik. Mənə məlumat verildi ki, Fransa həmsədr olaraq neytral
qalacaq, çünki bu, həmsədrin mandatıdır. Bu səhər mənə məlumat
verildi ki, Fransanın Xarici İşlər naziri bəyanat verib ki, Fransa
Minsk qrupunun həmsədri olduğuna görə neytral olmalıdır. Biz bu
mövqeyi tam dəstəkləyirik və bizim mövqeyimiz hər zaman belə olub
ki, bütün həmsədrlər neytral olmalıdır, onlar tərəf
tutmamalıdırlar. Çünki bu, onların mandatına ziddir. Hər bir
ölkənin milli səviyyədə müttəfiqləri, dostları var, bəzi ölkələrlə
daha fəal, bəzi ölkələrlə daha az fəal əlaqələri var. Bu, normaldır
və heç kim buna etiraz etmir. Lakin əgər bəzi ölkələrin vasitəçilik
mandatı varsa, əlbəttə, əminəm ki, hər iki tərəf – Ermənistan və
Azərbaycan neytrallıq gözləyir və hazırda biz bu neytrallığı
görürük. Ona görə də, düşünürəm ki, sizin indi qeyd etdiyiniz
məsələ bitib, beləliklə, biz həmin səhifəni bağlamışıq.
– Əvvəlki müsahibələrinizdə Suriyadan 300 döyüşçünün
Sizin tərəfinizdə vuruşmaq üçün gətirildiyinə dair açıqlamasından
sonra Siz Emmanuel Makrondan üzrxahlıq tələb etmişdiniz. Siz onunla
sonuncu dəfə söhbət edən zaman bu məsələ haqqında – onun
muzdluların Sizin tərəfinizdə döyüşməyi ilə bağlı ittihamı barədə
danışdınızmı?
– Bəli, əlbəttə ki. Biz bu barədə danışdıq və mən hələ də dəlil
gözləyirəm. Mənə heç bir dəlil təqdim olunmayıb. Bizim digər
rəsmilərə heç bir dəlil təqdim olunmayıb. Mən Fransa Prezidentindən
dəlil təqdim etməyi və danışmaq, bu məlumatı mübadilə etmək üçün
müvafiq dövlət qurumlarının rəhbərləri arasında təmaslar təşkil
etməyi xahiş etdim. Bu təmas baş tutdu və sizə deyə bilərəm ki,
bizə heç bir dəlil təqdim olunmayıb. Ona görə əgər heç bir dəlil
yoxdursa, düşünürəm ki, bu şayiələr də keçmişdə qalmalıdır. Bizdə
muzdlular yoxdur. Bu, bizim rəsmi bəyanatımızdır. Toqquşmalar
başlayandan artıq 2 həftədən çox vaxt keçib və heç bir ölkə bizə
buna dair bir dəlil belə təqdim etməyib. Bundan əlavə, bizim buna
ehtiyacımız yoxdur. Bizim 100 mindən çox döyüşçüdən ibarət ordumuz
var. Bizim hazırda döyüş meydanında etdiklərimiz ordumuzun öz
torpaqlarını özünün azad etməyə qadir olduğunu göstərir.
– Fransanın Xarici İşlər naziri Jan-İv Le Drian deyib
ki, Türkiyənin hərbi iştirakı mövcuddur və bu da münaqişənin
beynəlmiləlləşdirilməsinə gətirib çıxara bilər. O, bu məsələdə səhv
edir?
– Bəli, o, bu məsələdə səhv edir. Türkiyənin hərbi iştirakı daha
bir feyk xəbərdir. Türkiyənin hərbi iştirakı yoxdur. Biz Türkiyə
istehsalı olan hərbi avadanlıqlardan istifadə edirik, bu, doğrudur.
Lakin biz Rusiya istehsalı olan hərbi avadanlıqlardan, İsrail
istehsalı olan hərbi avadanlıqlardan, digər ölkələrin istehsalı
olan hərbi avadanlıqlardan istifadə edirik. Bunu pulsuz əldə edən
Ermənistandan fərqli olaraq biz bu hərbi avadanlıqları alırıq.
Siyasi müstəvi istisna olmaqla, Türkiyə heç bir halda prosesdə
iştirak etmir. Burada Türkiyə qoşunları yoxdur. Türkiyənin
F-16-ları buradadır, lakin onlar burada birgə hərbi təlimdən sonra
qalıblar. Yeri gəlmişkən, ötən il biz hava qüvvələri də daxil
olmaqla, Türkiyə ilə 10 birgə hərbi təlim keçirmişik. Bu il
pandemiya səbəbindən biz cəmi 2 təlim keçirdik. Belə alındı ki,
hərbi təlimdən sonra bu toqquşma baş verdi. Beləliklə, biz
F-16-ları yerdə saxlamağı qərara aldıq və onlar yerdədir, havada
deyil.
– Siz Türkiyə istehsalı olan neçə dron cəlb
etmisiniz?
– Hədəflərimizə çatmağımız üçün kifayət qədər varımızdır.
Zənnimcə, məni başa düşə bilərsiniz ki, bu, mənim açıqlamamağa
üstünlük verdiyim məlumatdır.
– Lakin onlar bu münaqişədə öz sözünü
deyirlər?
– Əlbəttə, onlar çox müasir, inkişaf etmiş silahlardır. Sizə
deyə bilərəm ki, təkcə Türkiyədən əldə etdiyimiz dronlar vasitəsilə
biz Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını
məhv etmişik, yalnız dronlar vasitəsilə. Əlbəttə, bildiyiniz kimi,
biz başqa mənbələrdən olan dronlardan da istifadə edirik. Biz
artilleriyadan istifadə edirik, geniş çeşiddə hərbi avadanlıqdan
istifadə edirik. Lakin təkcə dronlar Ermənistana 1 milyard dollar
ziyan vurub. Bu, onlar üçün ciddi ziyandır. Mənə maraqlıdır onlar
bütün bu avadanlığı almaq üçün bu qədər pulu haradan tapıblar, çox
güman ki, onu pulsuz əldə ediblər.
– Təəssüf ki, biz burada yekunlaşmalıyıq. Əlbəttə, Sizə
verə biləcəyimiz o qədər çox suallarımız var idi. Prezident İlham
Əliyev, bu gün suallarımıza cavab verdiyinizə görə Sizə təşəkkür
edirəm. Bizə baxan tamaşaçılara da təşəkkür edirəm. Qarşıda
yayımlanacaq beynəlxalq xəbərlərə baxmaq üçün “France 24″ü izləməyə
davam edin.
– Təşəkkür edirəm.
– Təşəkkür edirəm. Sizinlə söhbət etmək çox maraqlı
idi.

