
Bakı. Trend:
BMT-nin Baş katibi Antonio Quterreş israilli girovların və
fələstinli məhbusların azad edilməsini də əhatə edən, ABŞ
Prezidenti Donald Trampın təşəbbüsü əsasında Qəzzada atəşkəs
rejiminin davam etdirilməsini alqışlayıb.
Trend-in
məlumatına görə, bu barədə BMT sözçüsünün yaydığı bəyanatda qeyd
olunub.
Quterreş Qətər, Misir, ABŞ və Türkiyə hökumətlərinə sülhün
bərqərar olması istiqamətində göstərdikləri davamlı vasitəçilik
səylərinə görə təşəkkür edib, həmçinin Beynəlxalq Qızıl Xaç
Komitəsinin (BQXK) girovların təhlükəsiz və humanist şəkildə azad
edilməsindəki rolunu yüksək qiymətləndirib.
“Birləşmiş Millətlər Təşkilatı və tərəfdaş qurumlar Qəzzada
humanitar əməliyyatları sürətlə genişləndirir. BMT agentlikləri
aylarla əlaqəsi kəsilmiş ərazilərdəki icmalara yardım çatdırır. Baş
katib bütün tərəfləri atəşkəsi möhkəmləndirməyə və onu davamlı
sülhə çevirməyə çağırır”, – bəyanatda vurğulanıb.

