İslamabadda Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşünün açılış mərasimi keçirilib

Baş səhifə

Oktyabrın 13-də Pakistanın paytaxtı İslamabad şəhərində
Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli
Görüşünün açılış mərasimi keçirilib.

Mərasimdə Pakistan İslam Respublikasının Milli Assambleyasının
sədri Sərdar Ayaz Sadiq görüşü açaraq, Azərbaycan və Türkiyə
parlament sədrlərini salamlayıb.

O, parlament platformasının ölkələrimiz və xalqlarımız
arasındakı əlaqələrin daha da dərinləşməsi baxımından mühüm
istiqamət olduğunu vurğulayıb. Milli Assambleyanın sədri
Azərbaycan, Pakistan və Türkiyənin dost və qardaş ölkələr olduğunu
qeyd edərək, taleyüklü məsələlərdə üç qardaş dövlətin daim bir
yerdə olduğunu bildirib. Sərdar Ayaz Sadiq Kəşmir məsələsinə
münasibətdə Azərbaycan və Türkiyənin göstərdiyi qardaşlıq dəstəyinə
görə təşəkkürünü ifadə edib və Pakistan xalqının bu dost münasibəti
heç vaxt unutmayacağını vurğulayıb.

Xalqların və dövlətlərin beynəlxalq münasibətlər sistemində
bəzən haqsızlıq və ədalətsizliklə üzləşdiyini deyən Sərdar Ayaz
Sadiq qeyd edib ki, dünyada sülhün və təhlükəsizliyin, eləcə də
xalqların firavanlığının təmin olunması üçün bu hallara son
qoyulmalıdır.

O, hər üç ölkənin parlamentarilərinin bir çox sahələrdə, o
cümlədən beynəlxalq parlament təşkilatlarında uğurlu
əməkdaşlığından məmnunluğunu ifadə edib.

Milli Məclisin sədri Sahibə Qafarova çıxışında görüşün yüksək
səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Pakistan
tərəfinə təşəkkürünü bildirib.

Parlamentlərimizin əməkdaşlığının ortaq tarixi, mədəni, dini və
mənəvi dəyərlərlə bir-birinə bağlı olan ölkələrimizin və
xalqlarımızın qardaşlığına, birliyinə və həmrəyliyinə əsaslandığını
söyləyən Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan, Pakistan
və Türkiyə hər zaman bir-birinin yanında olublar və bir-birini
dəstəkləyiblər. Xalqımız 44 günlük Vətən müharibəsinin ilk
günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi
siyasi və mənəvi dəstəyi heç bir zaman unutmayacaq. Qeyd edilib ki,
Azərbaycan da bütün məsələlərdə hər zaman Türkiyəyə və Pakistana
dəstək nümayiş etdirib. Cari ilin may ayında Pakistan və Hindistan
arasında gərginlik zamanı Azərbaycan ilk gündən Pakistanla
həmrəyliyini açıq şəkildə ifadə edib. Ölkəmiz Kəşmir məsələsinin
dialoq və sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə,
BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan həllini hər
zaman dəstəkləyib və bunu bütün beynəlxalq platformalarda
səsləndirib.

Azərbaycanın İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyinin də
birmənalı olduğunu deyən Milli Məclisin sədri qeyd edib ki,
Azərbaycan bu münaqişənin BMT-nin müvafiq qətnamə və qərarlarına
uyğun olaraq, iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.

Azərbaycan Milli Məclisinin təşəbbüsü ilə keçirilmiş
Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Birinci Üçtərəfli
Görüşündən artıq 4 il ötdüyünü, 2021-ci ildə Bakıda
parlamentlərimiz arasında bu üçtərəfli əməkdaşlıq mexanizminin
yaradıldığını xatırladan Sahibə Qafarova vurğulayıb ki, həmin Görüş
yalnız bu yeni mexanizmi təsbit edən Bakı Bəyannaməsinin qəbulu ilə
deyil, həm də Azərbaycanın mədəniyyət paytaxtı – işğaldan azad
edilmiş Şuşa şəhərinə səfərlə də əlamətdar olmuşdur.

O, 2022-ci ildə Türkiyə Böyük Millət Məclisinin evsahibliyi ilə
İstanbul şəhərində İkinci Üçtərəfli Görüşün də əhəmiyyətli
müzakirələrlə və İstanbul Bəyannaməsinin qəbulu ilə yadda qaldığını
qeyd edərək, bu gün isə İslamabad şəhərində Üçüncü Üçtərəfli
Görüşün keçirildiyini, artıq bu platformanın parlamentlərimiz
arasında uğurlu və davamlı əməkdaşlıq platforması kimi
formalaşdığını, o cümlədən ikitərəfli və çoxtərəfli əlaqələrimizin
daha da genişlənməsinə mühüm töhfə verdiyini söyləyib.

Onun sözlərinə görə, qanunvericilik orqanlarımızın
Parlamentlərarası İttifaq, İslam Əməkdaşlıq Təşkilatına üzv
dövlətlərin Parlament İttifaqı, Asiya Parlament Assambleyası kimi
beynəlxalq parlament təşkilatları çərçivəsində davamlı təması,
qarşılıqlı maraq doğuran məsələlər üzrə birgə fəaliyyətimiz və
bir-birimizə dəstəyimiz də məmnunluq doğurur. Spiker deyib ki,
vacib platformalardan biri də Azərbaycan Prezidenti İlham Əliyevin
təşəbbüsü ilə yaradılmış və hazırda Milli Məclisin sədrlik etdiyi
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsidir. Sahibə Qafarova, Pakistan
Milli Assambleyası və Senatının Şəbəkənin üzvü, Türkiyə Böyük
Millət Məclisinin isə xüsusi qonaq qismində təşkilatın işini fəal
şəkildə dəstəklədiklərinə görə onlara təşəkkür edib.

Spiker qeyd edib ki, bu gün ölkələrimizin beynəlxalq səviyyədə
nümayiş etdirdikləri güclü birlik və həmrəylik yalnız onların
qardaşlığının, ortaq maraqlarının ifadəsi deyil. Bu, eyni zamanda,
beynəlxalq hüququn, haqq və ədalət prinsiplərinin mütləqliyinə
əsaslanan yanaşmadır. Onun sözlərinə görə, bu, əslində, beynəlxalq
aləmə də bir çağırışdır. Məhz belə yanaşma beynəlxalq ictimaiyyəti
sülh, təhlükəsizlik və tərəqqi üzərində qurulacaq daha parlaq
gələcək naminə qarşılıqlı hörmət əsasında birgə fəaliyyətin
gücləndirilməsinə səsləyir.

Çıxışında spiker Sahibə Qafarova vurğulayıb ki, sülh,
təhlükəsizlik və tərəqqi bilavasitə bir-biri ilə əlaqəli olan
amillərdir. 44 günlük Vətən müharibəsinin 5-ci ildönümünü qeyd
etdiyimiz indiki dövrdə Azərbaycan öz fəaliyyəti ilə bunu bir daha
təsdiq edir.

O xatırladıb ki, ölkəmizin beynəlxalq səviyyədə tanınmış
ərazilərinin təqribən iyirmi faizi otuz il ərzində Ermənistanın
işğalı altında idi. Bu otuz il ərzində yüzlərlə şəhər və
kəndlərimiz, tarixi, dini və mədəni abidələrimiz darmadağın edildi,
bir milyon azərbaycanlı öz doğma torpaqlarından didərgin salındı.
ATƏT-in Minsk Qrupu adlandırılan vasitəçilər isə beynəlxalq hüququn
norma və prinsiplərinin icrasını təmin edə bilmədilər.

Azərbaycanın 2020-ci ildə öz ərazi bütövlüyünü, 2023-cü ildə isə
suverenliyini bərpa etdiyini və bununla da sülhə aparan yolun
təməlini qoyduğunu vurğulayan Milli Məclisin sədri deyib ki,
müharibədən dərhal sonra məhz qalib Azərbaycan sülh təşəbbüsü ilə
çıxış etdi, sülhün əsas prinsiplərini və sülh müqaviləsinin
layihəsini irəli sürdü.

Sahibə Qafarova xatırladıb ki, aparılan ikitərəfli danışıqların
nəticəsi olaraq, bu ilin avqustunda Vaşinqtonda ABŞ, Azərbaycan və
Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın
xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladı. Qeyd
olunub ki, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan
Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar.
Regional kommunikasiyaların açılmasının əhəmiyyəti təsdiq
edildi.

Spiker Sahibə Qafarovanın sözlərinə görə, Vaşinqton görüşünün
əsas nəticələrindən biri Prezident İlham Əliyevin təşəbbüskarı
olduğu Zəngəzur dəhlizinin açılmasıdır. Belə ki, “Beynəlxalq Sülh
və Rifah naminə Tramp Marşrutu”nun reallaşması ilə Zəngəzur dəhlizi
Avrasiyada mühüm nəqliyyat bağlantısına çevriləcək, regionumuzda
əməkdaşlığa və tərəqqiyə xidmət edəcək. Milli Məclisin sədri, bütün
bunların ilk növbədə Prezident İlham Əliyevin həyata keçirdiyi sülh
diplomatiyasının, təhlükəsizlik, əməkdaşlıq və tərəqqi naminə
gərgin fəaliyyətinin nəticəsi olduğunu xüsusilə vurğulayıb.

Spikerin bildirdiyinə görə, qeyd edilən proseslər fonunda qardaş
ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün
yeni imkanların yarandığı müşahidə olunur. Ötən dövr ərzində
Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq mexanizminin
parlament, xarici işlər və müdafiə nazirlikləri səviyyəsində
ardıcıl şəkildə inkişafının şahidi olduq.

Sahibə Qafarovanın sözlərinə görə, Azərbaycan və Türkiyə
Prezidentlərinin və Pakistanın Baş nazirinin 2024-cü ilin iyulunda
Astanadakı üçtərəfli görüşü və xüsusən bu ilin mayında Azərbaycanın
işğaldan azad olunmuş Laçın şəhərindəki Üçtərəfli Zirvə Görüşü isə
bu mexanizmi daha da zənginləşdirdi və keyfiyyətcə yeni bir
mərhələyə qaldırdı. Həmin görüşlərdə qardaş ölkələrimiz arasındakı
birlik və həmrəyliyin daha da gücləndirilməsi, üçtərəfli
əməkdaşlığın siyasi, iqtisadi-ticari, nəqliyyat, enerji, müdafiə,
humanitar və digər sahələrdə daha da inkişaf etdirilməsi iradəsi
ortaya qoyuldu. Sahibə Qafarova qeyd edib ki, liderlərimizin bu
iradəsindən irəli gələrək, Parlament Sədrləri səviyyəsində bu gün
keçirilən Üçtərəfli Görüş də ölkələrimizin işbirliyinə parlament
dəstəyini gücləndirmək qətiyyətimizin bir ifadəsidir. O, belə bir
inamını ifadə edib ki, parlamentarilər birgə səylərlə bu məqsədə
nail olacaqlar.

Sonra çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Numan
Kurtulmuş tədbir iştirakçılarını salamlayaraq görüşün əhəmiyyəti
ilə bağlı fikirlərini bölüşüb.

O, beynəlxalq hüquqda mövcud olan problemlərin, xüsusilə ikili
standartların müşahidə olunduğu bugünkü şəraitdə üç qardaş ölkə
arasında əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Numan Kurtulmuş qeyd edib ki, Türkiyə, Azərbaycan və Pakistan
parlamentləri ilə üçtərəfli əməkdaşlığın daha da gücləndirilməsinə
böyük önəm verir. Qeyd edilib ki, qlobal problemlərə qarşı ortaq
həll yollarının müəyyənləşdirilməsində parlamentlərin rolu olduqca
vacibdir.

Çıxışında terror təhdidlərinə qarşı mübarizənin əhəmiyyətinə
toxunan Numan Kurtulmuş deyib ki, Türkiyə dövlətlərin suverenliyini
və müstəqilliyini hədəf alan terrora qarşı mübarizəyə böyük önəm
verir.

O, öz çıxışında Azərbaycan və Ermənistan arasında sülh gündəliyi
istiqamətində əldə olunan nailiyyətlər münasibətilə ölkəmizi və
xalqımızı təbrik edib.

Pakistan İslam Respublikası Senatının sədri Syed Yusuf Raza
Gilani isə çıxışında parlamentlərin üçüncü görüşünün əhəmiyyətini
vurğulayaraq, müasir geosiyasi şərait fonunda qardaş ölkələr
arasında əməkdaşlığın vacibliyini, eləcə də parlamentlərarası
əlaqələrin gücləndirilməsinin önəmini qeyd edib.