“Azercell”in kibertəhlükəsizlik komandası “CIDC-2025” yarışında böyük uğur qazandı! (FOTO)

Baş səhifə

Bakı. Trend:

“Cybercell” 25 komanda arasında vitse-çempion
oldu

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya
Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin
birgə təşkilatçılığı ilə 9-10 oktyabr tarixlərində Bakıda keçirilən
“CIDC 2025 – Critical Infrastructure Defence Challenge”
kibertəhlükəsizlik tədbiri başa çatıb.

Tədbir çərçivəsində təşkil olunan “Ağıllı şəhərlərdə
kibermüharibə” yarışında “Azercell Telekom”u təmsil edən
“Cybercell” komandası yüksək peşəkarlıq nümayiş etdirərək
vitse-çempion adını qazanıb. İki gün davam edən müsabiqədə mobil
operatorun Təhlükəsizlik Departamentinin mütəxəssisləri
kibertəhlükəsizlik üzrə real ssenarilər əsasında hazırlanan
tapşırıqları uğurla yerinə yetiriblər.




Tədbir 20 yerli və ilk dəfə olaraq 5 xarici komandanı –
Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Moldova, Qırğızıstan və
Tacikistandan olan iştirakçıları bir araya gətirib. Yarışın məqsədi
dövlət qurumları, kritik infrastruktur obyektləri, bank və
telekommunikasiya sektorlarını təmsil edən komandalar arasında
kiberhücumlara qarşı müdafiə qabiliyyətinin artırılması, eləcə də
böhran vəziyyətlərində informasiya sistemlərinin effektiv idarə
olunması və milli kibertəhlükəsizlik potensialının inkişaf
etdirilməsi olub.

CIDC-2025 çərçivəsində keçirilən kibertəhlükəsizlik həlləri
sərgisində 41 yerli və xarici şirkət informasiya təhlükəsizliyi,
risklərin idarə olunması və şəbəkə müdafiəsi istiqamətlərində son
texnoloji yeniliklərini nümayiş etdirib. Sərgidə “Azercell”in
nümayiş etdirdiyi innovativ həllər iştirakçılar və qonaqlar
tərəfindən böyük maraqla qarşılanıb.

“Azercell Telekom” biznes müştərilərinə etibarlı
kibertəhlükəsizlik həlləri təqdim etməklə yanaşı, bu sahədə peşəkar
kadrların hazırlanmasına da xüsusi diqqət yetirir. Şirkət
kibertəhlükəsizlik ekosisteminin inkişafına və ölkədə mütəxəssis
potensialının gücləndirilməsinə töhfə verməyə davam edir.