
Bakı. Trend:
“AzInTelecom” MMC kibertəhlükəsizlik sahəsində regionun ən mühüm
tədbirlərindən biri hesab olunan “CIDC 2025” 2-ci
kibertəhlükəsizlik konfransında tərəfdaş qismində iştirak edib.
9-10 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində Xüsusi Rabitə
və İnformasiya Təhlükəsizliyi Xidməti və Dövlət Təhlükəsizlik
Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə
“AzInTelecom”un Məhsul və xidmətlər şöbəsinin müdiri Tamerlan
Məşədihəsənli “Ağıllı infrastrukturların mühafizəsində beynəlxalq
təcrübə” panelində çıxış edib. “Təhlükəsiz rəqəmsal transformasiya
üçün “AzInTelecom” həlləri” mövzusunda təqdimat edən
T.Məşədihəsənli “bulud” və biometriya texnologiyalarının rəqəmsal
mühitdə risklərin azaldılmasında, eləcə də xidmətlərin
dayanıqlığının təmin edilməsində mühüm amil olduğunu diqqətə
çatdırıb.
Tədbirin ikinci günündə “AzInTelecom”un İnformasiya
təhlükəsizliyi departamentinin direktoru Ruslan Dadayev “Səni
tanıyan şəhər: biometrik nəzarət, toplanan data, insan hüquqları,
mühafizə yolları – hansı daha vacibdir?” panelində çıxış edərək
“bulud” infrastrukturunda kibertəhlükəsizlik baxımından həssas
məlumatların, o cümlədən biometrik dataların qorunması üçün hansı
texnoloji və təhlükəsizlik tədbirlərinin həyata keçirildiyindən
danışıb. O, “bulud” mühitində biometrik və digər həssas
məlumatların qorunması məqsədilə tətbiq olunan şifrləmə və
autentifikasiya texnologiyalarının effektivliyini diqqətə
çatdırıb.
Qeyd edək ki, 24/7 rejimdə fəaliyyət göstərən Təhlükəsizlik
Əməliyyatları Mərkəzi vasitəsilə müştərilərinə etibarlı və
dayanıqlı təhlükəsizlik xidmətləri təqdim edən “AzInTelecom”
tədbirin gümüş sponsoru qismində çıxış edib. Kibertəhlükəsizlik
sahəsində peşəkar kadrların hazırlanmasına xüsusi önəm verən
şirkətin əsas məqsədi ölkədə kibertəhlükəsizlik ekosisteminin
inkişafına dəstək göstərmək və informasiya təhlükəsizliyinin
möhkəmləndirilməsinə töhfə verməkdir.
“AzInTelecom” haqqında
AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC rəqəmsal
dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və rahat
adaptasiya edilən xidmətlər təqdim edir. Şirkətin xidmətləri
arasında güclü və təhlükəsiz “bulud” həlləri, yeni nəsil rəqəmsal
imza və identifikasiya xidmətləri, biznesin idarə edilməsində
effektivlik təmin edən rəqəmsal platformalar və kibertəhlükəsizlik
həlləri xüsusi yer tutur. Bu xidmətlər vasitəsilə “AzInTelecom”
müştərilərinə rəqəmsal transformasiya sahəsində ən müasir
texnologiyaları təqdim etməklə iş dünyasında innovasiyalara
liderlik edir.

