Alimlərin məqalələrinin xaricdə pulsuz nəşr edilməsi elmin inkişafına nə vəd edir?

Baş səhifə

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, ilk dəfə ölkədəki bütün
alimlərə limitsiz sayda ödənişsiz məqalə dərc etmək imkanı təqdim
edildi. Müasir dövrdə elmin qlobal səviyyədə inkişafı və yayılması
üçün beynəlxalq elmi nəşrlərin əhəmiyyəti danılmazdır. Alimlərin
tədqiqat nəticələrinin xarici jurnallarda pulsuz dərc olunması,
yalnız fərdi uğur deyil, həm də ölkənin elmi potensialının
tanıdılması baxımından mühüm addımdır.

Maraqlıdır, alimlərin məqalələrinin ilk dəfə xaricdə
pulsuz nəşr edilməsi elmin inkişafına hansı töhvələri
verəcək?

Mövzu ilə bağlı Trend-ə danışan təhsil ekspert Elmin
Nuri
bildirib ki, bir neçə gün bundan öncə Elm və Təhsil
Nazirliyi ilə dünyanın ən güclü ali təhsil müəssisələrindən biri
olan Kembric Universitetinin “Cambridge Press” nəşriyyatı arasında
Azərbaycan elmi adına çox əlamətdar bir əməkdaşlığın əsası
qoyuldu.

O qeyd edib ki, razılaşmaya əsasən yerli alimlərimiz növbəti 3
il ərzində “Cambridge Press” tərəfindən nəşr edilən 422 yüksək
impakt faktorlu, hibrid və “gold” açıq əlyetərli jurnallarda
limitsiz sayda məqalə dərc edə biləcəklər:

“Bu razılaşma həqiqətən də elm və ali təhsil seqmentində çox
ciddi üstünlüklər yaratmaq gücündədir. Çünki elmimizdə ən ciddi
problemlərdən biri də yerli alimlər tərəfindən yazılan məqalələrin
yüksək indeksli beynəlxalq jurnallarda dərci məsələsidir. Bəziləri
buna çox böyük çətinliklə nail olur, digər qismi isə az qala,
illərini həsr etsə də ümumiyyətlə heç bir nəticə əldə edə bilmirdi.
Çünki yüksək impakt faktorlu jurnallarda çap olunmağın bir neçə
mürəkkəb şərti olsa da, onlar arasında ilk sırada duran əngəl ciddi
maliyyə tələbi idi.

“Web of Science” və “Scopus”da indekslənən bu jurnallarda açıq
əlyetərli məqalə dərcinin qiyməti minlərlə manat dəyərində ölçülür.
Bilirik ki, hər hansı yerli alimimiz üçün bu məbləği ödəmək
həddindən artıq çətindir. Çünki bir alim bu kateqoriyaya aid
jurnallarda məqalə dərc etdirmək üçün az qala özünün bir aylıq
gəlirindən də çox məbləği bu işə həsr etməli idi. Bu isə mümkünsüz
məsələ olduğundan nəticədə alimlərin də elmi göstəricilərinə,
faydalı iş əmsallarına ciddi təsir edirdi. Hətta bu nəticəsizlik
nəinki alimlərimizin, eləcə də onların çalışdığı elmi tədqiqat
institutu və ya ali təhsil müəssisələrinin reytinq göstəricilərinə,
imicinə ciddi təsir göstərirdi”.

Ekspertin sözlərinə görə, sözügedən razılıq əsasında
azərbaycanlı alimlər bu ödənişi etmədən öz məqalələrini Kembric
Universiteti Nəşriyyatının jurnallarında dərc etdirə bilərlər.

“Razılaşma, eyni zamanda ölkənin 140 elmi və ali təhsil
müəssisəsinə “Cambridge Press” nəşriyyatının jurnallarını müddətsiz
oxumaq imkanını təqdim edir.




Bu yenilik həm yerli alimlərimizin beynəlxalq elmi aləmdəki
mövqelərinə, onların indeks göstəricilərinin yüksəlməsi üçün çox
əla fürsətdir. Üstəlik, onlar bu fürsətdən yararlanmaqla özlərinin
faydalı iş əmsallarını artıra və diferensial maaş sisteminin tələb
olunduğu elmi müəssisə və universitetlərdə əmək haqqılarını da
artıra bilərlər. Ən əsası isə Azərbaycan alimlərinin adları,
məqalələri dünyanın elmi çevrələrində daha çox görünməyə
başlayacaqdır. Dövlət bu istiqamətdə zəruri, deyərdim ki, ən vacib
addımı atdı. Növbə isə alimlərdədir: onlar bu fürsətdən yararlanmaq
üçün tələsməli və paralel olaraq özlərini inkişaf etdirməlidirlər.
Bəli, dərs olunmaq onlar üçün ödənişsiz başa gələcək, amma bu o
demək deyil ki, müəllifləri olduqları məqalələrin keyfiyyət
göstəriciləri də aşağı olsun. Elm adamları dünya elminin tələb
etdiyi meyar və standartları daha yaxşı mənimsəməli və ingilis
dilinin akademik incəliklərinə qədər öyrənməlidirlər. Çünki impakt
faktorlu jurnallarda dərc oluna bilinməməyin yeganə səbəbi təkcə
yüksək maliyyə tələbi deyildi. Məqalələrin meyar və standartlara
cavab verməsi və akademik ingiliscədə yüksək səviyyədə hazırlanması
da əsas şərtlərdəndir”,- deyə ekspert fikirlərini tamamlayıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və
Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov
isə Trend-ə bildirib ki,alimlərin məqalələrinin ilk dəfə
xaricdə pulsuz nəşr edilməsi Azərbaycan elminin beynəlxalq elmi
məkanla əlaqələrində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır.

Onun sözlərinə görə, bu qərar təkcə maliyyə yükünü azaltmaq
deyil, həm də milli elmin qlobal sistemə inteqrasiyasını
sürətləndirən elmi-sosial islahat kimi dəyərləndirilməlidir:

“Azərbaycan alimlərinin beynəlxalq jurnallarda dərc olunma faizi
son illərdə artmaqdadır, lakin 2023-cü ildə aparılmış “Scimago
Journal Rank” və “Web of Science” məlumat bazalarına əsasən,
ölkəmiz region üzrə hələ də geri qalır. Belə ki, Türkiyə və
Qazaxıstanın illik elmi məqalə sayı 20–25 min arasında dəyişdiyi
halda, Azərbaycanın göstəricisi 2500 civarındadır. Bu fərqin əsas
səbəblərindən biri elmi məqalələrin nəşri üçün tələb olunan yüksək
ödənişlər və institusional dəstəyin məhdudluğu idi. Elm və Təhsil
Nazirliyinin pulsuz nəşr təşəbbüsü məhz bu baryeri aradan qaldırmaq
məqsədi daşıyır. Azərbaycan Respublikasının “Elm haqqında”
Qanununun 10-cu maddəsində qeyd olunur ki, “dövlət elmi fəaliyyətin
inkişafı üçün maddi-texniki və maliyyə təminatını həyata keçirir,
elmi nəticələrin beynəlxalq səviyyədə tanıdılması üçün şərait
yaradır”. Yeni mexanizm bu qanun müddəasının praktik tətbiqi kimi
çıxış edir. Eyni zamanda, “Ali təhsil haqqında” Qanunun 26-cı
maddəsinə əsasən, ali təhsil müəssisələri beynəlxalq elmi
əməkdaşlığın inkişafına və elmi nəticələrin xaricdə yayılmasına
dəstək göstərməlidirlər. Nazirliyin bu qərarı həm hüquqi, həm də
strateji baxımdan mövcud qanunvericiliyin tələblərinə tam uyğun
gəlir və dövlətin elm siyasətində açıq elmin prinsiplərinin
gücləndirilməsini təmin edir”.

Kamran Əsədov vurğulayıb ki, müsbət tərəflər baxımından bu addım
ölkənin elmi istehsal gücünü artırmaqla yanaşı, elmi ədalət
prinsipini bərpa edir:

“Çünki indiyədək bir çox istedadlı tədqiqatçılar maddi səbəblər
üzündən beynəlxalq jurnallarda məqalə dərc edə bilmirdilər.
“Article Processing Charge” (APC) adlanan ödənişlər bəzən 500–2000
ABŞ dollarına qədər dəyişirdi ki, bu da gənc alimlər və
doktorantlar üçün ciddi maneə yaradırdı. Bu məhdudiyyət aradan
qaldırıldıqda, elmi yaradıcılıq bərabər imkanlar üzərində qurulacaq
və elmi nəticələrin keyfiyyəti maliyyə imkanları ilə deyil,
intellektual dəyəri ilə ölçüləcək. Eyni zamanda, bu qərar ölkənin
elmi məhsuldarlığını və beynəlxalq nüfuzunu yüksəldəcək. 2022-ci
ilin “Clarivate Analytics” məlumatlarına əsasən, Azərbaycan
alimlərinin sitat indeksi (citation impact) 0,31 idi ki, bu da
dünya orta göstəricisindən (1,0) üç dəfə aşağıdır. Xaricdə pulsuz
nəşr imkanı məqalələrin əlçatanlığını və istinad səviyyəsini
artırmaqla bu fərqi azaldacaq. Beləliklə, universitetlərin
beynəlxalq reytinqlərdəki “Research Output” və “Citations per
Faculty” göstəricilərində nəzərəçarpan artım müşahidə olunacaq.Bu
təşəbbüsün dünya təcrübəsində də uğurlu nümunələri mövcuddur.
Məsələn, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Horizon
Europe” proqramında dövlətlər elmi nəşrləri “Open Access” modelində
dəstəkləyir. İsveç, Hollandiya və Almaniya kimi ölkələr “cOAlition
S” adlı birgə təşəbbüslə açıq elmi nəşrləri dövlət səviyyəsində
maliyyələşdirir. Eyni model UNESCO-nun “Açıq Elm Çərçivə Sazişində”
də öz əksini tapır və dövlətlərin elmi biliklərin yayılmasına
məsuliyyət daşıdığını təsbit edir”.

O, həmçinin əlavə edib ki, Azərbaycanın bu təşəbbüslə beynəlxalq
elmi siyasətə inteqrasiyası həm geosiyasi, həm də elmi baxımdan
önəmli mərhələdir.

“Lakin bu prosesin mənfi tərəfləri də diqqətdən kənarda
qalmamalıdır. Əgər nəşr üçün maliyyə dəstəyi mexanizmi düzgün
tənzimlənməsə, keyfiyyətsiz, plagiat və ya “predator” adlanan saxta
jurnallarda məqalə axını arta bilər. Buna görə də Elm və Təhsil
Nazirliyi yalnız beynəlxalq elmi bazalarda (Scopus, Web of Science,
Springer, Elsevier və s.) indekslənən jurnallarda nəşrə prioritet
verməli, elmi keyfiyyətə nəzarət sistemini institusional şəkildə
formalaşdırmalıdır.Uzunmüddətli baxışda bu qərar elmi sistemin
strukturunda yeni motivasiya mühiti yaradacaq. Alimlər elmi
nəticələrini qlobal platformalarda paylaşmaqla həm fərdi, həm də
institusional səviyyədə tanınacaq, beynəlxalq tədqiqat layihələrinə
daxil olma imkanları artacaq. Bu, universitetlərdə elmi fəaliyyətin
stimullaşdırılmasına və akademik mədəniyyətin yüksəlməsinə səbəb
olacaq. Hesab edirəm ki, alimlərin xaricdə pulsuz nəşr imkanı elmin
maliyyə asılılığını azaldır, intellektual ədaləti bərpa edir,
beynəlxalq inteqrasiyanı dərinləşdirir və ölkənin elmi nüfuzunu
yüksəldir. Elm və Təhsil Nazirliyinin bu təşəbbüsü həm hüquqi, həm
strateji, həm də mənəvi baxımdan mütərəqqi qərardır. O,
Azərbaycanın elmi potensialını beynəlxalq səviyyəyə daşımaqla,
bilik və innovasiya əsrinin çağırışlarına uyğun çevik və açıq elmi
ekosistemin formalaşmasına xidmət edir”,- deyə K.Əsədov əlavə
edib.