İranın Azərbaycandan məhsul idxalı azalıb

Baş səhifə

Bakı. Trend:

Cari İran ilinin 6 ayı (21 mart -22 sentyabr 2025) ərzində
İranın Azərbaycandan məhsul idxalı ötən İran ilinin analoji dövrü
ilə (20 mart -21 sentyabr 2024) müqayisədə dəyər baxımından 55,5%,
çəki baxımından 59,2% azalıb.

Bu barədə Trend
İranın Gömrük Administrasiyasının statistikasına istinadən məlumat
verib.

Statistikaya əsasən, 6 ayda İranın Azərbaycandan məhsul idxalı
təxminən 5,83 milyon dollar dəyərində 3,1 min ton təşkil edib.

Ötən ilin analoji dövründə İran Azərbaycandan 13 milyon dollar
dəyərində 7,63 min ton məhsul idxal edib.




Statistikada qeyd olunur ki, İran Azərbaycandan müxtəlif
avadanlıqlar, sıxılmış soya, müxtəlif növ profillər və sairə
məhsullar idxal edib.

Statistikaya görə, 6 ayda İranın Azərbaycanla ticarət dövriyəsi
təxminən 283 milyon dollar dəyərində 424 min ton təşkil edib.
Ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə dəyər
baxımından 22%, çəki baxımından 5,2% azalıb.

Qeyd edək ki, İranın Gömrük Administrasiyasının statistikasına
əsasən, 6 ay ərzində İrana məhsul idxalı təxminən 28,4 milyard
dollar dəyərində təxminən 18,8 milyon ton təşkil edib. Məhsul
idxalı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 15%
azalıb, çəki baxımından 2% artıb.

İran məhsul idxalında əsasən ölkənin ehtiyac duyduğu zəruri
məhsulların idxalına önəm verir və ölkədə istehsal olunan
məhsulların bənzərinin ölkəyə idxal olunmasına müəyyən
məhdudiyyətlər tətbiq edir.