“AzInTelecom” kibermüharibə yarışının qalibi oldu

Baş səhifə

Bakı. Trend:

AZCON Holdinq şirkətlərindən olan “AzInTelecom” MMC-nin
Kibertəhlükəsizlik komandası “Red Box” Bakıda keçirilən
kibermüharibə yarışının qalibi olub.

Yarışma kibertəhlükəsizlik sahəsində regionun ən mühüm
platformalarından biri hesab olunan “CIDC 2025” II
Kibertəhlükəsizlik Konfransı çərçivəsində baş tutub.

“Ağıllı şəhərlərdə Kibermüharibə” mövzusuna həsr olunan
mübarizədə dövlət və özəl qurumlar, banklar, kritik infrastruktur
təmsilçiləri, provayder və operatorlar, həmçinin təhsil
müəssisələrindən ümumilikdə 25 kibertəhlükəsizlik komandası iştirak
edib. İki gün davam edən yarışmada “AzInTelecom”un “Red Box”
komandası yüksək peşəkarlıq və real kibertəhlükə ssenarilərinə
çevik reaksiya qabiliyyəti ilə fərqlənərək bütün rəqiblərini geridə
qoymağı bacarıb.




“AzInTelecom” bu uğur ilə ölkədə kibertəhlükəsizlik
ekosisteminin inkişafına və peşəkar mütəxəssis hazırlığına verdiyi
töhfəni bir daha nümayiş etdirir. Eyni zamanda şirkətin təqdim
etdiyi xidmətlərin, xüsusilə bulud bə biometriya əsaslı həllərinin
təhlükəsizliyinin yüksək səviyyədə olduğunu göstərir. Şirkət
gələcəkdə də tərəfdaşlarına kibertəhlükəsizlik istiqamətində
innovativ həllər təqdim etməyə və milli kibermüdafiə bacarıqlarının
artırılmasına dəstək göstərməyə davam edəcək.

Qeyd edək ki, “AzInTelecom” MMC 2023-cü ildən etibarən peşəkar
mütəxəssislər tərəfindən istifadəçilərin informasiya sistemlərini
və məlumatlarını kiberhücumlardan qorumaq məqsədilə kompleks
kibertəhlükəsizlik xidmətləri göstərir. 24/7 rejimdə çalışan
Təhlükəsizlik Əməliyyatları Mərkəzi ilə müştərilərə müntəzəm olaraq
təhlükəsizlik təhlilləri, təhdid analizi və uyğunluq
qiymətləndirmələri təqdim edilir. 2025-ci ildən bu sahəyə fokusunu
daha da artıran şirkət müştərilərin kibertəhlükəsizlik mühitini
gücləndirərək, onların fəaliyyətini daha etibarlı hala gətirmək
məqsədi daşıyır.