Zəfər xronikası. 11 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Gəncə şəhərinə raket hücumu ilə bağlı paylaşım edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.

2020-ci il oktyabrın 11-də Birinci vitse-prezident Mehriban
Əliyeva rəsmi “İnstagram” səhifəsində Ermənistanın Gəncə şəhərinə
raket hücumu ilə bağlı paylaşım edib.

Trend paylaşımı
təqdim edir:

“Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini
intensiv atəşə tutmaqda davam edirlər. Bu, humanitar atəşkəs
rejiminin, habelə 1949-cu il Cenevrə konvensiyalarının kobud
şəkildə pozulması deməkdir.

Bu gecə saat 2 radələrində Gəncə şəhərinə amansızlığına görə
misli görünməmiş zərbə endirilib.

Əldə olan məlumata görə, raket atəşi nəticəsində 9 nəfər (o
cümlədən 4 qadın) həlak olub, 34 nəfər yaralanıb, çoxsaylı mülki
obyektlərə ciddi ziyan vurulub.

Bizim şəhərlərin və kəndlərin atəşə tutulması demək olar ki,
dünən bütün gün ərzində davam edib. Humanitar atəşkəs rejiminin
qüvvəyə mindiyi andan ermənilər tərəfindən Azərbaycan
Respublikasının bir sıra rayonlarına 548 mərmi atılıb.

Döyüş meydanında məğlub olması ilə barışa bilməyən erməni tərəfi
məqsədyönlü şəkildə dinc əhaliyə hücum edir.

Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa
çağırıram.

Beynəlxalq təşkilatlar, hüquq müdafiə strukturları, kütləvi
informasiya vasitələri və ictimai rəyin liderləri Azərbaycanın
mülki əhalisinə qarşı bu cür vəhşicəsinə amansızlığı kəskin
pisləməlidirlər.

Yerevan beynəlxalq konvensiyalara, habelə BMT Təhlükəsizlik
Şurasının erməni işğalçı qüvvələrini Azərbaycana qarşı təcavüzə son
qoymağa çağıran qətnamələrinə etinasızlığı dayandırmalıdır.

Rusiyanın vasitəçiliyi ilə Moskvada əldə edilmiş razılaşmalara
açıq-aşkar hörmətsizlik nümayiş etdirən Ermənistan Cənubi Qafqazda
nəticələri onun üçün dağıdıcı olacaq müharibənin yeni mərhələsinə
təhrik edir.

Əziz həmvətənlər!

Bu gün siz xalqımızın birlik, həmrəylik, şəfqət və qarşılıqlı
yardım kimi ən yaxşı xüsusiyyətlərini nümayiş etdirirsiniz. Bu,
böyük qürur hissi yaşatmaya bilməz! Həqiqət və ədalət bizim
tərəfimizdədir! Biz zəfər çalacağıq! Allah həlak olanlara rəhmət
eləsin. Xəsarət alanların tezliklə sağalmasını arzulayıram. Uca
Tanrı bizim Ordumuzu, xalqımızı və Vətənimizi qorusun! Qarabağ
Azərbaycandır!”