
Bakı. Trend:
Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscid bizim
birliyimizi nümayiş etdirir.
Trend xəbər
verir ki, bunu Azərbaycan Milli Məclisinnin deputatı, Ağsaqqallar
Şurasının sədri Eldar Quliyev Türkmənistan tərəfindən Azərbaycan
xalqına hədiyyə olunmuş məscidin Füzuli şəhərində təməlqoyma
mərasimi münasibətilə keçirilən brifinqdə bildirib.
O vurğulayıb ki, bütün Türk dövlətləri İkinci Qarabağ müharibəsi
zamanı Azərbaycana mənəvi dayaq olub:
“Ermənistan 30 illik işğal dövründə Azərbaycan ərazilərini
tamamilə darmadağın etmişdi. Torpaqlar işğaldan azad edildikdən
sonra bərpa-quruculuq işlərinə başladıq və bu prosesdə Türk
dövlətlərini yanımızda gördük. Türkmənistanın hədiyyəsi olan
məscid, yəqin ki, yaxın dövrdə inşa edilib təhvil veriləcək. Biz bu
hədiyyəni yüksək qiymətləndiririk, çünki bu, bizim birliyimizi
nümayiş etdirir”.
Deputat bildirib ki, 1992-ci ildə Türkmənistanda səfərdə olub.
Aradan keçən 30 il ərzindəki fərq, Aşqabadın inkişafı onu
sevindirir.
“Türkmənistan inkişaf edir və gələcəyə ümidlə baxır. Susuz olan
Aşqabadda bu gün onlarla fontan var”, – deyə E. Quliyev
vurğulayıb.

