
Bakı. Trend:
2025/2026-cı tədris ilinin payız semestri üzrə cari dövr ərzində
təhsil krediti müqaviləsi rəsmiləşmələrinə əsasən, ilk beşlikdə
qərarlaşan ali təhsil müəssisələri – Azərbaycan Dövlət İqtisad
Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Avrasiya
Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan
Memarlıq və İnşaat Universitetidir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsil Tələbə Krediti
Fondundan məlumat verilib.
Qeyd edilib ki, Təhsil Tələbə Krediti Fondundan yalnız
Azərbaycan Respublikasının vətəndaşı olan, əyani və ödənişli
əsaslarla ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil
alan tələbələr yararlana bilərlər:
“Təhsil tələbə kreditindən yararlanmaq üçün tələbənin normativ
təhsil müddətində akademik borcu olmamalı və ümumi orta
müvəffəqiyyət göstəricisi (ÜOMG) 71 və yuxarı olmalıdır.
Fondun fəaliyyət göstərdiyi son dörd il ərzində kredit üçün
müraciət edənlərin və kreditlə təmin olunanların sayı hər tədris və
təqvim ili üzrə artım dinamikası ilə müşahidə olunur. Ali təhsil
pilləsinin bakalavriat və magistratura səviyyələrində, orta ixtisas
təhsili pilləsində, eləcə də peşə təhsili pilləsinin texniki və
yüksək texniki peşə səviyyələrində əyani və ödənişli əsaslarla
təhsil alan şəxslər təhsil tələbə kreditindən faydalana
bilirlər.
Fondun fəaliyyətə başladığı dövrdən etibarən indiyədək Fonda
məxsus elektron portal üzərindən ümumilikdə 82 663 müraciət daxil
olmuşdur ki, onlardan 66 177 müraciət üzrə təhsil tələbə krediti
müqaviləsi rəsmiləşdirilmişdir. Rəsmiləşdirilmiş TTK-ların 65%-ni
standart, 35%-ni isə sosial kreditlər təşkil edir”.
“Cari semestr üzrə statistikaya əsasən, 12 100 müraciət daxil
olmuş, 8 767 təhsil krediti rəsmiləşməsi həyata keçirilmişdir. Bu
göstərici Fondun qısa müddət ərzində formalaşdırdığı effektiv
fəaliyyət nəticəsində əldə edilmişdir. Qeyd edilən semestr üzrə
müraciətlər 24 iyul tarixindən etibarən qəbul edilir və payız
semestrinin sonunadək davam edəcəkdir.
Fondun fəaliyyəti dövründə təhsil krediti ilə ən çox təmin
olunmuş 5 ali təhsil müəssisəsi – Azərbaycan Dövlət İqtisad
Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texniki
Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Kooperasiya
Universiteti olmuşdur.
Yalnız bakalavriat və magistratura səviyyələri üzrə 2025/2026-cı
tədris ili üçün 5 631 müraciət daxil olmuş, onlardan 5 084-ü üzrə
təhsil krediti müqaviləsi rəsmiləşdirilmişdir”,- məlumatda qeyd
edilib.

