İran nümayəndələri ilə hərbi təhsilin inkişafı müzakirə olunub (FOTO/VİDEO)

Baş səhifə

Bakı. Trend:

İran İslam Respublikası Ali Milli Müdafiə Universitetinin (MMU)
nümayəndə heyəti ölkəmizə səfər edib.

Əvvəlcə İran nümayəndə heyəti Zəfər parkını ziyarət edib, Zəfər
abidəsinin önünə əklil qoyub.

Sonra qonaqlar Şəhidlər xiyabanını ziyarət edib, əklil və gül
dəstələri qoyaraq Vətən uğrunda şəhid olanların xatirələrinə dərin
ehtiram nümayiş etdiriblər.

Azərbaycan MMU-nun rektoru general-mayor Gündüz Əbdülov İran Ali
MMU rektorunun təlim və təhsil üzrə müavini ikinci dərəcəli
kontr-admiral Cavad Dadaşzadənin rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüşüb.
Geniş tərkibdə keçirilən görüşdə qonaqlara MMU-nun yaranma tarixi,
təhsil sistemi və əsas fəaliyyət istiqamətləri ilə bağlı brifinq
təqdim olunub. Azərbaycan Ordusunda hərbi təhsil sahəsində həyata
keçirilən islahatlar və bu sahədə əldə olunan uğurlu nəticələr
barədə ətraflı məlumat verilib.

Sonra İran nümayəndə heyəti MMU-nun tabeliyində fəaliyyət
göstərən Hərbi İdarəetmə İnstitutunda olub. İnstitutun rektoru
polkovnik Elnur Ələsgərli təhsil ocağının fəaliyyəti barədə geniş
məlumat verib.
Səfər çərçivəsində iranlı qonaqlar, həmçinin MMU-nun Cəmşid
Naxçıvanski adına Hərbi Liseyində də olublar.




Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Cəmşid Naxçıvanskinin
liseyin ərazisindəki abidələri ziyarət olunub. İran nümayəndə
heyəti liseyin ərazisindəki muzeydə Ulu Öndərin həyat və siyasi
fəaliyyətini əks etdirən fotostendlə tanış olub, xatirə kitabına
ürək sözlərini yazıb.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi
Qəhrəmanı polkovnik Anar Mirzəyev qonaqlara liseyin təhsil sistemi
barədə məlumat verib.

Keçirilən görüşlərdə elm və təhsil sahəsində əməkdaşlığın
perspektivləri, ölkələrimiz arasında hərbi təhsilin daha da inkişaf
etdirilməsi istiqamətində qarşılıqlı maraq doğuran məsələlərə dair
fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar
cavablandırılıb.