
Bakı. Trend:
Oktyabrın 9-da müdafiə nazirinin birinci müavini – Azərbaycan
Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev
ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikası Silahlı
Qüvvələrinin Baş Qərargah rəisi general Daniel Zmekonun rəhbərlik
etdiyi nümayəndə heyəti ilə görüşüb.
Trend
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi Məlumat yayıb.
Bildirilib ki, əvvəlcə qonaqlar Fəxri xiyabana gələrək Ümummilli
Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə
xanım Əliyevanın məzarlarını ziyarət edib, əklil və gül dəstələri
qoyaraq xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.
Sonra nümayəndə heyəti Zəfər parkını ziyarət edib, Zəfər
abidəsinin önünə əklil qoyub.
Azərbaycan Ordusunun Baş Qərargahında təşkil edilən rəsmi
qarşılanma mərasimində Baş Qərargah rəisləri fəxri qarovul
dəstəsinin önündən keçiblər. Azərbaycan və Slovakiya
respublikalarının Dövlət himnləri səsləndirilib. Slovakiyalı qonaq
protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.
İki ölkənin Baş Qərargah rəisləri arasında keçirilən görüşdə
qonaqları salamlayan general-polkovnik K.Vəliyev onları ölkəmizdə
görməkdən məmnunluğunu bildirib. Azərbaycanla Slovakiya arasında
hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha
da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu
vurğulayıb.
Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını
bildirən general D.Zmeko bu cür səfərlərin iki ölkə arasında hərbi
əlaqələrin genişləndirilməsi və ordularımızın inkişafı baxımından
əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
Görüşdə, həmçinin Azərbaycan ilə Slovakiya arasında müdafiə
sahəsində maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir
mübadiləsi aparılıb.
Sonra nümayəndə heyəti Kibertəhlükəsizlik Mərkəzində olub.
Burada onlara Azərbaycan Ordusunun arsenalında olan müasir silah
sistemi və informasiya texnologiyaları vasitələrinin
kibertəhlükəsizliyinin təmin edilməsi üzrə icra olunan tədbirlər,
eləcə də kibertəhdidlərə qarşı süni intellekt əsaslı kibermüdafiə
vasitələri barədə ətraflı məlumat verilib.
Ölkəmizə rəsmi səfər çərçivəsində Hərbi Hava Qüvvələrinin (HHQ)
Döyüşü İdarəetmə Mərkəzində olan qonaqlar burada yaradılmış
şəraitlə tanış olublar. Onlara mərkəzin strukturu, iş prinsipi və
fəaliyyət istiqaməti ilə bağlı brifinq təqdim edilib.
Slovakiya hərbi nümayəndə heyəti HHQ-nin hərbi hissələrindən
birini də ziyarət edib. Qonaqlara hərbi hissə haqqında ətraflı
məlumat verilib, silahlanmada olan aviasiya və texniki vasitələrin
nümunələri nümayiş etdirilib.

