Bakı. Trend:
ABŞ-də Milli Qvardiyanın 500-ə yaxın döyüşçüsü asayışın
qorunması məqsədilə Çikaqo şəhərinə (İllinoys ştatı) səfərbər
olunub.
Trend xəbər verir
ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Şimal komandanlığının
mətbuat xidməti məlumat yayıb.
“Müxtəlif bölmələrdən olan təxminən 200 Texas Milli Qvardiya
hərbçisi və təxminən 300 İllinoys Milli Qvardiya hərbçisi 10-cu
Maddə statusu çərçivəsində səfərbər olunub və artıq Çikaqo şəhərini
əhatə edən əraziyə çatıb”,- bəyanatda bildirilir.
Qeyd olunur ki, onlar ilkin olaraq 60 günlük müddətə səfərbər
olunublar və ABŞ Şimal Komandanlığının (USNORTHCOM) Komandanının
əmri və nəzarəti altında fəaliyyət göstərəcəklər.
Bəyanata əsasən, bu qüvvələr Miqrasiya və Gömrük İcraatı
Xidmətini (ICE) və digər dövlət qurumlarının əməkdaşlarını, eləcə
də federal əmlakı qoruyacaqlar.

