Kritik informasiya infrastrukturlarına dair minimal tələbləri yerinə yetirməyən strukturlar var – Davud Rüstəmov

Baş səhifə

Bakı. Trend:

Baş verən hücumların təsiri təkcə bir infrastruktura deyil, daha
geniş “kaskad effektinə” səbəb olur. “Ağıllı şəhərlər” bir-birinə
təsir göstərə bilər. Hətta kiçik və orta sahibkarlıq subyektlərinin
infrastrukturu belə iri müəssisələrin infrastrukturuna təsir edə
bilər.

Trend
xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli
Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov “CIDC 2025 –
Critical Infrastructure Defence Challenge” kibertəhlükəsizlik
festivalı çərçivəsində baş tutan “Kibercinayətkarlar üçün yeni oyun
meydançası: “Ağıllı şəhərlər” adlı panel sessiyada çıxışı zamanı
deyib.

Mərkəz rəisi bildirib ki, Avropada tətbiq olunan NIS2
direktivinə əsasən, kiçik və orta sahibkarlıq subyektləri artıq
kritik infrastruktur subyektləri hesab olunur:

“Azərbaycanda isə hazırda yalnız iri sahibkarlıq subyektləri bu
kateqoriyaya daxildir. Ancaq bu, kiçik və orta subyektlərin
hücumlara məruz qalması halında iri subyektlərin təsirlənməyəcəyi
anlamına gəlmir”.

D.Rüstəmov vurğulayıb ki, “Ağıllı şəhərlər”lə bağlı Azərbaycanda
dövlət siyasəti və böyük investisiyalar var. Bu sahədə inteqrasiya
sürətlə aparılır və nəticələr əldə olunur. Lakin təhlükələrə qarşı
mübarizə tədbirləri də vaxtında qurulmalıdır.




“Bu il kritik informasiya infrastrukturlarının ümumi tələblərə
uyğunluğunu qiymətləndirərkən məlum oldu ki, həmin tələblər ən
minimal səviyyədədir. Təəssüf ki, bu minimal tələbləri belə yerinə
yetirməyən strukturlar var. Eyni zamanda bu sahədə ixtisaslaşmamış
və kibertəhlükəsizlik tövsiyələrini düzgün verə bilməyən
subyektlərlə də rastlaşırıq.

Əgər biz “Ağıllı şəhərlər”in təhlükəsizliyindən danışırıqsa,
burada mütəxəssis hazırlığı və ixtisaslaşmış kadrların iştirakı
vacibdir. Hesab edirəm ki, Elm və Təhsil Nazirliyi, eləcə də
müvafiq akademik qurumlar bu istiqamətdə təşəbbüs göstərməlidir.
Sevindirici haldır ki, özəl sektor da bu sahəyə maraq
göstərir”.

O əlavə edib ki, SCADA sistemlərinin təhlükəsizliyi məsələsi isə
kifayət qədər az müzakirə olunur:

“2022 və 2023-cü illərin hesabatlarında da bu mövzuya çox az
toxunulub. Təhlillər göstərir ki, hücumların 35 %-i digər
infrastruktur sistemlərinə təsir edə bilər – bu da “kaskad
effekti”nin real olduğunu sübut edir”.