
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
2020-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin “CNN International” televiziya kanalının “Connect
the World” verilişində müsahibəsi yayımlanıb.
Trend
müsahibəni təqdim edir:
-Mən Ermənistan prezidenti ilə danışdım və o, mənə dedi
ki, bu münaqişə əvvəlki toqquşmalardan kəskin şəkildə fərqlənir.
Çünki Türkiyə Azərbaycana açıq şəkildə dəstək göstərir. Üstəlik, o,
mənə dedi ki, Türkiyə öz zabitləri, generalları, muzdluları,
terrorçu cihad döyüşçüləri ilə Dağlıq Qarabağda döyüşmək üçün
Azərbaycana minlərlə adam gətirib. Türkiyə öz hərbi gücü ilə guya
müəyyən beynəlxalq logistik strukturları qorumaq üçün orada
olduğunu deyir. Azərbaycanda hazırda hər hansı bir türk qüvvələri
və ya türk avadanlığı varmı?
-Bəli, türk avadanlığı var. Türk qüvvələri yoxdur. Səmimi desəm,
Ermənistan prezidentinin dünyaya mesaj ünvanlamaq üçün CNN
vasitəsilə şayiə yaymaq məqsədilə bu imkandan istifadə etməsi məni
təəssüfləndirir. Mən bunu başqa cür adlandıra bilmirəm, çünki sizin
mənə təqdim etdiyiniz kimi, onun dedikləri, mən onun dediklərini
görməmişəm, lakin mənim sizdən eşitdiklərim tamamilə yanlışdır, bu,
yanlış informasiyadır. Türkiyə bizə dəstək göstərir, lakin bu,
siyasi dəstəkdir, bu, diplomatik dəstəkdir. Bu dəstək olmasaydı,
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil,
Türkiyə Azərbaycanın yanındadır” ifadəsi ilə bu çox açıq mövqe
olmasaydı, çox güman ki, bu gün Ermənistan öz məqsədinə nail olmuş
olardı. Bu da münaqişənin coğrafiyasının genişlənməsi və mümkün
qədər çox ölkənin bu münaqişəyə cəlb olunmasından ibarətdir ki, bu
ölkələr döyüş meydanında onlara kömək etsinlər. Mən, həmçinin
Ermənistanın prezidentinə 1990-cı illərin əvvəlində Ermənistan
bizim torpaqları işğal etdikdə onun arxasında kimin durduğunu
xatırlatmaq istəyirəm. Bizim torpaqlarımızı işğal etmək üçün onlara
kimlərin kömək göstərdiyinə dair bizdə kifayət qədər sübut var.
Buna görə Ermənistan tərəfindən “Azərbaycana kimsə kömək edir”
demək tamamilə səhv və yanlış informasiyadır, biz bunu rədd
edirik.
-Siz dediniz ki, Azərbaycanda türk avadanlığı var, hansı
növ türk avadanlığı var cənab Prezident?
-Silahlar, türk silahları. Təkcə türk silahları yox, rus,
İsrail, Belarus, Ukrayna silahları və sair. Çünki bu gün bizdə
hərbi texnikanın satınalma coğrafiyası daha da genişlənir və biz
bunlara görə pul ödəyirik. Ermənistanın silahları necə və haradan
əldə etməsinə nəzər salsanız görərsiniz ki, onlarda olan silahlara
görə onlar ödəniş etmək imkanında deyillər. Çünki bu, milyardlarla
dollardır və kasıb ölkə üçün bu, mümkünsüzdür. Onlar öz
müttəfiqlərindən silahları pulsuz əldə edirlər, biz silahlara
ödəniş edərək onları alırıq.
-Yaxşı, icazənizlə Sizə bu sualı verim. Biz ən azından
sizin bazalarınızın birində türk F-16 qırıcı təyyarəsinin olmasına
dair peyk təsvirlərini görmüşük. Siz F-16 qırıcı təyyarələr
almamısınız. Beləliklə, Azərbaycan üçün güclü dəstəyi nəzərdə tutan
F-16 qırıcı təyyarələrin yerdə olması doğrudurmu?
-Siz yerdə dedikdə mən sizinlə razıyam. F-16 qırıcı təyyarələr
Azərbaycanda hərbi təlimlərdə iştirak etmək üçün gəlmişdi. Keçən il
Azərbaycan və Türkiyənin birgə 10 hərbi təlimi olmuşdur. Türkiyə
bizim müttəfiq ölkədir və burada hərbi təlimlərin, o cümlədən Hərbi
Hava Qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirilməsi adət
olunan haldır. Yeri gəlmişkən, bu il pandemiya səbəbindən bizdə
yalnız iki hərbi təlim keçirilmişdir. Onlardan biri Ermənistanın
bizə hücum etməsindən əvvəl baş vermişdir. Beləliklə, F-16 qırıcı
təyyarələr yerdədir, onlar uçuş etmirlər, onlar heç bir şəkildə hər
hansı bir döyüşdə iştirak etmirlər. Yeri gəlmişkən…
-Siz F-16 qırıcı təyyarələrin istifadə olunmamasını
birmənalı şəkildə deyirsiniz?
-Mən bunu birmənalı şəkildə deyirəm və hətta sizə bir erməni
feyk xəbəri haqqında da söyləmək istəyirəm. Toqquşmaların ilk
günlərində onlar türk F-16 qırıcı təyyarəsinin erməni Su-25
təyyarəsini vurduğunu demişdilər. Bu, feyk xəbərdir və bizi bunda
günahlandıranlar indi bizdən üzr istəməlidirlər, çünki hər kəs
bunun feyk xəbər olduğunu bilir. F-16 qırıcı təyyarələr buradadır,
lakin onlar sizin də düzgün qeyd etdiyiniz kimi, yerdədir.
-Bu uzunmüddətli münaqişənin 1990-cı illərdən bəri həll
yolunu axtaran ATƏT-in Minsk qrupuna Fransa, Amerika Birləşmiş
Ştatları və Rusiya həmsədrlik edirlər. Fransanın xarici işlər
naziri xüsusi olaraq xəbərdarlıq etmişdir ki, Türkiyənin
Azərbaycanın arxasında durması bu münaqişənin beynəlxalq münaqişəyə
çevrilməsini risk altına atır. Siz deyirsiniz ki, Türkiyə sizə
dəstək göstərir, lakin bu dəstəyin münaqişənin daha da pisləşməsinə
gətirib çıxaracağını deyən fransızlara sözünüz nədir?
-Mən bununla razı deyiləm. Dediyim kimi, Türkiyə regionda və
xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
vəziyyətdə sabitləşdirici rol oynayır. Hər bir ölkənin tərəfdaşı və
ya müttəfiqi ola bilər. Azərbaycan və Azərbaycan xalqı Türkiyə kimi
tərəfdaşa, müttəfiqə və qardaş ölkəyə malik olmaqdan çox
xoşbəxtdir. Biz Ermənistanın Fransanı özünə müttəfiq hesab etməsinə
etiraz bildirmirik və Fransa hazırda Ermənistana ən çox dəstək
göstərən ölkədir. Eyni zamanda, biz görürük ki, müttəfiqlərin
seçilməsi ölkələrin özündən asılıdır. Məsələn, Fransanın xarici
işləri naziri Rusiyanın Ermənistana pulsuz silah verərək onu
dəstəkləməsindən narahat deyil və o, bunun münaqişəni beynəlxalq
bir münaqişəyə çevirəcəyini düşünmür. Lakin Türkiyə legitim, siyasi
dəstəyini ifadə etdikdə bu, narahatçılıq yaradır. Səmimi desəm, bir
NATO ölkəsinin digər NATO ölkəsinə qarşı belə hərəkət etməsini başa
düşə bilmirəm. NATO-ya üzv ölkələr müttəfiq olmalıdırlar, lakin biz
bunu görmürük.
-Hazırda sizin yürütdüyünüz kampaniyanın məqsədlərini
açıq şəkildə bəyan edə bilərsinizmi?
-Bizim məqsədimiz xalqımızı, ölkəmizi və öz torpağımızda yaşamaq
hüququmuzu müdafiə etməkdən ibarətdir. Sentyabrın 27-də
Azərbaycanın hərbi mövqelərinə, şəhər və kəndlərimizə artilleriya
atəşi açan Ermənistan olmuşdur. Toqquşmalar gedən günlərdə
Ermənistan ordusu tərəfindən 31 nəfər mülki şəxs qətlə
yetirilmişdir, demək olar ki, 200 nəfər yaralanmışdır, mindən çox
ev dağıdılmış və ya onlara ciddi ziyan dəymişdir. Biz cavab verməli
idik, özümüzü müdafiə etməli idik. Bizim cavabımız Ermənistan üçün
çox həssas və ağrılı oldu. Onlar çox ciddi məğlubiyyət acısını
yaşadılar, onlar bizdən qaçdılar, biz ərazimizin bir hissəsini azad
etdik, biz işğaldan azad olunmuş ərazilərə milli bayrağımızı
sancdıq. Biz ərazi bütövlüyümüzü bərpa edirik və biz haqlıyıq. Biz
öz torpağımızda savaşırıq, Ermənistan digər ölkənin torpağında
vuruşur.
-Hərbçilər arasında nə qədər itkiniz var?
-Hərbçilər arasında itkilərə gəldikdə, mən artıq bu barədə
demişəm. Biz toqquşmaların aktiv fazası bitəndən sonra bu məlumatı
açıqlayacağıq.
-Siz bütün Dağlıq Qarabağı, mübahisə predmeti olan bütün
torpaqları geri götürmək niyyətindəsiniz?
-Biz Dağlıq Qarabağdan və sabiq Dağlıq Qarabağ muxtar vilayətini
əhatə edən yeddi rayondan danışırıq. Çünki Ermənistan nəinki təkcə
Dağlıq Qarabağı işğal edib və muxtar vilayətin əhalisinin 25
faizini təşkil edən bütün azərbaycanlıları oradan qovub, eyni
zamanda, əhalisinin sayı 700 min olan Azərbaycanın yeddi rayonunu
işğal edib. Beləliklə, bizim əsas məqsədimiz bu əraziləri azad
etmək və azərbaycanlı məcburi köçkünlərin geri qayıtmasına imkan
yaratmaqdır. Dağlıq Qarabağa gəldikdə, biz hesab edirik ki, – bu,
dəfələrlə rəsmi şəkildə bəyan olunmuşdur, – müharibə bitəndən,
işğalçı qüvvələr çıxarıldıqdan sonra multietnik əhalisi olan
istənilən digər ölkədə olduğu kimi, Dağlıq Qarabağdakı ermənilər və
azərbaycanlılar yan-yana yaşayacaq və əminəm ki, bir gün onlar
bir-birinə yaxşı qonşu olacaqlar.
-Ermənistan prezidenti sizin qoşunların Dağlıq
Qarabağdan çıxarılması ilə bağlı vaxt cədvəlinin müəyyən olunmasına
dair tələbinizin münaqişənizin “Dağlıq Qarabağ respublikası” ilə
olduğu üçün onlara təqdim edilməli olduğunu mənə deyib. O təkid
edir ki, Dağlıq Qarabağda ermənilərin min illər boyu yaşadığına
görə əhalinin 95 faizi ermənilər olub. Siz deyirsiniz ki, Qarabağ
Azərbaycandır, lakin etnik ermənilərin qorxularına dair nə deyə
bilərsiniz?
-Əvvəla…
-Bir dəqiqə cənab, Azərbaycan hökuməti torpaqları geri
götürsə, onlar etnik təmizləməyə məruz qala bilərlər.
-Mən başa düşürəm. Bu gün Azərbaycanda minlərlə erməni ölkəmizin
müxtəlif şəhərlərində, əsasən paytaxt Bakıda yaşayır. Bizim ikinci
ən böyük şəhərimiz olan Gəncəyə hücum üçün ermənilərin istifadə
etdiyi uzunməsafəli dağıdıcı mərmilərdən biri olan “Smerç” erməni
qadının evinə düşüb. Beləliklə, bu gün Azərbaycanda sülh və ləyaqət
içində yaşayan minlərlə erməni var. Lakin bütün azərbaycanlılar
Ermənistandan qovulmuşdur. Ermənistan əhalisi 99 faiz ermənilərdən
ibarətdir. Onlar bizə qarşı etnik təmizləmə törədiblər. Erməni
prezidenti yenə də yalan deyir. Bu gün Dağlıq Qarabağda əhalinin 95
faizi ermənilər deyil, əhalinin 100 faizi ermənilərdir. Çünki orada
yaşayan 25 faiz azərbaycanlı əhali Ermənistan rejimi tərəfindən
etnik təmizlənməyə məruz qalmışdır.
Mən təəssüf edirəm ki, belə mühüm vəzifə tutan şəxs yalanlar
yayır. İnternetə baxın. XIX əsrin əvvəlində Azərbaycanın Qarabağ
xanı ilə rus generalı arasında imzalanmış Kürəkçay sülh
müqaviləsinə baxın. Erməni əhalisi haqqında heç bir şey deyilmir.
Erməni əhali bizim torpağımıza Rus-İran müharibələrindən sonra
Rusiya imperiyası tərəfindən regionun dini tərkibini dəyişdirmək
məqsədilə köçürülüb. Bu, tarixi faktdır. Ermənistan prezidentinin
dedikləri isə feykdir, tamamilə feykdir.
-Mən qeyd etməliyəm, Sizin dediyinizə görə, Ermənistan
prezidenti yalan və feyk məlumatlar yayır, o, Azərbaycanın və Sizin
haqqınızda eyni şeyləri deyib.
-İnternetə baxın, sənədlərə baxın. Siz kimin doğru danışdığını
və kimin yalan danışdığını görəcəksiniz.
-Mən deməliyəm, hazırda hər bir tərəf bir-birini təhqir
edir. Azərbaycan beynəlxalq vasitəçiliyi necə qəbul edərdi və hərbi
əməliyyatı dayandırardı? Sizin bu barədə son sözünüz
nədir?
-Bizdə 28 ildir ki, beynəlxalq vasitəçilik var. ATƏT-in Minsk
qrupu 1992-ci ildən bu yana 28 ildir ki, faktiki olaraq passiv
formada “fəaliyyət” göstərir. Bu vasitəçilik heç nəyə gətirib
çıxarmadı. Bu vasitəçilik bu gün baş verənlərə gətirib çıxardı. Bu
vasitəçilik Ermənistanı onlara məxsus olmayan əraziləri tərk etməyə
məcbur etmək üçün yetərli olmadı.
-Siz bununla bağlı Vaşinqtonla təmasda olmusunuzmu?
Tramp administrasiyası Sizə nə deyir? Əlbəttə ki, ABŞ Minsk
qrupunun həmsədrlərindən biridir.
-Bizim ABŞ-la çoxşaxəli münasibətlərimiz var. Münasibətlərimiz
bir çox sahələrdə çox uğurla inkişaf edir. Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinə gəlincə, Minsk qrupunun həmsədri olan 3
ölkənin vasitəçilik etmək üçün eyni hüququ və eyni məsuliyyəti var.
Bu ölkələrdən nümayəndələr gələndə, onlar hamısı birlikdə gəlir, 3
ölkənin nümayəndələri. Ona görə də onların fəaliyyətində heç bir
fərq yoxdur. Lakin sözsüz ki, biz başa düşürük, bəzi ölkələr daha
çox ermənipərəstdir, bəzi ölkələr hətta həddindən çox
ermənipərəstdir.
-Sizdən soruşa bilərəm siz Vaşinqtonda kiminlə
danışırsınız? Dövlət Departamenti, yoxsa Tramp administrasiyası
ilə? Məsələn, Ermənistan prezidenti bizə Robert Obraynla
danışdıqlarını söylədi.
-Düşünürəm ki, bu günlər ərzində Ermənistanın baş nazirinin
danışmadığı yeganə insan hansısa uzaq adada qəbilə başçısıdır. O,
hər kəsə zəng edib. O, Prezident Putinə 5 dəfə zəng edib. O,
Prezident Makrona, bilmirəm, deyəsən 4 dəfə zəng edib. Kansler
Merkelə zəng edib. Yalnız qəbilə başçısı qalıb. Mən ona məsləhət
görürəm ona zəng edib Azərbaycandan şikayət etsin ki, o,
Azərbaycanın dağıtdığı yazıq, zavallı Ermənistana kömək etmək üçün
öz qəbiləsindən bəzi adamları göndərsin.
-Sual bu deyildi, cənab. Sual belə idi ki, Siz
Vaşinqtonda kiminlə danışırsınız? Dövlət Departamenti, yaxud Tramp
administrasiyası ilə?
-Biz administrasiya ilə danışırıq. Biz Dövlət Departamenti ilə
danışırıq. Əslində, onlar bizimlə əlaqə saxladılar. Mən Xarici
İşlər Nazirliyimizə, Administrasiyama bizə zəng edən, mövqeyini
ifadə etmək istəyən və necə irəliləməklə bağlı fikirlərini ifadə
edən hər kəslə təmasda olmaları üçün göstərişlər vermişəm. Lakin
faktiki olaraq, bunun Dövlət Departamenti və ya Ağ Ev olmasının heç
fərqi yoxdur. Çünki bizim üçün bu, istənilən halda ABŞ
administrasiyasıdır.
-Sizin fikrinizcə, Vaşinqtonun mövqeyi
necədir?
-Vaşinqtonun mövqeyi digər həmsədrlərin mövqeyindən fərqlənmir.
Onlar həllin əsaslanmalı olduğu prinsipləri dəstəkləyirlər. Bu
prinsiplərin əleyhinə olan Ermənistandır. Həmin prinsiplərdə
deyilir ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər vaxtında
Azərbaycana qaytarılmalıdır. Siz mənim qrafiklə bağlı bəyanatıma
istinad edəndə, sənədlərdə olan məhz budur. Bunu mən icad
etməmişəm. Qarşı çıxan Ermənistandır.
-Gəlin, onda Rusiyanın mövqeyinə nəzər salaq. Çünki indi
müzakirə etdiklərimizdən Vaşinqtonun mövqeyinin necə olması mənim
üçün aydın olmadı. Gəlin, Rusiyanın mövqeyinə nəzər salaq. Kremlin
sözçüsü Dmitri Peskov dedi ki, “Biz regiondakı vəziyyətdən çox
narahatıq. Hesab edirik ki, tərəflər atəşi dayandırmalı və
danışıqlar masasına gəlməlidirlər”. Onlar sizin danışıqlar masasına
oturmağınızı xahiş edirlər. Rusiya Prezidenti döyüşü faciə
adlandırdı. Bildiyimə görə, çərşənbə günü Siz Vladimir Putinlə
şəxsən danışdınız. O, Sizə nə dedi? Rusiya üçün burada qırmızı xətt
haradadır?
-Mən Prezident Putinə oktyabrın 7-də onu ad günü münasibətilə
təbrik etmək üçün zəng etdim. Mən bunu hər il edirəm. Eləcə də o.
Hər il biz bir-birimizi ad günü münasibətilə təbrik edirik. Onun ad
gününün bu hadisələrlə üst-üstə düşməyi bir təsadüf idi. Ona görə
də əlbəttə ki, biz bu məsələni müzakirə etdik və bizim mətbuat
xidmətimiz bununla bağlı press-reliz yayıb. Düşünürəm ki, mənim
mətbuatda açıqlanandan daha çox nə isə deməyim doğru olmaz.
-Kaş ki, deyərdiniz. Siz Moskvanın sülh danışıqları üçün
müraciətini səciyyələndirməyə hazırsınızmı?
-Biz sülh danışıqlarının tərəfdarıyıq. İcazə versəniz, sizə cəmi
iki misal gətirərdim. Azərbaycan danışıqlar masasında konstruktiv
tərəfdaşdır. Biz düşünürük ki, ABŞ, Rusiya və Fransa tərəfindən
işlənib hazırlanmış prinsiplər həll üçün əsas olmalıdır. Ermənistan
prezidenti bunları rədd edir. Üzr istəyirəm, Ermənistanın baş
naziri bunları rədd edir. Çünki Ermənistanda hakimiyyətdə olan və
mənim danışıqlar apardığım şəxs prezident deyil, baş nazirdir.
Beləliklə, o dedi ki, “Qarabağ Ermənistandır”. Bu, danışıqları
mənasız edir. Siz necə “Qarabağ Ermənistandır” deyə və əraziləri
geri qaytarmaqla bağlı danışıqlar apara bilərsiniz? O dedi ki,
Azərbaycan Ermənistanla deyil, Dağlıq Qarabağla danışıqlar
aparmalıdır. Bu, formatın dəyişməsidir. Əgər Ermənistanın baş
naziri uçduğu göylərdən yerə qayıtsa, biz danışıqlara hazırıq.
-Başa düşdüyüm qədərilə, Rusiyanın mövqeyi belə deyil.
Onlar deyir hər iki tərəf atəşi dayandırmalı və danışıqlar masasına
gəlməlidir.
-Atəşi başlayan ilk olaraq dayanmalıdır və biz də danışıqlar
masasına qayıtmaq üçün eynisini edərik. Paşinyan rejimi danışıqları
pozmaq üçün əlindən gələni etdi. Onlar bu bəyanatı verdilər, onlar
iyulda bizə hücum etdilər, avqustda bizə hücum etdilər, sentyabrda
bizə hücum etdilər. Onlar danışıqları pozmaq üçün hər şeyi edir.
Biz hazırıq, onlar isə yox.
-Əgər Siz dayanmasanız və onlar dayanmasa, sonra nə
olacaq? Bu, bir çoxlarının daha genişmiqyaslı regional müharibəyə
çevriləcəyi ilə bağlı narahat olduğu münaqişəni haraya
aparacaq?
-O, daha da gərginləşməməlidir. Mən bütün ölkələri bu
vəziyyətdən kənar qalmağa çağırmışam. Bu, bizim Ermənistanla
ikitərəfli məsələmizdir. Vasitəçilər var, onların mandatı var.
Onların mandatı yerdə müdaxilə etmək deyil. Onların mandatı həll
yolunu tapmaq üçün şərait yaratmaqdır. Əminəm ki, onlar mandatları
çərçivəsində davam edəcəklər. Ermənistanın bu münaqişəni
beynəlmiləlləşdirmək cəhdi çox səmərəsiz, destruktiv və bir çox
ölkələr üçün təhlükəlidir. Ermənistan başa düşməlidir ki, işğal
əbədi olaraq davam edə bilməz. Status-kvo dəyişdirilməlidir. Yeri
gəlmişkən, prezidentlər, Fransanın sabiq prezidentləri, ABŞ-ın
sabiq prezidentləri və Rusiya Prezidenti hamısı vəzifədə olarkən
bəyanat vermişdilər ki, status-kvo qəbuledilməzdir və
dəyişdirilməlidir. Mən bunu dəstəkləyirəm, Ermənistan isə buna
qarşı çıxır.
-Mən “Amnesty International”ın yeni hesabatı ilə bağlı
münasibətinizi öyrənmək istəyirəm. Hesabatda iddia edilir ki, onlar
Azərbaycan qüvvələrinin İsrail istehsalı olan M095 DPICM kasetli
mərmiləri atdığını müəyyən ediblər. CNN nə bu iddiaları, nə də
partlayışların videosunu müstəqil olaraq yoxlaya bilməz. “Amnesty”nin iddialarına necə cavab verərdiniz?
-Mən deyərdim ki, ermənipərəst və anti-Azərbaycan mövqeyinə görə
sizin adını çəkdiyiniz təşkilatla bizim heç bir təmasımız yoxdur.
Birincisi, bu, səhvdir, yanlışdır. İkincisi, mən onlara tövsiyə
edərdim ki, kasetli bombaların bizim mülki şəxslərimizə qarşı necə
istifadə olunduğuna baxsınlar. Onların “Smerç”dən, “Elbrus”dan, “Toçka U”dan, ballistik raketlərdən bizim şəhərlərimizə qarşı necə
istifadə etdiyinə baxsınlar – Gəncə, Goranboy, Naftalan, Yevlax və
digər şəhərlər Ermənistanın bombardmanı altındadır. Niyə “Amnesty
International” yalnız bir tərəfi görür və ya görmək istəyir? Niyə
onlar digər tərəfi görmürlər? Sual budur.
-İcazə verin, bununla bağlı deyim. Siz qəti şəkildə
deyirsiniz ki, kasetli silahlar Azərbaycan qüvvələri tərəfindən
istifadə olunmayıb? Əgər belədirsə, müstəqil müşahidəçilərin bunu
yoxlamasına icazə verməyə hazırsınızmı?
-Bəli, biz bunu etməyə hazırıq. Biz, həmçinin Ermənistanın nə
etdiklərini görmək üçün Ermənistanın müstəqil müşahidəçilərə necə
icazə verəcəyinə də baxmağa hazırıq. Bu, birtərəfli deyil,
ikitərəfli qaydada olmalıdır. Biz özümüzü müdafiə edirik. Biz bunu
etməliyik. Lakin bizim hədəflərimiz yalnız hərbi obyektlərdir. Biz
məhv etdiklərimizin demək olar ki, hamısını çox müasir
avadanlıqlardan istifadə etməklə məhv edirik. Siz bunu internetdə
tapa bilərsiniz. Bu, Türkiyənin tamamilə yeni, mükəmməl, heyrətamiz
qırıcı dronlarıdır, tankları, topları, hərbi mövqeləri məhv edən
digər avadanlıqlarıdır. Məqsədimizə çatmaq üçün bizim dediyiniz
silahlardan istifadə etməyə ehtiyacımız yoxdur. Bizim hədəfimiz
mülki şəxslər deyil. Bizim hədəfimiz işğalçılardır. Biz torpağımızı
kimə məxsusdursa onlara qaytarmalıyıq.
-Beləliklə, sözlərə əlavə ediləsi bir şey yoxdur. Mən
Sizdən konkret olaraq soruşuram. Siz kasetli silahların Azərbaycan
qüvvələri tərəfindən istifadə olunduğunu qəti şəkildə inkar
edirsiniz, elədirmi?
-Bəli, mən bunu inkar edirəm. Mən sizdən soruşmaq istəyirəm. Siz
bu sualı Ermənistan prezidentinə vermisinizmi?
-Həmin vaxt bizdə belə məlumat yox idi.
-Məsələ də elə bundadır. Məsələ də elə bundadır ki, siz məndən
soruşursunuz. Ondan soruşun. Soruşun ondan. Qoy “Amnesty
International” ondan nə etdiklərini soruşsun.
-Biz mütləq ondan bəyanat verməsini xahiş edəcəyik. Mən
Sizdən soruşuram.
-Ondan soruşun, mən artıq cavab verdim. Artıq cavab verdim.
Xeyr! Ondan soruşun.
-Soruşaram. Təşəkkür edirəm, cənab.

