
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
9 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev xalqa müraciət edib.
Trend
dövlətimizin başçısının müraciətini təqdim edir:
-Əziz həmvətənlər.
Bu gün müzəffər Azərbaycan Ordusu bir neçə yaşayış məntəqəsini
işğaldan azad edib. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən
təbrik edirəm.
İşğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını sizin
diqqətinizə çatdırmaq istərdim: Hadrut qəsəbəsi, Çaylı kəndi,
Yuxarı Güzlək kəndi, Gorazıllı kəndi, Qışlaq kəndi, Qaracallı
kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi.
Bu kəndlərin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi tarixi
qələbəmizdir. Azərbaycan işğal altında olan torpaqları işğaldan
azad edir. Demək olar ki, hər gün cəbhədən xoş xəbərlər gəlir. Hər
gün bizim əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə
yetirirlər. Eyni zamanda, strateji yüksəklikləri götürərək daha
əlverişli mövqelərə sahib olurlar. Beləliklə, əməliyyat planı tam
icra edilir, əməliyyat planı müasir döyüş prinsiplərinə əsaslanır.
Azərbaycan Ordusu həm maddi-texniki təchizat baxımından, eyni
zamanda, döyüş hazırlığı baxımından bu gün döyüş meydanında tam
üstünlüyə sahib olubdur.
Bu gün aparılan döyüşlərdə düşmənin hərbi texnikası böyük
dərəcədə məhv edilmişdir və eyni zamanda, hərbi qənimət
götürülmüşdür. Deyə bilərəm ki, sentyabrın 27-dən bu günə qədər
bütövlükdə Ermənistan Ordusuna çox böyük zərbə vuruldu. Mən sadəcə
olaraq, Azərbaycan Ordusu tərəfindən məhv edilmiş və hərbi qənimət
kimi götürülmüş Ermənistanın hərbi texnikasının siyahısını sizin
diqqətinizə çatdırmaq istərdim. Ermənistanın itkiləri ilə əlaqədar
məlumat verirəm: 16 komanda məntəqəsi məhv edildi, 196 tank məhv
edildi, 38 BM-21, 1 “Uraqan”, 10 özüyeriyən artilleriya qurğusu, –
onlardan 8-i “Akasiya”, 2-si “Qvozdika”, – 36 piyadaların döyüş
maşını, 24 artilleriya batareyası, 2 RM və ya hava hücumuna qarşı
müdafiə vasitəsi, 2 “S-300” kompleksinin buraxıcı qurğusu, 25 OSA
zenit-raket kompleksi, 2 KUB zenit-raket kompleksi, 4 “Repelend”
radio-texniki maneə vasitəsi, 136 top, 56 minaatan, 1 TOS-1A
odsaçan sursatı, 2 radiolakasiya stansiyası, 1 “Kalçuqa”
anteni.
Qənimət kimi götürülmüş hərbi texnika aşağıdakı kimidir: 18
tank, 4 top, 22 piyadaların döyüş maşını, 12 minaatan, 4 UAZ
maşını, 1 ekskavator, 27 “İqla” kompleksi, 1 ZİL maşını, 9 QAZ
maşını.
Onu da bildirməliyəm ki, düşmənin əlində Azərbaycan Silahlı
Qüvvələrinə məxsus olan bir dənə də hərbi texnika yoxdur. Düşmən öz
xalqına nağıllar danışır, yalan danışır. Faktları saxtalaşdırır, öz
xalqını aldatmaq istəyir, beynəlxalq aləmi aldatmaq istəyir ki,
guya onlar hücuma keçirlər, onlar bizim bəzi mövqelərimizi geri
alıblar. Hamısı yalandır. Döyüşlərin obyektiv müşahidə mənzərəsi
var və istənilən hərbi mütəxəssis görə bilər ki, bu gün Azərbaycan
Ordusu döyüş meydanında qələbə əldə edibdir. Azərbaycan Ordusu öz
üstünlüyünü göstərir. Azərbaycan əsgər və zabiti yüksək mənəvi
psixoloji keyfiyyətlər göstərir, mənəvi ruh göstərir. Çünki biz öz
torpağımızda vuruşuruq, öz torpaqlarımızı azad edirik. Ermənistanın
əsgərləri işğalçılardır. Döyüş gedən torpaq onların torpağı deyil.
Onlar mövqeləri qoyub qaçırlar. Baxmayaraq ki, 30 il ərzində təmas
xətti boyunca və bir neçə xətt üzrə dərin eşalonlanmış müdafiə
sistemi qurulub. Mühəndis-istehkam qurğuları qurulub. Onları
yarmaq, onları keçmək çox çətindir. Bəzi hallarda bəzi istehkamları
keçmək üçün bizə bir neçə gün lazım olur. Eyni zamanda, biz bütün
işləri elə aparırıq ki, az itkilər verək. Ona görə bəzi hallarda
müxtəlif istiqamətlər üzrə mövqelərimizdə möhkəmlənib, ondan sonra
yeni əməliyyat üçün hazırlıq işləri də görürük ki, maksimum nəticə,
minimum itki olsun.
Bu gün işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı
dalğalanır. Bu gün Azərbaycan əsgərləri bizim işğal edilmiş
torpaqlarda ermənilərin qazdıqları səngərlərdə keşik çəkirlər –
onlar bizim yox, biz onların səngərlərində, biz onların
postlarında, biz onların tanklarında. Qənimət kimi götürülmüş o
hərbi texnikadan indi biz istifadə edirik – 18 tank. Onların
tankları indi döyüş meydanında onlara qarşı vuruşur. Budur
Azərbaycan Ordusunun üstünlüyü, bizim üstünlüyümüz. Bu gün açıq
informasiya məkanında, internetdə göstərilir, necə dəqiq, sərrast
atəşlərlə düşmənin canlı texnikası məhv edilir.
Düşmən panikadadır, düşmən isterikaya qapılıb. Düşmən ölkənin
rəhbərliyi tamamilə özünü itirmiş vəziyyətdədir. Müxtəlif ölkələrə,
müxtəlif ölkələrin dövlət-hökumət başçılarına müntəzəm olaraq zəng
edir, dəfələrlə, gündə bir neçə dəfə yardım istəyir, imdad diləyir,
yalvarır. Onların ayağının altına yıxılır. Özünü alçaldır ki,
gəlin, bizi xilas edin. Onların xilasının yeganə yolu budur ki,
torpaqlarımızdan çıxsınlar. Biz dəfələrlə bunu demişik, öz
xoşunuzla çıxın bizim torpaqlarımızdan. BMT Təhlükəsizlik Şurasının
qətnamələrini yerinə yetirin, yoxsa, peşman olacaqsınız. Hesab
edirsiniz ki, Azərbaycan bu vəziyyətlə barışacaq? Barışmayacaq,
dəfələrlə demişəm. Hesab edirdiniz ki, Azərbaycan xalqı bu
təhqirlərlə barışacaq? Barışmayacaq, dəfələrlə demişəm. Amma bizim
torpaqlarımızda oturub, bizim müqəddəs torpağımızı zəhərləyib sonra
da bizə qarşı iddia qaldırasan – qudurğanlığın dərəcəsinə baxın.
Biz onları yerinə oturtduq. Biz onlara yerlərini göstərdik. Biz
onları elə qovuruq ki, onlar bu sprinti heç vaxt yaddan
çıxarmayacaqlar.
Bu gün bütün cəbhə boyu döyüşlər gedir. Azərbaycan bütün
istiqamətlər üzrə mövqelərini möhkəmləndirir və biz işğalçını,
təcavüzkarı sülhə məcbur edirik. Bu əməliyyatın əsas məqsədi də
budur. Biz onlara göstərdik ki, döyüş meydanında da, beynəlxalq
müstəvidə də, siyasi meydanlarda da biz qalib gəlirik. Onlar bizim
gücümüzü gördülər, bizim iradəmizi gördülər. Onlar gördülər ki,
dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada
heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Kimə yalvarırsan
yalvar, kimin ayağının altına yıxılırsan yıxıl, kimin dabanlarını
yalayırsan yala, heç kim bizə təsir edə bilməz! Biz haqq
yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz
torpaqlarımızı geri alacağıq, ərazi bötüvlüyümüzü bərpa
edəcəyik!
Amma işğalçıya bəlkə də sonuncu dəfə şans veririk ki, çıxın
bizim torpaqlarımızdan. Çıxın, öhdəlik götürün, danışıqlara
qayıdın, danışıqların formatına qayıdın. Yoxsa, Ermənistanın baş
naziri özünü nə hesab edir? Bizimlə bu tərzdə danışmaqmı olar? İndi
biz ona yerini göstərdik. “Qarabağ Ermənistandır” deməklə Qarabağ
heç vaxt Ermənistan olmayacaq. İndi görüm necə deyir “Qarabağ
Ermənistandır”. Səsini belə çıxara bilmir.
İndi məcbur olub onların xarici işlər naziri Moskvaya
danışıqlara gəlib. Gəlsin, orada desin “Qarabağ Ermənistandır”.
Əgər belə bir şey desə, heç bir danışıqlardan söhbət gedə bilməz.
Mən bunu demişəm, heç kim bizi məcbur edə bilməz. Deyirdi ki, biz
kriminal “Dağlıq Qarabağ respublikası”nın quldur başçısı ilə
danışıqlar aparmalıyıq. Biz heç vaxt buna razı ola bilmərik və bu
heç vaxt olmayacaq. Ona görə, dünən və srağagün siyasi müstəvidə
baş vermiş hadisələr onu göstərir ki, Ermənistan rəhbərliyi nəhayət
başından böyük zərbə alandan sonra dərk etməyə başladı ki, o ancaq
bizim şərtlərlə oturub duracaq. Biz nə desək, o da olacaq. Şans
veririk ki, danışıqlar yolu ilə, sülh yolu ilə torpağımızdan
çıxsın. Onsuz da biz bu torpaqlara qayıdacağıq. Onsuz da biz ərazi
bütövlüyümüzü bərpa edəcəyik. Bütün dünya bunu gördü, o cümlədən
Ermənistan bunu gördü. Biz istəyirik ki, qan tökülməsin. Biz
istəyirik ki, şəhidlər olmasın. Biz öz torpaqlarımızı istəyirik.
Çıxın gedin bizim torpağımızdan, rədd olun bizim torpağımızdan!
Gedin öz ölkənizdə yaşayın. Amma biz torpağımızı geri alacağıq. Ona
görə bu tarixi şansı onlar qaçırmamalıdır.
Bu gün Moskvada keçiriləcək görüş, hesab edirəm ki, bir çox
şeylərə aydınlıq gətirəcək. Onlar baza prinsiplərini qəbul
etməlidirlər. Halbuki Paşinyan demişdi ki, o, onları qəbul etmir.
Demişdi ki, Azərbaycana bir qarış torpaq verməyəcəyəm. Nə oldu
bəs?! Gəl tut o işğal edilmiş torpaqları. Bəs verməyəcəkdin? Nə
oldu verdin? Nə oldu qaçdın? İndi gedirsən onun-bunun dabanını
yalaya-yalaya, özünü alçalda-alçalda öz xalqını alçaldırsan. Öz
ölkəni sıfıra bərabər etmisən. Demişdi ki, verməyəcəkdi bu
torpaqları. Kimdir səndən soruşan, verəcəksən ya verməyəcəksən?!
Gəldik götürdük, vəssalam. Götürəcəyik, nə qədər lazımdır, istəsək
artıqlaması ilə. Necə ki, iyul ayında götürə bilərdik. Mən bunu
demişdim. İyul ayında biz rahatlıqla Ermənistan ərazisinə keçə
bilərdik, orada da torpaqları zəbt edə bilərdik. Heç kim bizim
qabağımızı ala bilməzdi. Bu döyüşlər onu göstərir. Eləmədik bunu,
qoymadım mən. Halbuki bizim hərbçilərimiz artıq hazır idi buna.
Qoymadım. Çünki siyasi iradə var. Biz qanunlar çərçivəsində
fəaliyyət göstəririk. Bizim başqa ölkələrin torpağında gözümüz
yoxdur. Amma öz torpağımızı heç kimə verməyəcəyik. Bəs nə oldu,
Paşinyan? Deyirdin ki, “Dağlıq Qarabağ respublikası” o cümlədən
işğal edilmiş bütün torpaqları əhatə edir. Bəs gəl müdafiə et
bunları. Niyə qaçırsan Moskvaya? Niyə zəng vurursan, dünya
liderlərinin beynini xarab edirsən? Daha kim qaldı ki, zəng
etməsin. Kim qaldı ki, zəhləsini tökməsin. Bir məsləhət verərdim
ki, bəlkə şamanlara zəng etsin. Onlar ona kömək etsin. Ya da ki,
hansısa uzaq adada yaşayan bir qəbilə başçısına zəng etsin, o, onun
canını qurtarsın. Necə deyərlər, lətifə personajına çevrilib. Açın,
sosial şəbəkələrə baxın, lağa qoyurlar, ələ salırlar, lətifələr
qoşurlar. Öz ölkəsini bu qədər rəzil edən, bəlkə də dünya
miqyasında ikinci adam olmayıb. Nəyə görə? Çünki gəlib başqasının
torpağında oturub, o torpaqdan çıxa bilmir.
Ona görə mən Azərbaycan xalqına üz tutub deyirəm, biz
torpaqlarımızı geri alacağıq. Mən xatırlayıram, Dağlıq Qarabağda
qanunsuz oturan və oradan çıxarılacaq dəstə başçısı Şuşa şəhərində
özünə “andiçmə” mərasimi keçirmişdir. O vaxt bu Azərbaycan
cəmiyyətində böyük rezonans yaratdı, yəni, çox böyük təsir etdi.
Biz bunu təhqir kimi qəbul etdik – biz hamımız, istisnasız.
Yadımdadır, mənə də çağırışlar olmuşdur ki, biz buna imkan
verməməliyik, biz oranı bombalamalıyıq, oranı dağıtmalıyıq. Əlbəttə
ki, mən buna gedə bilməzdim. Çünki bizim müharibəmiz mülki
vətəndaşlarla deyil. Ermənistandan fərqli olaraq, biz mülki
vətəndaşları atəşə tutmuruq. Ancaq biz bunu unutmamışıq. İndi
getsin onun and içdiyi mərasimin keçirildiyi binaya baxsın. Nə
gündədir o!
Biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik. Ona görə də bu gün
bizim uğurlu əməliyyatımız böyük nəticələrə gətirib çıxardı. Nəyi
necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı
mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri
görürəm, ölkəmizi inamla idarə edirəm, bütün sahələrdə, o cümlədən
hərbi quruculuq sahəsində.
Bir məsələyə də toxunmaq istəyirəm. Azərbaycan xalqı da bunu
vasitəçilərdən, bəzi beynəlxalq təşkilatlın rəhbərlərindən
dəfələrlə eşidib ki, bu münaqişənin hərbi həlli yoxdur. Mən isə
demişdim ki, bu tezislə razı deyiləm və mən haqlı çıxdım, mən! Otuz
ilə yaxındır danışıqlar aparılır. Bir məsələ yerindən tərpəndi? Bir
santimetr torpaq bizə danışıqlar yolu ilə verildi? Təcavüzkarı
məcbur etdilərmi ki, bizim torpağımızdan çıxsın, BMT Təhlükəsizik
Şurasının qətnamələrini yerinə yetirsin? Yox. Bəs, bu məsələ indi
necə həll olunur? Bu, hərbi yol deyilmi? Məhz hərbi yolla bu məsələ
həll olunur. Hərbi, ondan sonra siyasi. Bu əməliyyat olmasaydı, biz
təcavüzkara lazımi zərbələr endirməsəydik, onların dərsini
verməsəydik, indi o qaçardımı Moskvaya danışıqlar aparmaq üçün?!
Oturacaqdı özündən razı, deyəcəkdi ki, torpaqları vermirik. Biz
məcbur etdik onları. Biz onları elə günə saldıq ki, indi gizlənməyə
deşik axtarırlar, tapa bilmirlər. Oturublar, siçan kimi ağzına su
alıb susurlar. Bəs, hanı sənin hikkən?! Hanı sənin təkəbbürün?!
Hanı sənin “qəhrəmanlığın”?! Deyirdin “Qarabağ Ermənistandır”.
Qarabağ Azərbaycandır. Bunu hamı bilməlidir, o cümlədən bu gün
Ermənistanın başında oturanlar da bilməlidir. Mən onlara bir daha
deyirəm, əgər Moskva danışıqlarından sonra yenə də saxtakarlıq
edəcəklərsə, özləri peşman olacaqlar. Biz torpaqlarımızı geri
alacağıq – sülh yolu ilə, ya da ki, müharibə yolu ilə. Birmənalı!
Biz istəyirik ki, sülh yolu ilə bunu təşkil edək, sülh yolu ilə
bunu alaq. Ermənistana axırıncı şans veririk, axırıncı şans! Heç
kimə ümid bağlamasın. Heç kim onlara kömək etməyəcək. Bizim
qabağımızda Ermənistan acizdir. Bizim qabağımızda Ermənistan diz
çöküb. Bizim şəhidlərimizin ruhu qarşısında biz onları diz
çökdürmüşük. Şəhidlərimizin qanı yerdə qalmayıb. Mən dəfələrlə
şəhid ailələrinin nümayəndələri ilə, şəhid valideynləri ilə
görüşlərdə demişdim ki, biz onların qisasını alacağıq. Bizim
şəhidlərimizin qanı yerdə qalmayacaq və qalmır. Biz qan istəmirik.
Biz istəyirik torpaqlarımız bizə verilsin. Verilsin, uzatmasınlar
məsələni. Stasu-kvo deyilən məsələ yoxdur, qurtardı getdi.
Status-kvo belə olmalıdır, elə olmalıdır. Mən dəyişdirdim
status–kvonu, dəyişdirdim! Bax, orada, döyüş meydanında. Yoxdur
status-kvo. Təmas xətti, yoxdur təmas xətti. Yarmışıq onu. Onlar 30
il idi ki, qururdular bu təmas xəttini. Özü də o bölgənin relyefi
təbii istehkamdır. Biz aşağıdan yuxarı gedirik. Özü də 30 il
ərzində orada beton istehkamlar qurulub. Yarıb keçmişik. Azərbaycan
əsgərinin qabağında heç kim heç nə edə bilməz. Biz bu gün o təmas
xəttini darmadağın etdik. Yoxdur təmas xətti. İndi deyirlər yeni
təmas xətti olacaq. Olmayacaq! Biz torpaqlarımızı geri alacağıq.
Hansı təmas xəttindən söhbət gedə bilər?! Yoxdur bu, biz
dağıtmışıq, biz etmişik, iradə göstərmişik, güc göstərmişik,
xalqımızın iradəsinə arxalanmışıq və bu gün qələbə çalırıq. Tarixi
qələbə çalırıq! Bu qələbə Azərbaycan xalqının əldə etdiyi qələbələr
arasında ən parlaq qələbədir. Gələcəkdə bu qələbələr davam edəcək.
Biz torpaqlarımızı azad edəcəyik, ərazi bütövlüyümüzü bərpa
edəcəyik! Düşməni ondan sonra da qovacağıq. Mən bilirəm ki,
Azərbaycan xalqı mənim bu sözlərimi bəyənibdir. Qovacağıq onları
axıra qədər. Bayrağımız işğal edilmiş bütün torpaqlarda
qaldırılacaq, Azərbaycanın ərazi bütövlüyünü bərpa ediləcək.
Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!

